Ana Sayfa > Cəmiyyət > Vətənpərvər Azərbaycan əsgəri
Vətənpərvər Azərbaycan əsgəri26-06-2022, 12:32. Yazar: admin |
Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Mayası qorxmazlıq, igidlik və vətənpərvərliklə yoğrulan bu xalq əyilməzliyini hər zaman sübut edib. Hər bir millət gələcəyə qəhrəman övladları ilə gedər. Qəhrəmanları olmayan millət tarixin sınaqlarından keçə bilməyəcək, dar və dolanbac döngələrdə azıb qalacaq. Qəhrəmanlığı edənlər də, onu tarixə yazanlar da vətənin igid övladlarıdır. Ölümdən qorxmadan, sağlamlığını itirmək bahasına olsa belə vətən, torpaq, azadlıq uğrunda mübarizəsindən dönməyən əsgərlərimiz var. Əsl ləyaqətli, qəhrəman əsgər isə təkcə ordu sıralarında, komandirlər, xüsusi təlimatçılar və nizamnamə vasitəsilə hazırlanmır. Bəzən qəhrəmanlar fitrətən anadan qəhrəman doğulur. Amma çox hallarda qəhrəmanı onun ailəsi, cəmiyyət və zaman yetişdirir. Yetkin adam üçün qəhrəmanlıq əvvəlcə onun düşüncəsində yaranır, həyat amalına çevrilir, varlığına hakim kəsilir. Vətənin müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Müasir dövrdə Azərbaycan Ordusu zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Lakin ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan. "Öncə Vətəndir!" deyən oğullardır bizi yenilməz edən. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidir! Bəli, 44 günlük Vətən müharibəsi Azərbaycanın güclü orduya malik olduğunu bir daha bütün dünyaya sübut etdi .Şah İsmayıl Xətainin bir deyimini xatırlayıram: "Qılınc həmin qılıncdır, qol o qol deyil". Onların əsgərləri silahını döyüş meydanında qoyub qaçır, bizim əsgərlər isə son damla qanına qədər döyüşü davam etdirir. Ordumuzun hər bölməsində vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq. Torpaqlarımıza keşik çəkən bu oğulların qətiyyəti, məğrurluğu sübut edir ki, torpaqlarımız inamla qorunur. Onların hər kəlməsində Vətən var, Qələbə var. Mövqelərimiz inamla qorunur. Atəşkəsi tez-tez pozan düşməni layiqincə susdururlar. Əsgərlərin hər biri uğurla xidmət edir, verilən tapşırıqları vaxtında yerinə yetirir, düşmən qarşısında dağ kimi dayanırlar. Xalqımız firavan yaşasın, evlərimizdən toy-bayram səsləri eşidilsin deyə, düşmənə sinələrini sipər edirlər. Budur, Azərbaycan əsgəri ! Ali Baş Komandan İlham Əliyev: "Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb". Müstəqilliyimizi daha da möhkəmləndirən, dövlətimizin ərazi bütövlüyünü təmin edən, işğaldakı torpaqların azadlığına nail olan Prezident İlham Əliyev həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə böyük uğurlara imza atıb, Azərbaycanı regionun lider dövlətinə çevirməyə nail olub. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin ordu quruculuğu siyasəti hərb tariximiz baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycanda nizami ordu quruculuğu prosesinin ilk addımları Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısı İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində formalaşdırdığı yüksək döyüş əzmi, Vətən sevgisi, fədakarlıq keyfiyyəti özünü 44 günlük Vətən müharibəsində büruzə verib. Təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı hərbçilərimizin sərgilədiyi qəhrəmanlıq- düşməni yalın əllə məhv edərək şəhəri azad etməsi gerçəyi deyilənlərə nümunədir. Məhz bu ruh yüksəkliyinin və peşəkarlığın nəticəsidir ki, Azərbaycan Ordusu otuz ilə yaxın müddətdə möhkəmləndirilmiş istehkamlarda güclü mövqelər quran düşmənə qarşı çətin relyef şəraitində ən müasir standartlar səviyyəsində döyüş apararaq, 44 gün ərzində şanlı Qələbə qazandı. Rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard dollarlıq silah-sursatı sıradan çıxarıldı. Müzəffər Ali Baş Komandan bu şanlı Qələbənin qazanılmasının əsasında ən müasir silahların deyil, Azərbaycan Ordusunun qəhrəman hərbçilərinin dayandığını dəfələrlə vurğulayıb. Dövlətimizin başçısının çıxışlarının birində dediyi bu sözlər Azərbaycan Ordusunun qəhrəmanlığına və peşəkarlığına verilən yüksək qiymətin əyani təsdiqidir: "Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir". Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Müharibədə Silahlı Qüvvələrimizin 3000-dən çox hərbi qulluqçusu şəhid oldu. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı ilə şəhidlərimizin xatirəsinə "Anım Günü" elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir. Xalq da şəhidlərlə, qazilərlə fəxr edir. Körpədən tutmuş, ahıl yaşına çatmış hər kəs xüsusi rəğbət bəsləyir. Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Leyla Adışirinova Geri dön |