Ana Sayfa > Cəmiyyət / Manşet > Məmurların Bakının mərkəzindəki milyonları “batır”

Məmurların Bakının mərkəzindəki milyonları “batır”


24-10-2015, 12:20. Yazar: admin
Məmurların Bakının mərkəzindəki milyonları “batır”
“Bağlanırıq”, “Mağaza bağlanır, tələsin”, “Endirimlər 80%-ə qədər”. Bunlar son günlər mağazaların üzərində gözümüzün alışdığı yazılardır. Bəs bu mağazalar alıcını niyə tələsdirir? Niyə bağlanırlar?
"Bağlanan mağazalar yerini yeni ünvana, fərqli mağazalara verəcəkmi" sualı alıcılar qədər bizim də marağımıza səbəb oldu.
Paytaxtda mağazaların bağlanma səbəbini öyrənmək üçün şəhərin müxtəlif istiqamətlərinə üz tutduq.
Nizami metrosundan “Tarqovı” (Nizami küçəsi), İçərişəhər istiqamətinə doğru irəlilədikcə rastımıza çıxan üzəri “arendaya verilir” yazılı kilidli qapılar, örtüklü şüşələr kifayət qədərdir.
Qapısı bağlı olanlar müxtəlif geyim mağazaları, ərzaq dükanları idi. Bağlanmağa hazırlaşan bəzi mağazaların satıcıları səbəbdən xəbərsiz olduqlarını, müdiriyyətin göstərişi ilə mallara 50 faizdən 70 faizə qədər endirim etdiklərini bildirsələr də, bəziləri müxtəlif qurumlar tərəfindən əsassız cərimələri, yoxlamaları səbəb gətirdilər.
Qeyd edək ki, Milli Məclis sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun qəbul edib. Qanuna əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
Reportajımız zamanı mağazalarda alıcıların az olduğunu, gözə dəyən alıcıların da, sadəcə, baxmaq üçün gəldiklərini müşahidə etdik. Alıcılarla söhbət zamanı dedilər ki, mağazalarda endirim reklamları qoysalar da, satılan mallar büdcələrinə uyğun deyil: “Baxırıq endirimdir, gəlirik, amma qiymətlər çox baha olur. Satışda olan malları yazılan qiymətə də dəymir”.
Digər mağazada rastlaşdığımız başqa bir alıcı isə imkansızlıqdan satışda olan mallara, sadəcə, baxmaqla kifayətləndiyini bildirdi: “Onların mağazası, bizim də cibimiz bağlanıb. Alış-veriş etməyə imkan yoxdu”.
Elə mağazaların satıcıları da endirimlərə baxmayaraq, satışın zəif olduğunu bildirdilər.
“Unikal” olaraq qeyd edək ki, Bakının mərkəzindəki əksər mağazalar, xüsusilə dünyanın bahalı brendlərinin satıldığı dükan və butiklərinin bir çoxu məmurlara aiddir. Artıq belə dükan və butiklərin də bağlanmaq təhlükəsi ilə üzləşdiyi barədə xəbərlər gəlməkdədir.
Alıcı qıtlığı vaxtilə məmurların milyonlar qazandığı mağazaların böhrana düşməsinə səbəb olub, hətta cari xərcləri qarşılamaq imkanlarını belə mümkünsüzə çevirib.
Hələ avqust ayında bəzi KİV-lər yazırdılar ki, Bakının mərkəzindəki bahalı geyim dükanları kütləvi şəkildə bağlanır. O vaxt bildirilirdi ki, dükanlar əllərindəki mallardan xilas olmaq üçün kütləvi satışa başlayıb.
Bunun ardınca növbə brend mağazalara - butiklərə çatıb. Belə ki, yenə avqustda yayılan xəbərə görə, Zərifə Əliyeva küçəsində (Hökumət Evinin arxasında) yerləşən bir neçə butik artıq fəaliyyətini dayandırıb.
Artıq iki həftədir Bakının Səməd Vurğun, Rəsul Rza, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli kimi mərkəzi küçələrində fəaliyyət göstərən brend geyim mağazaları fəaliyyətini dayandırması və bu obyektlərin üzərində “icarəyə verilir” tipli elanların asılması daha da sürətlənib. Müştəri qıtlığı və böhranla üzləşib fəaliyyətini dayandıran bu mağazaların sırasına az qala hər gün yeniləri qoşulur. Təkcə brend mağazalar yox, başqa bir çox iaşə obyekti də qapılarını birdəfəlik bağlamalı olub.
Fəaliyyətini dayandıranlar arasında geyim mağazalarından tutmuş kafe, çayxana, optika və gözəllik salonları, toy təşkilatçılığı ilə məşğul olan şirkətlər, turizm şirkətləri daxildir.
Səbəblər müxtəlifdir. Amma fakt budur ki, mağazaların bağlanması halları əsasən bu ilin əvvəlində manatın devalvasiyasından sonra artıb. İaşə obyektlərinin fəaliyyətini dayandırması da devalvasiyadan sonraya təsadüf edir.
Məsələn, Zorge parkının yanında yerləşən gəlinlik paltarı mağazasını misal çəkmək olar. Obyekt sahibi bir neçə gün əvvəl virtualaz.org saytının müxbiri ilə söhbətində mağazanın 4 aydır ki, fəaliyyətini dayandırdığını bildirib.
Rəşid Behbudov küçəsində yerləşən digər bir obyektin sahibinin sözlərinə görə isə həmin yerdə əvvəl turizm şirkəti olub. 8 ildən çox fəaliyyət göstərən şirkət 5 ay əvvəl bankrot olub.
Ceyhun Hacıbəyli küçəsində yerləşən və əvvəllər gözəllik salonu olmuş obyektin sahibi isə buranın 2 ay əvvəl fəaliyyətini dayandırdığını bildirdi.
Hamısında da səbəb əsasən eynidir - müştəri qıtlığı.
Nəzərə alsaq ki, bağlanan mağaza və butiklərin, eləcə də digər ticarət və iaşə obyektlərinin bir çoxu vəzifəli şəxslərindir, onda məmurların biznesinin həqiqətən də qara günlərini yaşadığını əminliklə demək olar.

Geri dön