Ana Sayfa > Cəmiyyət > 31 dekabr-Dünya Azərbaycanlılarının həmrəylik və birlik bayramı

31 dekabr-Dünya Azərbaycanlılarının həmrəylik və birlik bayramı


27-12-2021, 14:03. Yazar: admin
31 dekabr-Dünya Azərbaycanlılarının həmrəylik və birlik bayramı

Azərbaycan dünyada yaşayan 50 milyon azərbaycanlının hər birinin vətənidir. Dahi şəxsiyyət Heydər Əliyev dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirən böyük dövlət xadimidir.

Onun tərəfindən 30 il bundan öncə 1991-ci il 16 dekabrda Azərbaycan tarixində mühüm bir tarixi qərar qəbul edildi. Dünya azərbaycanlılarının həmrəylik və birlik günü kimi 31 Dekabr yüksək səviyyədə qeyd olunmağa başladı.

Yaxşı yadımdadır, 1991-ci ildə mən orta məktəbin 4-cü sinfində oxuyurdum. Bir gün atam işdən evə gələrkən çox sevincək idi, anam səbəbini soruşanda o, belə cavab verdi: Azərbaycan tarixinin görkəmli şəxsiyyəti Heydər Əliyev cənabları yenidən siyasi fəaliyyətinə başlayır, bu tezliklə ölkəmizin xeyrinə olacaq, hər şey yaxşılığa doğru dəyişəcək.

O vaxtdan keçən illər ulu öndərimizin uzaqgörənliyinin təsdiqi oldu. İstər Azərbaycanda, istərsə də xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması sahəsində görülən böyük işlər öz bəhrəsini verdi.

Bu gün xalqımız və dünyada yaşayan hər bir azərbaycanlı 31 dekabrı həmrəylik və birlik bayramı kimi qeyd edir. Eləcə də Azərbaycanı özünə Vətən hesab edən hər bir kəsin də qəlbində Azərbaycan sevgisi xalqımızla həmrəylik nümayiş etdirməsi bizi duyğulandırmaqla, qəlbimizi qürur hissi ilə doldurur.

Ümummilli liderimiz 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: - “31 Dekabr dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin, onun dirçəlişinin, tərəqqisinin və milli birliyinin rəmzinə çevrildi”

Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımızın yaşayır, işləyir, fəaliyyət göstərir. Bu gün onların milli-mənəvi varlıqlarını yaşadan bir vətən-Azərbaycan vardır. Azərbaycanlı adını məsuliyyətlə daşıyan hər bir vətən övladı xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına, eyni zamanda ümumbəşəri dəyərlərə böyük hörmət bəsləyir.

Azərbaycan Respublikası dünyada yaşayan azərbaycanlıların əlaqəsinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə paytaxtımız Bakıda 2001-ci il noyabrın 9-u və 10-da Dünya Azərbaycanlılarının I Qurultayı, 2006-cı il martın 16-da II Qurultayı, 2011-ci il iyulun 5-i və 6-da III Qurultayı, 2016-cı il iyulun 3-4 də IV Qurultayı keçirildi. Bu Qurultaylar bir daha dünya azərbaycanlılarının birlik və həmrəyliyini sübutu oldu.

Bu birliyin nə qədər möhtəşəm olduğunu 2020-ci il 27 sentyabrda başlayıb 8 Noyabrda zəfərlə başa çatan Vətən müharibəsində daha bariz gördük. 44 günlük müqəddəs Vətən müharibəsində bütün dünya azərbaycanlıları bir ürək oldular.

Ulu öndərimizin layiqli davamçısı olan, onun siyasətini bu gün uğurla davam etdirən Prezident İlham Əliyev cənablarının ətrafında birləşərək möhtəşəm bir birlik numayiş etdirdilər. Dövlət başçımızın çağırışına qoşularaq vətənin işğala məruz qalan torpaqlarının müdafiəsinə qalxdılar. ”Dəmir yumruq”un ətrafında bir yumruq kimi birləşərək Ulu öndər Heydər Əliyevin dediyi o müdrik sözlərin həqiqət olduğunu dünyaya sübut etdilər.

Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev demişdi:- “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”

Böyüyüb tərbiyə aldığım ailədə həmişə ulu öndərimizə, onun şəxsiyyətinə məhəbbət və hörmət bəslənildiyinin şahidi olmuşam. Bugün də biz gənclərə bəslənilən etimad, verilən dəyər, göstərilən qayğı bir azərbaycanlı olaraq hər birimizi dövlətçilik və azərbaycançılıq qayəsi ilə Prezidentimizin ətrafında daha sıx birləşməyə, onun daxili və xarici siyasətini dəstəkləməyə ruhlandırır.

Dünyanın hər yerində yaşayan həmvətənlərimizə, Ulu öndər Heydər Əliyev tərəfindən ərmağan olan bu gün hər il təntənə ilə qeyd edilir. Onun tövsiyə xarakterli bir sözü isə hamımız üçün birmənalı qəbul edilib:- “Azərbaycanlı dünyanın hər yerində yaşaya bilər, ancaq

azərbaycanlılığını, dilini, dinini, ənənələrini unutmamalıdır. Onun qəlbi doğma Azərbaycanla daim bir vurmalıdır”.

Bu gün dünyadakı soydaşlarımız vahid ideya ətrafında birləşərək, mütəşəkkil qüvvəyə çevrilmişlər. Ümumilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət diaspor siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son 18 il ərzində dunya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün, üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirmiş, bu sahədə ardıcıl siyasət yürütmüşdür. Azərbaycan dövləti dunya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prossesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəlmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq və mütəşəkkil birgə qüvvə təşkil etmək səylərinə daim ciddi fikir verir.

Bakı şəhəri, Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin direktoru Vəfa Bağırova

Geri dön