Ana Sayfa > Dünya / Hadisə > Nyu-Yorkda 120 illik boru partladı: Metro stansiyası su altında qaldı
Nyu-Yorkda 120 illik boru partladı: Metro stansiyası su altında qaldı31-08-2023, 08:44. Yazar: admin |
ABŞ-nin Nyu-York şəhərində Tayms Skver meydanı altında 120 illik su borusu partlayıb. Nəticədə şəhərin ən işlək metro stansiyalarından birini su basıb. Bu barədə yerli hakimiyyət orqanları məlumat verib. Məlumata görə, Manhettendə metronun “Seventh Avenue” stansiyasının ərazisində yarımmetrlik boru partlayıb. Qəza nəticəsində metroya 6,8 milyon litrdən çox su daxil olub. Qırıq borunun altından keçən xətlərdə vaqonların hərəkəti müvəqqəti dayandırılıb. Hazırda bu xətlərdə hərəkətin tam bərpa edilib-edilmədiyi barədə rəsmi məlumat yoxdur. Şəhər nəqliyyat sisteminin sözçüsü Riçard Deyvinin sözlərinə görə, pik saatlarda bu xətt üzrə təxminən 300 min sərnişin hərəkət edir. Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları borunun qırıldığı yeri aşkar edərək su axınının qarşısını alıblar. Bununla belə, sosial şəbəkələrdə yayımlanan videolarda su axınının havalandırma barmaqlıqları vasitəsilə Tayms Skver meydanına necə çıxdığı əks olunub. İddia edilir ki, Nyu-Yorkda su təchizatı şəbəkələrinin uzunluğu 10 min km-dən çoxdur. Son üç ildə hakimiyyət orqanları 19-cu əsrdə çəkilmiş çuqun su borularının modernləşdirilməsinə 1,9 milyard dollar xərcləyib. Belə boruların xidmət müddəti isə orta hesabla 120 ildir. Geri dön |