Ana Sayfa > Cəmiyyət / Manşet > GDU-da "atın qabağına ət, itin qabağına ot" qoyurlar

GDU-da "atın qabağına ət, itin qabağına ot" qoyurlar


27-12-2021, 11:50. Yazar: admin
GDU-da "atın qabağına ət, itin qabağına ot" qoyurlar
Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin əməkdaşları dosent Yeganə Sabir qızı Hüseynova, baş müəllim Həmid Camal oğlu Abbasov, dosent Nazəndə Sabir qızı Hacıyeva, dosent Nəzmiyyə Məmməd qızı Axundova, dosent Həsənova Aidə Ədib qızı tərəfindən Bizimyol.info-ya şikayət məktubu daxil olub. Məktubda, korrupsiyaya qarşı mübarizə tədbirlərinin hələ də Gəncə Dövlət Universitetində qulaq ardına vurulduğu bildirilir.
“Bu gün Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Bu baxımdan korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə heç kimə güzəşt olunmayacaq. Son bir il ərzində müxtəlif vəzifəli məmurların həbs edilməsi də deyilənlərin əyani sübutudur. Çünki, bəzi dövlət məmurları vəzifələrindən sui-istifadə edir, korrupsiya və rüşvətxorluq kimi çirkin əməllərdən əl çəkmirlər. Belələri tutduğu vəzifədən asılı olmayaraq qanun qarşısında cavab verməli olurlar. Amma bu mübarizə tədbirləri hələ də Gəncə Dövlət Universitetində qulaq ardına vurulur.

Hazırda Türkiyənin Dokuz Eylül Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə bağlı tədbir keçirilir. Gəncə Dövlət Universitetində ömrü boyu Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi ilə məşğul olmuş, Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçısı, Nizami haqqında çoxlu monoqrafiya və əsərlərin müəllifi, Nizaminin poemalarını farscadan öz dilimizə tərcümə edən, 2009-cu ildə “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, N.Gəncəvi irsinin tədqiqi və tədrisində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmiş professor Xəlil Yusifli kimi nizamişünas alim vardır.

Maraqlıdır ki, qeyd olunan tədbirə Nizami ilə bağlı ensiklopedik biliklərə malik olan bu şəxs göndərilməmişdir. Bu tədbirə respublika səviyyəsində tanınmış Xəlil Yusifli, Mübariz Yusifov, Maqbet Əhmədov,Yadigar Əliyev, Afaq Yusifli, Səba Namazova kimi alimlər getməliydi. Lakin Nizamini təbliğ etmək üçün həmin tədbirə Gəncə Dövlət Universitetinin baş kompüter ustası, erməni əsilli Vasif Həsənov, rektorun kommunist ideyalı baş müşaviri Asif Cavadov, ekologiya mühəndisliyi ixtisasını bitirmiş, rektorun baş agenti Pərviz Adıgözəlov, Fətullah Gülənin universitetində təhsil almış Elsevər Nağıyev göndərilmişdir. Bu şəxslərin heç biri ədəbiyyatçı deyil, bu şəxslər Nizaminin neçənci ildə anadan olduğunu belə bilmirlər.

Şikayətçilərin sözlərinə görə, bu şəxslərin hər birinə 10 gün üçün verilmiş 4000 dollar xərclik pulunun yarısı elə universitet rəhbərliyinin cibinə gedəcək.

“Çünki, başqa vaxtlarda elmi konfranslara, məzuniyyətlərə və digər xidməti səfərlərə gedən əməkdaşlara heç bir məzuniyyət haqqı ödənilmir. Ən yaxşı halda “kor Teyyub” ləqəbi ilə məşhur olan baş mühasib bir xeyli çək-çevirdən sonra bir nəfərin gününə 7-12 manat arası ezamiyyə xərci ödəyir. Deməli, burda əsas məsələ Nizaminin təbliği yox, ayrılan ezamiyyə xərclərinin xeyli hissəsinin rektorun əsabələrinə və özünə çatmasıdır.

Müəllimlərin maaşlarının artırılmasından söz düşən kimi “büdcəmiz yol vermir” deyə yaxasını cıran rəhbərlik özünün agentura şəbəkəsinə səxavətlə ezamiyyə xərcləri, mükafatlar, yüksək maaş, fəxri adlar və təltiflər paylayır. Dövlətin təhsil ocağına yalnız qazanc mənbəyi kimi baxan bu dəstənin məqsədi universitetin büdcəsini qəpiyinə qədər talamaqdır”.

Məsələ ilə bağlı Gəncə Dövlət Univerditeti ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən olmadı.
Vertikal.Az

Geri dön