Ana Sayfa > Cəmiyyət / Manşet > Deputatın oğlu onlarla insanı piramidaya salıb

Deputatın oğlu onlarla insanı piramidaya salıb


26-05-2015, 11:18. Yazar: admin
Deputatın oğlu onlarla insanı piramidaya salıb
Hörmətli prezidentimiz İlham Əliyevin məlum yanğın hadisəsi ilə bağlı keçirdiyi iclasdakı çıxışı bütün ölkə ictimaiyyətinin alqışı ilə qarşılandı. Hamı bunu gözləyirdi. Hamıda qəti inam var idi ki, gec-tez prezident öz sözünü deyəcək və azğınları yerində oturtmaq qətiyyətini ortaya qoyacaq.

Bizim ancaq bir məramımız olub: müstəqil dövlətimiz firavan yaşasın, düşmənlərinə qalib gəlsin və prezidentimizin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımız geri qayıtsın. Ulu öndər Heydər Əliyevin çörəyini yeyib, ancaq onun qoyduğu irsə xəyanət edənlər öz layiqli cəzalarını alacaqlar. Mən hələ bir neçə gün əvvəl yaxından tanıdığım Fərman Məmmədovun deputat Elmira Axundovanın oğlu Həbib Axundov tərəfindən külli miqdarda pulla aldadılmasını ictimailəşdirmişdim. Burda ən dəhşətli fakt ondadır ki, zərərçəkən adam artıq təhdid olunur. Onu polisin adı ilə hədələyirlər. Polisin cərgələrində namuslu, qeyrətli adamların sayı-hesabı yoxdur. Heç bir oliqarxın, məmurun polisin adından danışmağa ixtiyarı yoxdur. Bizdə cəzasızlıq sindromu hökm sürür. Hörmətli prezidentimizin gecəsi-gündüzü yoxdur. O Azərbaycanın güclənməsi üçün əlindən gələni edir. Məmurlara dəfələrlə iqtidarla vətəndaşlar arasında narazılıq yaratmamağı tapşırıb. Belə bir işıqlı perspektivin içində qara niyyətli adamların başqalarına meydan oxumasına dözmək fikrində deyiləm. Mənim Azərbaycanın milli istiqlaliyyəti uğrundakı mübarizədə rolumu bilənlər bilir. 50 ilə yaxındır mətbuatdayam. Hansısa deputatın, yaxud oliqarxın oğlunun mənim gözümün qarşısında günahsız insanların pulunu mənimsəməsinə sakit dayana bilmərəm. Ötən yazıda Elmira Axundovaya müraciət etdim ki, siz də "ay camaat, mən də varam" deməklə fəal olduğunuzu göstərməyə çalışırsınız. Geridə qalan qış fəslində qar yağan zaman Elmiraxanım açıqlama verdi ki, hökumət üzvləri çıxıb qar təmizləməlidir. Ertəsi gün deputatın bu açıqlamasını "Azadlıq" qəzeti tirajladı. Hörmətli deputat, həmin vaxt sizin oğlunuz harda idi? Belə çıxır ki, hökumət üzvləri küçələrə çıxıb qart təmizləməliydi ki, Elmira Axundovanın oğlu bahalı maşınlarını rahat sürə bilsin. O vaxtilə imperiyanın ən bərkgedən qəzetlərindən sayılan "Lit.qazeta"da işləyib. Bundan sonra ABŞ-ın "Azadlıq" radiosunda işləməyə başladı. Onun Cəmil Həsənliyə qarşı münasibətində mən çox mətləbləri duydum. Xanım deputat bir tərəfdən prezidenti tərifləyir, digər tərəfdən ölkə başçısının ünvanına absur fikirlər səsləndirən Cəmil Həsənlini göylərə qaldırır.

"575 min manatı Həbib Axundova vermişəm"

Həbib Axundov anası Elmira Axundovaya arxayın olaraq onlarla insanın pulunu mənimsəyib. Həmin şəxslərdən bir neçəsi redaksiyamıza gələrək deputatın oğlu tərəfindən aldadılmalarının tam təfərrüatını açıqlayıb. Həbib Axundovun səmimi münasibətdən istifadə edərək haqqını tapdaladığı şəxslərdən biri də Məmmədov Fərman Xeyrulla oğludur. Şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Fərman Məmmədov Elmira Axundovanı neçə illərdir tanıdığını və ailəvi münasibətlərinin olduğunu bildirdi. Amma nə vaxtsa onlar tərəfindən aldadılacağını ağlına belə gətirmədiyini vurğuladı: "Hər sözün arxasında fakt dayanmalıdır. Bu yaşa gəlib çatmışam, ancaq indiyə kimi belə vəziyyətlə üzləşməmişdim. Elmira xanıma həmişə hörmətlə yanaşmışam. Çünki bu adam hər zaman ədalətin və haqqın tərəfində olub. Onu həm də ümummilli liderimiz, Ulu Öndər, xalqımızın fəxri Heydər Əliyevin silahdaşı kimi tanımışam. Millət vəkili 1995-ci ildə Əfv Komissiyasının üvzü seçilib. Vaxtilə mən Milli Məclisə deputatlığa namizədliyimi irəli sürəndə bu xanım haqqımda gözəl məqalə yazıb. Elə həmin dövrdən dostluğumuz, ailəvi münasibətimiz başlayıb. Biz Elmira Axundova ilə dostluq münasibəti yaradanda oğlu Həbibin hələ 5 yaşı var idi. Onun övladı mənim qucağımda böyüyüb. Mən onları heç vaxt öz doğmalarımdan ayırmamışam, heç vaxt istəməmişəm ki, nəsə problemləri olsun. 2005-ci ildə o, 71 saylı Masallı Seçki Dairəsindən namizədliyini irəli sürdü. Həmin vaxt millət vəkilinin səlahiyyətli nümayəndəsi idim. Bu dairədə seçki çox gərgin keçsə də, deputat seçildi. Növbəti parlament seçkilərində, yəni 2010-cu ildə də onun səlahiyyətli nümayəndəsi oldum. Həbib Axundov Bakı Gömrük İdarəsində işləyir, səhv etmirəmsə rütbəsi mayordur. O bir neçə dəfə məndən borc pul götürüb qaytarırdı. Bir müddət sonra onlar "Favorit" marketlər şəbəkəsini açdılar. "6-ci paralel"də və şəhərin digər yerlərindəki bu marketlər millət vəkilinə məxsusdur. Onların Elnur adlı ailəvi dostu var idi. Bu şəxs dəfələrlə Milli Məclis üzvünün evinə gəlib-gedirdi. Günlərin birində Həbib mənə dedi ki, Elnurla şərikli biznes qurub və ona müəyyən miqdarda pul lazımdır. Dediyinə görə, xaricdən kartric, ofis ləvazimatları vururdular. Sən demə, onlar əslində piramida qurublar. Kartric biznesi adı altında neçə-neçə insanın pulunu alıb yeyiblər. Deputatın oğlu həmçinin mənə anasının Milli Məclisin, Apellyasiya Məhkəməsinin tenderlərini udduğunu və həmin dövlət qurumlarına kartriclər, ofis ləvazimatları verdiyini demişdi. Həbib Axundov məndən borca pul istədi. Dedi ki, pula görə cavabdehəm, vaxtında qaytaracam. Ailəvi dost idik, ondan belə bir hərəkət gözləməzdim. Yəni ağlıma belə gəlməzdi ki, dünənki uşaq mənə pul atar. 2012-ci ildən bu proses başlandı. Elmiraxanım oğlunun gördüyü işlə fəxr edirdi. Hətta bir dəfə deputat öz rəfiqələrindən oğluna biznesini genişləndirməsi üçün pul verməyi tələb edirdi. Buna uyğun olaraq deputatın bəzi rəfiqələri də Həbibə pul verdi". Şikayətçi deyir ki, millət vəkilinin oğlu ondan üst-üstə 575 min manat pul alıb: "Əksər hallarda həmin pulları qaytara bilmirdi. Nəhayətdə borc yığılıb bu qədər oldu. 2013-cü ildə millət vəkilinin oğlu mənə zəng vurdu və görüşmək istədiyi bildirdi. Onunla görüşdüm, özündə deyildi və əsəbi görünürdü. Pis olmağının səbəbini soruşanda piramidaya düşdüyünü və pulların Elnur tərəfindən mənimsənildiyini söylədi. Halbuki, bu məsələdə ən böyük günahkar elə parlament nümayəndəsinin oğlu idi. Elnura bir neçə dəfə zəng vursam da, cavab vermədi. Həbibdən pullarımı geri tələb etdim. 2013-cü ilin mayında o məni arxayın saldı və işlərin düzələcəyini vurğuladı. Deputatın oğlu məni qızının ad gününə, Şüvəlandakı bağına dəvət etdi. Elmiraxanım məni orda görəndə təəccübləndi, "Sənin burda nə işin var" deyib qaşqabaq tökdü. Həmin axşam Elnur da ora gəldi. Həbib məni qırağa çəkib söhbət etməyə başladı. Maşina əyləşib "Qres" deyilən yerə getdik. O Elnurla mübahisə etməyə başladı. Elə həmin vaxt Elmira Axundova Həbibə zəng vurdu. Həbib isə anasına monopolistlərlə söhbət etdiyini dedi. Bundan dəhşətə gəldim. Elnurla Həbibin arasında dava düşdü. Deputatın oğlundan dava salmamasını tələb etdim. O isə qayıtdı ki, əgər dava etməyimi istəmirsənsə, puldan əlini üz. Hələ də nəyin baş verdiyini anlamırdım. Mən 575 min manatı Həbib Axundova vermişəm. Bunun müqabilində millət vəkilinin oğlu bütün müddətdə mənə 125 min manat verib. Ona verdiyim pulları başqa-başqa adamlardan borc almışdım. Bu gün borc aldığım insanların üzünə baxa bilmirəm, onlar pulunu geri istəyir. 2013-cü ilin mayında Elmira Axundova mənə zəng vurub Masallıda bir qohumunun problemi olduğunu dedi. Deputatın özünün bildirdiyinə görə, kartric biznesinə 80 min manat pul qoyub. Məndən soruşdu ki, Həbibin girişdiyi biznes ona gəlir gətirə bilər ya yox. Açığı onun sualları mənə çatmırdı. May ayında oğul Axundova verdiyim məbləğ 475 min manata çatdı. Sonradan başa düşdüm ki, bu şəxslər əlbir olaraq pulumu mənimsəyiblər. Həbib Axundov notariusun kağızlarını mənə göstərmişdi. Orda Elnura 750 və 150 min manat verdiyi qeyd olunurdu".

Deputatın oğlu Fərman Məmmədovu qanuni oğrularla qorxudub

Fərman Məmmədovun sözlərinə görə, külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan Elnur İbrahimov aradan bir müddət ötəndən sonra deputatın bağ evinə gətirilib: "Mən də ora getdim. Orada təxminən 50-yə yaxın adam var idi. Sən demə, onların da pulu mənimsənilib. Elnur oyun qurduğunu boynuna aldı. Həbib telefonla kiməsə zəng vurub tanışpolis lazım olduğunu söylədi. Bir neçə dəqiqədən sonra deputatın oğlu Yasamal Rayon Polis İdarəsində kiməsə zəng vurdu və Elnuru ora gətirəcəyini dedi. Elnur bizim maşında getdi. Yolda mən tanışvəkillə danışıb bu cür dələduzluğun cəzasının nə olduğunu soruşdum. Vəkil isə belə işlərə görə 12 il həbs cəzasının nəzərdə tutulduğunu bildirdi. Bunu eşidən Elnur ağlamağa başladı. Həbib isə ona təsəlli verərək "Narahat olma, anam Əfv Komissiyasının üzvüdür, səni "yarım srok"a həbsdən çıxaracaq. Sadəcə, pulları tək yediyini boynuna al. Kişikimi söz verirəm ki, sənin ailənə hər ay 500 manat pul göndərəcəm" deyirdi. Yasamal Rayon Polis İdarəsinə gəldik. İdarənin qabağında adam əlindən tərpənmək olmurdu. Hamısı Elnur və Həbib tərəfindən aldadılan insanlar idi. Təxminən bu işdə 7-8 milyon manatlıq dələduzluqdan söhbət gedir". Millət vəkilinin oğlunun barəsində redaksiyamıza şəkillər və səs yazıları təqdim olunub. Növbəti saylarımızda Elmira Axundovanın oğlu Həbib Axundovun adının hallandığı 8 milyonluq piramida, Yasamal Rayon Polis İdarəsinin hansı müstəntiqinin bu məsələdə deputatın oğluna köməklik göstərməsi, 111 seriyalı bahalı maşınlar, bağ evləri, supermarketlər şəbəkəsi, "Port Baku"dakı mənzillərin hansı pularla alınması, London, Dubaydakı əyləncələr, Türkiyədəki mülk və digər maraqlı faktlarla bağlı tükürpədən yazı dərc edəcəyik. Bizi izləyin.

Geri dön