Ana Sayfa > Cəmiyyət > KEÇMİŞİMİZ, BU GÜNÜMÜZ KİMİ GƏLƏCƏYİMİZ DƏ BİRDİR
KEÇMİŞİMİZ, BU GÜNÜMÜZ KİMİ GƏLƏCƏYİMİZ DƏ BİRDİR29-10-2021, 12:47. Yazar: admin |
Hələ ötən il noyabrın 6-da Prezident İlham Əliyev “BBC News”a müsahibəsində jurnalistin israrla verdiyi “- Türkiyənin birbaşa hərbi iştirakını istəyə biləcəyiniz günü gözləyirsinizmi? Biz Ermənistanın artıq Rusiyaya müraciət etdiyini və onun nə etməyə hazır olduğunu soruşduğunu görmüşük. Sizcə Türkiyənin daha çox cəlb olunmağını xahiş edəcəyiniz gün gələcəkmi?” sualına cavabında demişdir: “Mən çox irəliyə baxmaq istəmirəm. Çünki bu döyüş meydanındakı vəziyyətdən asılı olacaq. Bu, Ermənistanın və digər ölkələrin davranışından asılı olacaq. Çünki mən bir çox hallarda demişəm ki, biz münaqişənin beynəlmiləşdirilməsinin əleyhinəyik… Türkiyənin hər hansı hərbi iştirakına ehtiyac olmayacaq. Lakin uzun illər bundan əvvəl Türkiyə ilə təcavüz olacağı təqdirdə həm də hərbi dəstəyi təmin edən sənəd imzalamışıq. Beləliklə, bizim Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusiyanın malik olduğu kimi eyni formatımız, qanuni bazamız var. Əgər Azərbaycan təcavüzlə üzləşsə və Azərbaycan görsə ki, Türkiyənin hərbi dəstəyinə ehtiyac var, onda biz variant nəzərdən keçirəcəyik”. Düşünürük ki, bu müsahibəni izləyən milyonlarla tamaşaçı kimi bizim də çox qəzəbləndiyimiz bu jurnalistin sualına cavab qonşu ölkələrə açıq bir mesaj oldu… və müharibənin taleyini həll etdi… Bəli, noyabrın 6-da, müharibənin qızğın vaxtında səslənən bu fikir cəmi bir neçə günə düşmən tərəflərin ağrılı müzakirələrindən və təxribat xarakterli vertolyot olayından (noyabrın 9-da axşam Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiyaya məxsus Mi-24 hərbi vertolyonun müəmmalı, hərəkəti yaxşı düşünülmüş oyunun bir hissəsi ola bilərdi...) sonra üçtərəfli müqavilənin bağlanması ilə nəticələndi. Amma səbəb və bəhanənin nə olmasından asılı olmayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “nəyi nə zaman” edəcəyini yaxşı bilən bir lider kimi müharibənin də tam zamanında dayandırıldığını, müqavilənin üç rayonumuzu qansız-qadasız geri qaytarmağımıza səbəb olduğunu dəfələrlə qeyd edir. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş Şuşa şəhərindəki görüşü iki ölkə arasında imzalanmış müqavilə bütün dünyaya yeni mesajlar verdi. 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsi başda olmaqla 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”, 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”, eyni zamanda Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanan Şuşa Bəyannaməsi, 2021-ci il 26 oktyabr tarixində Füzuli Beynəlxalq Hava Limanının birgə açılışı strateji tərəfdaşlığın uğurlu keçmişindən və tükənməz perspektivindən xəbər verir. Füzuli Beynəlxalq Hava Limanının inşasının davam etdiyi cəmi səkkiz ay ərzində burada Azərbaycan və Türkiyə şirkətləri çalışmış, işğaldan azad edilmiş digər torpaqlarda gedən quruculuq, bərpa işlərində çiyin-çiyinə bir yerdə fəaliyyət göstmişdilər. Müharibənin ilk saatlarında Azərbaycan tək olmadığını, daim yanımızda olduğunu bəyan edən Türkiyə bu gün də bərpa-quruculuq işlərində xalqımızın yanındadır. Həqiqətən, “bu addım Azərbaycan üçün çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi”... Prezident İlham Əliyev noyabrda İstanbulda keçiriləcək Türk Şurasının növbəti toplantısını nəzərdə tutaraq orada Azərbaycanın Türk Şurasında sədrliyinin Türkiyəyə təhvil veriləcəyini də qeyd etdi. Onu da qeyd etmək lazımdır ki, 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən Görüşdə Azərbaycan Türk Şurasına sədrliyi Qırğızıstandan təhvil almışdır... Prezident İlham Əliyev hər zaman işğaldan azad edilən torpaqlardakı quruculuq işləri ilə tanış olur, müzakirələr aparır, yeni tapşırıqlar verir. Perspektivlərdən danışarkən o, keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmağın da gündəlikdə duran məsələlərdən olduğunu və bir neçə aydan sonra Zəngilan rayonunda birinci qrup keçmiş köçkünlərin yerləşdiriləcəyini vurğulayır. Budur, artıq Şərqi Zəngəzur bölgəsindən keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirməyə hazırlaşır... Bunun üçün həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır... Türkiyə şirkətlərilə birgə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri həyata keçirilir. Bu da Azərbaycanı dost, qardaş Türkiyə ilə bir daha qovuşduracaq Zəngəzur dəhlizinin açılacağı günün çox da uzaqda olmadığından xəbər verir. Güllü Yoloğlu tarix elmləri doktoru, türkoloq Geri dön |