Ana Sayfa > Cəmiyyət / Manşet > Sabiq komitə sədri milyonlara hansı yolla sahib çıxıb?

Sabiq komitə sədri milyonlara hansı yolla sahib çıxıb?


8-07-2015, 12:38. Yazar: admin
Sabiq komitə sədri milyonlara hansı yolla sahib çıxıb?
Keçmiş Yanacaq Komitəsinin sədri, Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin sabiq rəisi, YAP-ın Səbail rayon təşkilatının idarə heyətinin üzvü Rizvan Vahabovla vətəndaşlar-

Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamiq Əhmədov, Əhliman Alıyev və Adil Kazımov arasında uzun müddətdir ki, məhkəmə çəkişməsi davam edir. Adları çəkilən vətəndaşlar iş adamını onların mülkiyyət hüququnu pozmaqda və haqlarını tapdalamaqda ittiham edirlər. Qeyd edək ki, son günlər bəzi mətbuat vasitələri Rizvan Vahabovun müdafiəsinə qalxıblar, onun xeyrinə yazılar dərc edirlər. Sakinlər həmin yazılarda qeyd olunan məqamlarla razılaşmayaraq Prezident Administrasiyasının, Mətbuat Şurasının, Ədliyyə Nazirliyinin, Respublika Prokurorluğunun və Milli Məclisin rəhbərliyinə müraciət ediblər. Şikayətçilər müraciətin bir nüsxəsini də redaksiyamıza göndəriblər: "Bir neçə gün əvvəl qəzetlərdən birində "Rizvan Vahabov onun düz işini əyri təqdim edənlərə ləyaqətlə cavab verdi", "Anna Qoloveşkinanın mülkiyyətinə sahiblənmək istəyən 7-lərin Rizvan Vahabova qarşı yeni şantaj taktikası" başlıqlı guya ki, araşdırma yazısı dərc olunub. Bu yazıları oxuduq və düşünməyə başladıq. Əcəba bu yazıları yazan jurnalistdir, yoxsa Rizvan Vahabovun özü. Baş vermiş hadisələri həmin jurnalist elə ötkəmliklə qələmə verməyə çalışır ki, guya bütün bunlar Rizvan Vahabovun deyil, onun başına gəlib. Heç yazmır ki, söylədikləri bu yuxuyozmaları ona kim öyrədir. Biz ən azından öz adımızı, soyadımızı bütün məktublarımızda qeyd edirik. Dediklərimiz haqda bütün hüquqi sənədləri lazım olan qurumlara göndərməyi bacarırıq. Görəsən Rizvan Vahabovu müdafiə edənlər hansı mənbə ilə işləyir? İş adamı qanunsuz və saxta müqavilə təqdim edir ki, baxın bunu "Volbak" MMC, yəni mənim şərikim verib. Əgər bunun bir qüvvəsi varsa, getsin şərikindən izahat tələb etsin. Biz başa düşmürük bu insan axı bizdən nə istəyir. Vətəndaşlar az qala hər gün mənzil bazarındakı fırıldaqla üz-üzə qalır. Rizvan Vahabov bütün bu qanunsuzluqların yaradıcısı və iştırakçısıdır. Biz Azərbaycan vətəndaşları dərdimizi kimə deyəcəyimizi bilmirik. Deyirlər ki, Rizvan Vahabov az qala dahidir və bu dövlətin qurucularındandır. Bu dövlətə, dövlətimizin yürütdüyü siyasətə sədaqətlidir. Əslində belə deyil. İş adamı vəzifədəki dostlarının və yüksək əlaqələrinin sayəsində bizim hüquqlarımızı pozub. Dövlətini sevsəydi, onun vətəndaşını incitməzdi. O iddia edir ki, guya Əmlak Məsələləri Dövlət Komitəsi saxtakarlıq edərək bizə çıxarış verib, Fövqəladə Hallar Nazirliyi qanunu pozmaqla rəy verib, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi guya hansısa səbəbdən obyektiv araşdırma aparmayıb. Sabiq idarə rəisi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin qərarından Binəqədi Rayon Məhkəməsinə şikayət edib. Amma burda da sənədin əsassız olması barədə qərar çıxarılıb. Daha sonra Rizvan Vahabov həmin qərardan apellyasiya şikayəti verib. Lakin yenə də saxta mövqeyi müdafiə olunmayıb. Bütün mətbuat vasitələri yazıb ki, bu adam öz partiya yoldaşlarının etimadını qazanmadan, onların xeyir-duasını almadan deputat olmaq istədi. Seçki zamanı onun topladığı imzaların bir hissəsi etibarsız sayıldı. Həmçinin sahibi olduğu əmlak haqda düzgün məlumat verməmişdi. Rizvan Vahabov, gəlin daşı ətəyinizdən tökün, xalqı aldatmayın. Yaxşı ki, söz azadlığı var və biz dərdimizi yuxarı orqanlara çatdıra bilirik". Şikayətçilər müraciətlərində yazır ki, yaxın keçmişə qədər bu adamın heç nəyi olmayıb: "Amma Yanacaq Komitəsinin sədri, Neft Kəmərləri İdarəsinin rəisi işləyəndən sonra onun var-dövləti birdən-birə artmağa başlayıb. Sual edirik, Qax rayonundakı, Badamdar qəsəbəsindəki villalar, Nabrandakı istirahət mərkəzləri, bahalı maşınlar sizdə hardandır? Rizvan Vahabovu müdafiə edən qəzetlərin əməkdaşları özləri də maraqlı sual qoyublar ki, nə üçün indiyə kimi sabiq məmurdan törətdiyi əməllər barədə heç nə soruşmayıblar. Yazını hazırlayan jurnalist Rizvan Vahabovdan soruşmaq əvəzinə, bizdən soruşur ki, bu qədər pulu hardan qazanmısınız. Görün, iş adamı nə qədər arxayınlaşıb ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin araşdırması ilə tanış olmadan deyir ki, burada obyektiv araşdırma aparılmayıb. Onun vəkilləri 80 yaşlı Anna Qoloveşkinanın adından harda gəldi ifadə verirlər. Məhkəmədə deyirlər ki, guya Anna Qoloveşkina pulu çantasında nağd şəkildə gətirib və ödəyib. Sonradan isə bu barədə verilən ifadə dəyişdirilib. Ki, həmin obyektləri şirkəti aldadaraq dövlətə məxsus onun istifadəsində olan torpaq sahəsi ilə barter edib. Hansı ki, bunu etməyə hüququ olmayıb. Əgər belə olubsa da, müqavilədə bununla bağlı heç nə qeyd edilməyib. Biz bütün sənədləri lazımi orqanlara təqdim etməyə hazırıq. Rizvan Vahabovun qayınanası qanunlara riayət edən biri kimi qələmə verilir, ondakı sənədlərin tam qanuni olması göstərilir. Doğrudan da, Rizvan Vahabov dövlətini və onun qanunlarını sevən insandırsa, nə üçün həmin obyektləri alarkən dövlətin qanuni vergisindən yayınmağa çalışırdı? Sabiq məmurun əlindəki sənədlərin saxta olduğu sübut edilib. Buna baxmayaraq, bəzi mətbuat vasitələri iş adamını müdafiə edir. Yəqin ki, bu işdə hansısa maraqları var. Biz həmin yerləri alarkən dövlətimizin bütün qanunlarına riayət etmişik. Əlimizdə çıxarışlar var, notarius və bank vasitəsilə alqı-satqı edib vergi ödəmişik. Bütün bunlara rəğmən, keçmiş məmur dövlət idarələrini saxtakarlıqda ittiham edir. Bizim İlham Əliyev kimi prezidentimiz var, onunla fəxr edirik. Nə qanunsuz yollarla milyonlara sahib olmuş Rizvan Vahabov, nə də onun havadarları bizi haqq yolumuzdan çəkindirə bilər. Qanun həm kasıb, həm də milyonçu keçmiş məmur üçün eynidir. Rizvan Vahabov sənədlə bizə məxsus olan mülklərimizi əlimizdən ala bilməyəcək. İnanırıq ki, ölkə rəhbərliyi tezliklə səsimizi eşidəcək və haqqımızı pozmuş Rizvan Vahabov layiq olduğu cəzanı alacaq". Bu arada, özəl mənbələr sabiq idarə rəisinin biznes şəbəkəsi haqda redaksiyamıza maraqlı məlumatlar açıqlayıb. Məlumatda bildirilir ki, keçmiş komitə sədri Qaxdan Zaqatalaya gedən yolun üstündəki köhnə pavilyonu sökdürərək yerində özünə beş mərtəbəli otel və restoran tikdirib: "Bu obyektin tikintisinə külli miqdarda vəsait sərf edilib. Otel Anna Qoloveşkinanın adına sənədləşdirilib. Obyektin təxminən yüz metrliyində iş adamına məxsus su sexi yerləşir. Qaxın çıxacağında, daha dəqiq desəm, İlisu yolunun üstündə "Azərittifaq"a məxsus pavilyon var idi. Rizvan Vahabov buranı özəlləşdirməyi bacardı. O pavilyonla üzbəüz 3 hektara yaxın ərazidə möhtəşəm villa tikdirib. Bundan başqa, onun Nabranda bir neçə villası, istirahət mərkəzləri, Qubada Qəçrəş yolunun üstündə iri torpaq sahələri, Badamdarda yan-yana 3 villası, paytaxtın Nərimanov prospektində 6 otaqlı mənzili, Yasamal rayonunda, Nobel prospektində yanacaqdoldurma məntəqələri, "Xətai" metro stansiyasının yaxınlığında çoxsaylı obyektləri və Hacı İbrahim Nehrəmlinin Zabitlər bağı deyilən ərazidə tikdirdiyi hündürmərtəbəli yaşayış binasında 15 mənzili var. Bunlar hələ sabiq məmurun varidatının bir hissəsidir. İş adamının elə obyektləri var ki, qiyməti on milyonlarla ölçülür".

Fikrimizcə, məqalədə qeyd olunan faktlar iş adamının başını ağrıda, onun yolunu həbsxanaya sala bilər.

Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.

P.S. Deyirlər, hər ay Rəsul Quliyevə Bakıdan pul göndərilir. Bu barədə növbəti sayımızda dəhşətli faktları açıqlayacağıq. Həmçinin Rəsul Quliyevə rəğbəti olan bəzi qəzetlərin Rizvan Vahabovu nəyə görə müdafiə etdiyini də biləcəksiniz. Gündəlik Bakı

(Davamı daha maraqlı olacaq)

Geri dön