Ana Sayfa > Cəmiyyət > Ümummilli liderimiz Heydər Əliyev dühası

Ümummilli liderimiz Heydər Əliyev dühası


11-12-2021, 10:39. Yazar: admin
Ümummilli liderimiz Heydər Əliyev dühası

Hər bir xalqın tarixində layiqli rəhbərin özünəməxsus rolu olur. Müstəqil dövlət qura bilən millətlər isə öz daxilindən lider-siyasətçi yetişdirir. Azərbaycan xalqının lider-siyasətçisi, xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyəti dövrü müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiyada idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmiş və idarəetmə potensialı və qabiliyyəti aşağı olan ölkələrdə çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. İnsanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.

Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə gördüyü işlərin mahiyyətini və əzəmətini anlamaq üçün sadəcə bir neçə fakta nəzər yetirmək kifayət edir. Belə ki, milli dövlətçilik ənənələrinin bərpa olunması yönündə görülən işlər sırasında Muxtar Respublikanın dövlət rəmzlərinin bərpa olunması və milliləşdirmə siyasətinin həyata keçirilməsi vurğulanmalıdır. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı. Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı. Eyni zamanda, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edilməsi barədə də tarixi qərar qəbul edildi.

Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda, dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək 1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı. Ölkəmizdə hökm sürən xaotik və anarxist meyilllərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Ulu öndər ölkədə sabitliyi bərpa etdi, sosial-iqtisadi tənəzzülün qarşısını aldı, müstəqilliyin əsaslarını möhkəmləndirmək istiqamətində mühüm addımlar atdı.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistematik strategiya əsasında siyasi sistemin təməl atributları və struktur elementlərinin dirçəldilməsi və təkmilləşdirilməsi, ictimai-siyasi institutlaşma prosesinin sürətləndirilməsi, inzibati səciyyə daşıyan struktur islahatlarının həyata keçirilməsi, demokratik təsisatların yaradılması kimi fundamental strateji vəzifələr dayanırdı. Zəngin dövlətçilik təcrübəsinə, rasional təfəkkürə və praqmatik fəaliyyət mexanizminə malik olan Ümummilli lider Heydər Əliyev tətbiq etdiyi strategiya sayəsində mərhələli şəkildə bütün bu vəzifələrin həllinə nail ola bildi. Məhz sadalanan vəzifələrin yerinə yetirilməsi istiqamətində hüquqi-normativ bazanın yaradılması strateji əsas oldu. Beləliklə, xalqımızın Əbədiyaşar lideri Heydər Əliyevin gərgin əməyi

sayəsində 1995-ci il noyabr ayının 12-də xalq referenduma gedərək öz dövlətçiliyinin əsas hüquqi istiqamətlərini müəyyənləşdirəcək başlıca siyasi-hüquqi sənəd olan Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdi. Yeni Konstitusiya dövrün tələbləri, reallıqları və qanunauyğunluqlarına görə mükəmməl və təkmil siyasi-hüquqi sənəd idi. Konstitusiyanın hazırlanmasında dünya dövlətlərinin konstitusiya təcrübəsindən geniş istifadə edilməsi ilə yanaşı, respublikamızın tarixi ənənələri, spesifik özəllikləri və xalqımızın mentaliteti də nəzərə alınmışdı.

Müstəqillikdən sonra ölkəmizin qarşısında duran növbəti vəzifə milli həmrəylik və bütövlüyü təmin edəcək fundamental mənəvi faktor olan milli ideologiyanın müəyyən edilməsi və ondan milli siyasətin tərkib hissəsi kimi səmərəli istifadə mexanizminin həyata keçirilməsi idi. Amma müstəqilliyin ilk illərində mövcud olan siyasi hərc-mərclik və vahid dövlət siyasətinin olmaması bütün sahələrdə olduğu kimi, milli ideoloji siyasət sahəsində də güclü mərkəzdənqaçma meyillərinin müşahidə olunmasına və nəticə etibarilə bu sferada ciddi boşluqların yaranmasına səbəb olmuşdu. İlk gündən müdrik rəhbər xalqa arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi. Heydər Əliyev Azərbaycan gəncliyinə müraciət etdi, Vətənimizin təhlükədə olduğunu izah edərək millətin, dövlətin gənclərə də güvəndiyini bildirdi. Bu çağırışdan ruhlanan yüzlərlə, minlərlə gəncimiz silaha sarılıb müharibəyə yola düşdü. Artıq hər kəs bilirdi ki, dövlətin rəhbərliyi etibarlı əllərdədir və ordu müdrik sərkərdənin komandanlığı ilə idarə olunur. Həmin illərdə hərbi məhkəmə sistemində çalışan təcrübəli hakimlərdən biri deyirdi ki, Heydər Əliyevin ordu quruculuğunda qısa zamanda həyata keçirdiyi islahatlar kütləvi cinayət hallarının, xüsusən də fərarilik kimi qatı cinayətin qarşısını aldı. Məhz dövlət başçısının təşəbbüsü ilə Milli Məclis bir neçə dəfə Amnistiya aktı qəbul etdi və minlərlə gənc həbsxanadan azadlığa qovuşdu. Sonradan onların bir çoxu öz günahlarını qanları ilə yudu, Vətənimizin düşməndən qorunması uğrunda döyüşlərdə iştirak etdi. Bax, budur, xalqa rəhbərlik nümunəsi, humanizm dəyərlərinə sədaqət, bağışlamaq və etibar etmək təcrübəsi.

Ulu Öndərin müstəqillik dövründə həyata keçirdiyi çox mühüm islahatlar sırasında ordu quruculuğunda görülən işləri də qeyd etmək vacibdir. 1994-cü ilin qışında Azərbaycan Ordusunun cəbhədəki ilk uğurlu əməliyyatının müəllifi məhz Ulu Öndərdir. Cəbhə xəttindəki hərbi hissələrə, təlim meydanlarına gedən komandan, əsgər və zabitlərlə görüşüb onları müqəddəs bir amal naminə - gənc müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə ruhlandırırdı. Həmin döyüşlərdə öndə gedən komandirlərin əksəriyyəti isə Heydər Əliyev Məktəbinin - C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri idi. Bu təhsil ocağının ildönümü mərasimlərindən birində salonda əyləşən zabitlərə, kursantlara xitabən dahi rəhbər təsadüfi demirdi: "Sizlərə baxanda sonsuz fərəh hissi duyuram ki, mən Azərbaycanda belə bir məktəb yaratdım və bu məktəbin yetirmələri mənə doğma övladlarım qədər əzizdir". 2016-cı ilin aprel döyüşlərində eləcə də, 44 günlük Vətən Müharibəsində qazanılan tarixi qələbələrimiz ordu quruculuğunda Heydər Əliyev strategiyasının uğurlu davamı kimi qiymətləndirilir. İndi hər bir azərbaycanlı Prezident İlham Əliyevin timsalında Ulu Öndərin layiqli davamçısını görür və onun siyasətini qətiyyətlə dəstəkləyir. Təsadüfi deyil ki, ömrünün son günlərində, 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində İlham Əliyevi nəzərdə tutub demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək". Zaman Ulu Öndərin dediyi sözləri təsdiqlədi!

Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.

275 nömrəli məkrəbin direktoru tarix üzrə fəlsəfə doktoru Elnur Hüseynov
Geri dön