Ana Sayfa > Dünya > “Türkiyə heç vaxt türkmən kartından istifadə eləməyib”
“Türkiyə heç vaxt türkmən kartından istifadə eləməyib”10-01-2017, 07:48. Yazar: admin |
Türkiyənin baş naziri Binəli Yıldırım, ikitərəfli münasibətlər gərginləşdiyi bir vaxtda, gözlənilmədən İraqa rəsmi səfər etdi. Hansı ki, bir-iki həftə öncə İraq hökuməti Türkiyəni müharibə ilə hədələyirdi. Amma İraqın baş naziri Heydər əl-İbadi türkiyəli həmkarını əziz qardaşı kimi qarşıladı - ən yüksək səviyyədə. Yıldırım nəinki İbadi, hətta bu ölkədəki türkmən icmasının liderləri ilə də bir araya gəlib, sonra da Ərbilə - Kürdüstan muxtariyyətinin lideri Məsud Bərzani ilə görüşə gedib. Sevindirici hadisədir: Türkiyə bölgənin ən iri dövləti kimi qonşuları ilə münasibətləri inkişaf etdirmək əzmindədir və İraq rəsmiləri də keçmiş səhvlərini bir yana qoyub Ankaraya əl uzadır. Biz də bu xoş hadisənin mahiyyətinə işıq salmaq üçün İraq türkmənlərinin siyasi öndərlərindən olan Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya ilə söhbətləşdik. Gəlin müsahibəyə birlikdə nəzər yetirək. - Türkiyə-İraq əlaqələrindəki soyuqluq hər iki ölkənin Suriyaya dair siyasətindən dolayısı yaranmışdı. Ankara Bəşər Əsəd iqtidarını devirmək istəyir, İraq hakimiyyəti isə əksinə, onu dəstəkləyir. Ancaq Türkiyə - Rusiya ittifaqı möhkəmlənəndən sonra Ankaranın Suriya siyasəti hiss olunan səviyyədə dəyişib. Bu səbəbdən də başda İran və müttəfiqi Bağdad hökuməti olmaqla İraqın Türkiyəyə münasibətləri isinib. Məncə Türkiyə hökuməti bundan istifadə edərək İraqla əlaqələri düzəltməyə başlayıb. Türkiyənin yürütdüyü belə müsbət siyasət bölgəmizdə məzhəb faktorlarının təsirini böyük ölçüdə aradan qardırdı. Qərb islam dünyasında məzhəb müharibəsi başlatmaq istəyir və bunun üçün hər cür təxribatlara əl atır. O cümlədən, İŞİD də bu niyyəti reallaşdırmaq üçün bir vasitədir. - Dünənədək Heydər əl-İbadi Türkiyə ilə az qala müharibə edəcəklərini bəyanlayırdı. Amma bu gün Binəli Yıldırımı əziz qardaşı kimi qarşıladı. Sizcə nə baş verir: türk ordusu hələ də Başikadadır, Mosulun xilas edilməsi əməliyyatında isə Ankara iştirak eləmir. Yəni nə Bağdadın tələbləri yerinə yetirlib, nə də Türkiyənin. Bu halda ola bilərmi ki, bu iki ölkənin anidən yaxınlaşmasına xarici güclər təsir göstərib? – Türkiyə ilə İraq arasındakı Başika problemi, əslində, texniki xüsusiyyətli idi və səbəbləri də fərqlidir. Türkiyə hökuməti Başikadakı qüvvələri ilə heç də İraqı işğal eləmək deyil, Mosulun İŞİD-dən azad olunmasına töhfə vermək üçün saxladığını dəfələrlə bildirib. Üstəlik, Türkiyə tərəfi bildirib ki, İŞİD təhlükəsi aradan qalxandan sonra Başikadakı qüvvələrini də geri çəkəcək. Görünür, rəsmi Bağdad Ankaraya tam inandığı üçün bu görüşdə əvvəlki tələblərini dilə gətirməyib. - Siyasi, iqtisadi və ticari əlaqələri inkişaf etdirmək üçün tərəflər arasında çox sayda razılaşma imzalandı. Amma bu qərarlardan ən önəmlisi İbadinin "Biz Türkiyə ərazisindən keçəcək neft ixracının həcmini artırmaq istəyirik" söyləməsidir. Hansı ki, Ankaranın istədiyi də elə budur - İraq neftini öz ərazisindən tranzit eləməklə həm valyuta qazanmaq, həm də satışa dolayısı yolla nəzarət eləmək... - İraq hökuməti ölkənin şimal rayonlarında yerləşən neft yataqlarına və onu ixrac edən kəmərlərə tam hakim deyil. Bu səbəbdən də Bağdad deyil, Ərbil kürd rəhbərliyi ixraca nəzarət elədiyi üçün İraq Türkiyə ərazisindən keçən borulara lazımi miqdarda neft vura bilmir. Yəni bu müstəvidə problemlər Türkiyə ilə bağlı deyildi. Borulara vurulan neftin həcmini artırmaq hər iki ölkənin iqtisadi maraqlarına cavab verir. Bu yerdə qeyd edim ki, İraq neftini Türkiyə ərazisindən dünya bazarına çıxaran kəmərlər əlli ildən artıqdır ki, mövcuddur. - Maraqlıdır, bəlkə də Səddam Hüseyn devriləndən sonra ilk dəfədir Türkiyənin baş naziri İraqa səfəri çərçivəsində bu ölkədə yaşayan türkmən əhalinin siyasi liderləri ilə bir araya gəldi. Bu yerli anti-türkmən qüvvələrdə qıcıq yaratmadımı? - Hesab edirəm ki, Türkiyənin türkmən siyasətindən nə İraq hökuməti, nə kürd rəhbərliyi, nə də İran narahatdır. Çünki Türkiyə heç vaxt türkmən kartını qarşı tərəflərə təzyiq vasitəsi kimi isrifadə eləməyib. Əslində Səddamdan sonrakı dövrdə türkiyəli rəsmilərin İraqa səfərləri zamanı keçirilən görüşlərdə türkmən liderlər də iştirak edib və həmişə də bu proseslərə normal yanaşılıb. Türkiyə hər zaman olduğu kimi bu dəfə də türkmənlərə tövsiyyə edib ki, İraqın ərazi bütünlüyü çərçivəsində hərəkət etsinlər. Bununla yanaşı, müzakirə çərçivəsində Türkiyənin türkmənlərə humanitar və mədəni xarakterli yardımlar göstərməsi, İŞİD-dən geri alınmış türkmən yaşayış məntəqələrinin yenidən qurulmasına dair razılıq da alınıb. - Çox maraqlıdır: İbadi hökuməti Yıldırımın türkmən liderlərlə görüşünü necə qiymətləndirdi və ümumiyyətlə, görüşdə İbadinin təmsilçisi də iştirak edirdimi? - Bağdadda keçirilən görüşlərdə iki ölkə xalqı, eləcə də bölgəmizin gələcəyi baxımından müsbət və xeyirli nəticələrə qapı açıldı. Bu iki ölkə bir-biri üçün çox önəmlidir. Bildiyim qədər hər iki dövlətin hakimiyyəti görüşlərin nəticəsindən məmnun və ümidlidir. Biz türkmənlər də razıyıq, Türkiyə ilə milli, İraqla isə huquqi bağlarımızdan dolayısı iki dövlər arasından münasibətlərin düzəlməsini səbrsizliklə gözləyirdik. - Baş nazir Yıldırım Bağdad təmaslarını başa vurar-vurmaz Ərbilə uçaraq Bərzani ilə görüşdü. Bu səfərin Bağdad və Ankaranın siyasi maraqları baxımından məqsəd və faydası varmı? - Türkiyə dövləti Bağdad - Ərbil əlaqələrinin də normallaşmasına çalışır. Ankarada hesab edirlər ki, Bağdadın Kürdüstan muxtariyyətinin rəhbərliyi ilə təmasları artırması İraqın gələcəyi üçün çox vacibdir. - Türkiyə hökumət başçısının Bağdad və Ərbildə müzakirələrinin əsasında PKK-ya qarşı ciddi mübarizə aparmaq məsələsi vardı. Bilirsiniz ki, indiyədək Türkiyə torpaqlarında törədilən terror aktlarının ssenariləri Qəndildə hazırlanıb. Amma indi terrorçular Sincarda da toparlanmağa səy göstərirlər. Necə bilirsiniz, İbadi – Bərzani cütlüyü İraq-Türkiyə sərhədlərinin tam təhlükəsizliyini təmin edə biləcəkmi? - Ankara – Ərbil danışıqlarının əsasında PKK və İŞİD-lə mübarizə, ticari əlaqələri genişləndirmək kimi məsələlər dayanıb. Türkiyə Sincar bölgəsində ikinci Qəndilin yaranmasına qətiyyən icazə verməyəcək və bunu dəfələrlə bütün dünyaya bildirib. Hətta xatırlayırsınızsa, Ankara bəyan edib ki, İraq ordusu və ya Peşmərgə qüvvələri Sincarı PKK-dan azad edə bilməsə, bu məsuliyyəti öz üzərinə götürəcək. Biz türkmənlər də arzu edirik ki, İraq torpaqları ən qısa zamanda PKK və İŞİD-in tapdağından azad olunsun. İraq hökumətinin bu müstəvidə qonşu ölkələrin dəstəyinə ehtiyacı böyükdür. Düşünürəm ki, ölkəmizin gələcəyi naminə Bağdad-Ərbil əlaqələri normal inkişaf etməlidir və məsələdə Türkiyənin köməyinə də ehtiyac var. Türkmənlərə gəlincə, biz iki il əvvəl öz milli istəklərimizi əks etdirən tələbləri Ərbil hökumətinə təqdim eləmişik, amma indiyədək heç bir cavab verilməyib... Geri dön |