Ana Sayfa > Cəmiyyət / Manşet > “48 milyon manatlıq korrupsiya” əhvalatı yenidən gündəmə gətirilə bilər

“48 milyon manatlıq korrupsiya” əhvalatı yenidən gündəmə gətirilə bilər


8-09-2015, 12:00. Yazar: admin
“48 milyon manatlıq korrupsiya” əhvalatı yenidən gündəmə gətirilə bilər
Məlum olduğu kimi Arif Əsgərovun hələ “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsini daşıdığı illərdə, bu məmurun fəaliyyətinə qarşı mütəmadi olaraq ciddi iradlar irəli sürülürdü. Məsələn, belə iradlara əsas verən səbəblərdən biri kimi, 2014-cü ilin yanvar ayında qatar bələdçilərinin keçirdikləri etiraz aksiyalarını göstərmək olar. Həmin vaxt böyük ictimai rezonansa səbəb olmuş həmin aksiyanın iştirakçıları, özləri vəziyyəti belə təsvir edirdilər: “Son çıxış yolumuz aclıq aksiyasıdır. Əgər belə etməsək, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi problemi həll etməyəcək. Bizim bundan başqa yolumuz qalmır. Bizim tələblərimiz yerinə yetirilənə qədər bu etirazlar davam edəcək. Qoy bütün dünya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin dəmiryolçulara neçə qan uddurduğunun şahidi olsun. Bilsinlər ki, gecə-gündüz fasiləsiz işləyən Azərbaycan dəmiryolçuları hansı əzabları çəkirlər və onlara hansı qiymət verilir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dövlətin qanunları ilə işləmir. Arif Əsgərov və onun adamları bu qurumu öz qanunları ilə idarə edir. İstənilən vaxt ixtisarlar edirlər, istənilən vaxt işçilərin əmək haqlarını kəsirlər, işdən çıxarırlar və sair. Hər il onlarla ailələri ac qoyan bu adamlar nə düşünür və kimə arxayındırlar?. Biz onsuz da heç nə itirmirik. Çünki artıq itirdiyimizi itirmişik. Ya hüquqlarımız bərpa olunacaq, əvvəlki rejimdə işləyəcəyik, ya da sonadək aclıq aksiyasını davam etdirəcəyik. Onsuz da bizi sındırıblar, aclıq aksiyasından başqa çarəmiz yoxdur. Etiraz aksiyası keçirib yolları bağlayanda bizi təxribat adı ilə hədələyib həbs edəcəklərini bildirirlər. Ona görə də, hamımız aclıq aksiyası keçirməyə, canımıza qəsd etməyə qərar vermişik. Bu qədər özbaşınalıq olmaz. Bu dövlətin qurumudur və dövlət qanunları ilə işləməlidir. Arif Əsgərovun şəxsi obyekti deyil...” Amma bu hadisə Arif Əsgərovun insanları aksiyalara təhrik etdiyi yeganə hal deyildi. Məlum “48 milyonluq mənimsəmə” olayında da bir qrup sahibkar belə bir addım atmaq həddinə çatdırılmışdılar. Həmin vaxt “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynovun sahibkarlardan kredit şəklində aldığı 48 milyon manat, Arif Əsgərovun oğlu Elnar Əsgərovun rəhbəri olduğu şirkətə verilmişdi. Rahib Hüseynovun qardaşı Emin Hüseynov isə ölkədən qaçmışdı. Bundan sonra sahibkarlar Arif Əsgərovdan pullarını tələb edərək bildirmişdilər ki, onların pulları qaytarılmasa, aksiyalara başlayacaqlar.Göndərilən məktubda qeyd olunurdu ki, sahibkarlar A.Əsgərova ünvanladıqları xəbərdarlıq mesajlarında idarə rəisinin bu pulu qaytarmaq üçün böyük imkanlarının olduğunu bildiriblər və onun bir sıra obyektlərinin və mülklərinin siyahısını da mesajlarına əlavə ediblər. Həmin siyahı redaksiyamıza göndərilən məktuba da əlavə olunmuşdu: “Bir daha qeyd edirik ki, 48 milyon manatlıq korrupsiyanın başında birbaşa Arif Əsgərov dayanır. Bizdə olan məlumatlara görə, Arif Əsgərov rüşvətlə bir sıra dövlət qurumlarını və başqa dairələri susdurmaqla bu məsələni gündəmdən çıxarmağa çalışır. Sahibkarların isə pulunu vermək istəmirlər. Arif Əsgərov istəsə həmin pulu bir saatın içərisində qaytarar. Onun Novxanıda hərəsinin dəyəri milyon dollarla ölçülən 3 bağ evi, “Vorovski”də 4 villası (onun özünün və qohum-əqrəbasının villaları bu qəsəbədə bütöv bir küçəni əhatə edir), şəhərin mərkəzində yeni tikilmiş binalarda 6 evi, Londonda, İstanbulda mülkləri, Azərbaycanın müxtəlif rayonlarında rezidensiyaları var. Bunlar yalnız onun evlərinin tam olmayan siyahısıdı...” Maraqlıdır ki, bütün bu etiraz və aksiyaların nə bir müsbət nəticə verdiyini, nə də tam nəticəsiz qaldığını söyləmək olmur. Məlum olduğu kimi bu ilin əvvəllərindən Arif Əsgərov yeni vəzifəyə, Nəqliyyat nazirinin müavini vəzifəsinə təyin olundu. Yəni, hər halda Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin kollektivi bu məmurun əsarətindən qurtuldu. Digər tərəfdən isə, Arif Əsgərovun özünün də bu işlərdən ziyanla çıxdığını demək olmaz. Aldığımız məlumata görə, bu məmurun həm də qeyri-leqal maliyyə bazarında kifayət qədər böyük məbləğdə vəsaitləri dövr etməkdədir. Mənbə bildirir ki, bu gün Arif Əsgərovun xüsusi adamlar vasitəsilə yalnız faizə verdiyi pulların məbləği 1 milyon manat civarındadır. Amma təqdim olunan açıqlamalarda bu da vurğulanır ki, yuxarı dairələrdə bu mövzu hələ heç də tam qapanmayıb. Ola bilsin ki, yaxın vaxtlarda nazir müavinindən son bir neçə ildə bütün baş verənlərin hesabı sorulsun...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri dön