Rusiya-Ukrayna müharibəsi şiddətlənir: Kreml “B” planını işə saldı – TƏHLİL+FOTO
Təəssüflər olsun ki, Belarusda Pripyat çayının sahilində Rusiya-Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqda nəticə hasil olmadı. Təkcə bu barədə razılıq əldə edilib ki, tərəflər yenidən masa arxasına əyləşəcəklər. Həmin “vakuumda” isə tərəflər döyüşləri davam etdirərək bir-biri üzərində psixoloji, hərbi-siyasi üstünlük qazanmaq üçün səylərini davam etdirəcəklər.
Bunun ən aydın cizgilərini Rusiyanın Ukraynaya atdığı raketin yaratdığı dağıntının miqyasında görmək olar. Bəli, “Rusiya bu danışıqlardan sonra hərbi əməliyyatların ikinci fazasına keçdi” deyə bilərik, ilk dəfə Kiyevi ağır döyüş başlıqlı “İskəndər” raketi ilə vurdu.
Kiyevdən 20 kilometr aralıda baş verən partlayışın yaratdığı işıq və zərbə dalğasını müşahidə etmək belə perspektiv üçün daha həyəcanlı təəssüratlar yaradır.
Bu raket atışı Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığının, Putinin şərtlərinin müşayiətində baş verdi.
Putin israr edir ki:
1. Rusiyanın təhlükəsizlik maraqları qeyd-şərtsiz nəzərə alınsın, o cümlədən Rusiyanın Krım üzərində suverenliyi tanınsın,
2. Ukrayna dövlətinin demilitarizasiyası vəzifələri həll edilsin,
3. Ukraynanın neytral statusu təmin olunsun.
Kiyev üçün ağır şərtlərdir, amma Ukrayna hakimiyyəti dirəniş göstərməkdə qətiyyət nümayiş etdirir. Onun qətiyyətinə güc verən isə Qərbin, əsasən də, Britaniyanın hərbi dəstəyidir, ancaq vəziyyətin bu tempdə gedişatı müharibəni dayandırmaq əvəzinə, daha təhlükəli istiqamətlər yaradır.
Təkləndiyini görən, informasiya müharibəsində blokadaya alınan Rusiyanın bundan sonra hansı addımlar atacağını dəqiq söyləmək çətindir, hətta siyasi üfüqlərdə və hərb meydanında nüvə təhdidləri bərq vurmaqdadır.
Rusiya hədəflərinə çatmaq üçün hərbi taktikanı dəyişdirəcək, artıq atılan “İskəndər-M” raketinin ardından Moskvanın Belarus-Ukrayna sərhədindən 60 kilometr uzunluğunda yeni kolon cəmləşdirməsi də belə deməyə əsas verir - ən azından bu yöndə informasiyalar yayılmaqdadır.
Rusiyanın hərbi əməliyyatlarının ikinci dalğasındakı planların sxemini yalnız hərbi kəşfiyyat müəyyən edə bilər.
Bununla belə güman etmək mümkündür ki, Rusiya bu dəfə əvvəlki günlərdən fərqli olaraq köhnə silahları yox, nisbətən orta müasir silahları dövriyyəyə salacaq.
Hərçənd ki, indi Rusiya ordusu “Bayraktar”lar qarşısında aciz qalıb – bu da bir fakt olaraq qalır.
Rusiyanın xüsusi hərbi əməliyyatlar adı verdiyi təcavüz planının istədiyi şəkildə getmədiyi göz önündədir.
Buna görə də “B” planının işə salınması Kremldə aktuallıq qazanıb, bu, Moskvanın məyusluq və hövsələsizliyini kompensasiya etmək zərurətindən doğur.
Rusiyanın Ukrayna qarşısındakı şərtləri Kiyevə kompromis üçün yer qoymur, NATO ölkələrinin Ukraynaya hərbi dəstəyi isə Moskvadakı qəzəbləri alovlandıracaq.
Görünür ki, NATO da Rusiyaya qarşı siyasətini cilalamaq niyyətində deyil, ən azından buna görə ki, “İskəndər” raketləri NATO üçün də qırmızı cizgidir.
Gedişat bədbin proqnozlara köklənmək üçün əsaslar verir, nəticə olaraq Rusiyanın Ukraynaya hərbi əməliyyatları intensivləşəcək. Bu isə NATO-nun münaqişəyə cəlb olunmasını sürətləndirəcək, NATO birbaşa olmasa da, Ukraynaya hərbi dəstəyini davam etdirməklə münaqişə tərəfinə çevriləcək.