Ana Sayfa > Dünya > Türkiyədəki parlament seçkisində qalib kim olacaq?

Türkiyədəki parlament seçkisində qalib kim olacaq?


1-06-2015, 17:56. Yazar: admin
Türkiyədəki parlament seçkisində qalib kim olacaq?
İyunun 7-də Türkiyədə növbəti parlament seçkisi keçiriləcək. Seçkilərdə uğur qazanmaq üçün əsasən 4 partiya – hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP) və Xalqların Demokratik Partiyası (HDP) arasında qızğın rəqabət gedir.

Modern.az saytı Türkiyədə keçiriləcək parlament seçkisi ilə bağlı bir sıra partiya nümayəndələrindən münasibət öyrənib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:

“Təəssüflər olsun ki, Türkiyədə proses təkpartiyalı siyasi sistemə doğru gedir. Faktiki olaraq hakimiyyətin bütün qurumları bir partiyanın nəzarəti altındadır. Bu da istər-istəməz Türkiyənin demokratiyadan uzaqlaşmasına gətirib çıxaracaq.

Bu seçkilərin nəticəsində AKP-nin hakimiyyətdən getməsi Türkiyəyə yaxşı şeylər vəd eləmir. Çünki sərhədlərində yerləşən ölkələrdə - İraqda və Suriyada ciddi proseslər və müharibələr gedir. Türkiyənin daxilində də vəziyyət gərgindir. Ona görə də AKP-nin hakimiyyətdən getməsi düzgün olmazdı. Amma, hər halda, ən azı parlamentin praktiikasında müəyyən dəyişiklik olmalıdır ki, tək partiyalı seçki təşəkkül tapmasın. Yəni AKP müəyyən miqdarda daha az səs toplamalıdır ki, müxalifətin də səs vermədə iradəsi nəzərə alınsın. Hər şeyi Türkiyə xalqı müəyyən edəcək. Fikrimcə, budəfəki seçki də qaçılmaz olacaq. Amma buna baxmayaraq, həmişəki kimi AKP qalib gələcək”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev:

“Biz 6 türk dövlətinin hamısında hər şeyin yaxşı olmasını arzulayırıq. Bu bizim arzumuz ola bilər. Amma millətin siyasi iradəsinə qarışa bilmərik. Türkiyədə də millət iradəsini ortaya qoyub kimi seçəcəksə, hansı partiyaya üstünlük verəcəksə, biz də xalqın iradəsinə hörmətlə yanaşacağıq. Türkiyədə demokratik seçkinin olmasını və milləti təmsil edən ən yaxşı üzvlərin parlamentə seçilməsini arzulayırıq.

Mən seçki ilə bağlı proqnoz vermək istəmirəm. Hesab edirəm ki, AKP güclü partiya olduğu üçün qalib gələcək. Ola bilər ki, bu seçkidən sonra koalisiya da qurulsun. Yəni əvvəlki kimi təkbaşına idarəetmə olmaya bilər. Amma hakim partiyanın seçkidə uduzmaq ehtimalı çox minimumdur. Məncə, AKP qalib gələcək”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı:

“Nəticələrdən asılı olaraq bütün hallarda bizim üçün önəmli olan türk xalqının seçimidir. Biz onların seçiminə hörmətlə yanaşırıq. Böyük ehtimalla, indiki parlamentdəki nisbət müəyyən dəyişmələrlə əsasən sabit qalacaq. Yəni AKP-nin bu seçkidə də üstünlük qazanacağı ehtimalı daha realdır”.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah:

“Türkiyədə 50 ildən çoxdur demokratik seçkilər keçirilir. Türkiyədə tam bərabər şəraitli yarış mühiti var. Əsasən 3 partiyanın və bu dəfə seçkiyə yeni qoşulan HDP-nin gərgin mübarizəsi gedir. Seçkinin nəticəsi demokratik olacağına görə kimin qalib gəlməsini xalq müəyyən edəcək. Fikrimcə, ən azı 3 partiya - AKP, CHP və MHP parlamentdə təmsil olunacaq. AKP-nin təkbaşına hökumət qurmaq ehtimalları azalır. Amma ola bilər ki, AKP təkbaşına hökumət qura bilsin. Əgər AKP 40 faizdən yuxarı səs ala bilsə, , o zaman təkbaşına hökumət qurmaq ehtimalı var. Amma 4-cü partiya parlamentə düşərsə, bu dəfə Türkiyədə koalisiyan hökumətin qurulması ehtimalları artacaq”.

Geri dön