Ana Sayfa > Cəmiyyət / Manşet > "Səsini çıxaranları təhdid edirlər..." - Culfa sakinləri PROBLEM İÇİNDƏ...
"Səsini çıxaranları təhdid edirlər..." - Culfa sakinləri PROBLEM İÇİNDƏ...Dünən, 18:13. Yazar: admin |
Culfa rayonunun Dizə kəndinə 30 ilə yaxındır ki marşrut işləmir. Min nəfərdən çox əhalisi olan bu kəndə Culfa şəhərindən işləyən yeganə avtobus xətti 1995-ci ildən dayandırılıb və indiyədək bərpa olunmayıb. Bu səbəbdən sakinlər yayda istidə, qışda şaxtada 15 kilometr məsafəni ya piyada, ya da taksi ilə qət etməyə məcbur qalırlar. “Gündəlik Naxçıvan”a danışan kənd sakinləri bildirirlər ki, kənddən Culfa şəhərinə iş və təhsil üçün gedib-gələnlərin sayı xeylidir. Məktəbdə təhsil keyfiyyəti aşağı olduğu üçün uşaqlar şəhərdə hazırlıq kurslarına getmək məcburiyyətində qalırlar. Kənd sakinin N. Məmmədov deyir ki, marşrut xəttinin olmaması onları çarəsiz qoyub: “15 kilometr yol üçün hər dəfə taksiyə pul vermək hər ailənin gücü çatacaq şey deyil. Bir tərəfə taksi xərci 8 manatdır. Bu, gediş-gəliş üçün ən azı 16 manat tələb edir ki, bu da əksər ailələr üçün əlçatmazdır. 4 nəfər müştəri yığılıb az pul ödəmək üçün saatlarla gözləyirik. Heç olmasa səhər və axşam bir marşrut təşkil etsələr, xərclərimiz azalar, əziyyətimiz də yüngülləşər.” Sakinlər bildirirlər ki, problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, nəticə olmayıb: “Səsini çıxaranları təhdid edirlər. İşləyənləri qovulmaqla, işləməyənləri isə ailə üzvlərini qovmaqla hədələyirlər. Bizə deyirlər ki, Yayıcı-Culfa marşrutundan istifadə edin. Amma həmin avtobus kənddən 5 kilometr uzaqdan keçir. Yola çatmaq üçün ya əlavə taksi tutmalısan, ya da piyada getməlisən. Bu qədər insanın problemi həll olunmur. Sanki kənd tamamilə unudulub.” Dizə kəndinin sakinləri prezidentə müraciət edərək, bu problemin həlli üçün təcili tədbirlər görməsini xahiş edirlər. Geri dön |