Ana Sayfa > Cəmiyyət > Qarabağın sərt iqlimi və ya azad edilən ərazilərdəki hərbi hissələr qışa hazırdırmı? - AKTUAL

Qarabağın sərt iqlimi və ya azad edilən ərazilərdəki hərbi hissələr qışa hazırdırmı? - AKTUAL


29-10-2021, 10:51. Yazar: admin
Qarabağın sərt iqlimi və ya azad edilən ərazilərdəki hərbi hissələr qışa hazırdırmı? - AKTUAL

İşğaldan azad edilən ərazilərdə Azərbaycan Ordusunun hissə və bölmələrində xidmət şəraiti barədə sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilir. Bəzi məlumatlar var ki, qış fəslində hərbçilərimizin keyfiyyətli xidmət aparması üçün lazımi şərait yaradılmayıb. Məlumdur ki, azad edilən ərazilərin iqlimi ilə əlaqədar oralarda qış sərt keçir. Hərbçilərimizin sağlamlığının qorunması, xidməti yüksək səviyyədə aparmaları üçün yaxşı şəraitin olması lazımdır. Ötən qış problemlərin yaşanması təbii idi, çünki ərazilərimiz işğaldan yeni azad edilmişdi, infrastruktur yaratmaq, kazarmalar tikmək zaman istəyirdi. Amma aidiyyatı hərbi qurumların bu qışa hazırlaşması üçün yay aylarında yetərincə vaxt qazanmış oldular.

Müzakirələr zamanı əksini söyləyənlər də az deyil. Bir çoxları bildirir ki, istər Qarabağda, istərsə də Şərqi Zəngəzurda hərbçilərimizin xidməti keyfiyyətli aparması üçün lazım olan şərait yaradılıb, qısa müddətdə hərbi hissələr inşa edilib, modul tipli kazarmalar quraşdırılıb.

Ermənistanla sərhəddə və Qarabağda Rusiya sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərimizlə təmas xəttində xidmət şəraiti ilə bağlı AYNA-ya danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, həmin ərazilərdə vəziyyətlə tanış olmaq üçün getmək istəyib: “Dəfələrlə Müdafiə Nazirliyinə və nazirliyin digər qurumlarına müraciət etmişəm. Amma mənə bu şərait yaradılmayıb deyə, nəsə söyləməkdə çətinlik çəkirəm. Real vəziyyətlə tanış deyiləm. Sosial şəbəkələrdən, mediadan və ya Müdafiə Nazirliyinin yaydığı məlumatları oxuyuram. Reallıqda vəziyyət necədir, bunu ancaq nazirliyin Mətbuat Xidməti cavablandıra bilər”.

“Sosial şəbəkələrdə yayılan və Müdafiə Nazirliyinin məlumatlarından belə məlum olur ki, Azərbaycan-İran sərhədində problemlər həll edilib, xidmətin təşkili təmin edilib. Ermənistan-Azərbaycan sərhədində də problemlərin həlli üçün kifayət qədər ciddi işər görülüb. Lakin hesab etmirəm ki, hərbi xidmətdə məişət problemlərini bir il ərzində tam həllini başa çatdırmaq mümkündür”, - deyə ekspert vurğulayıb.

Ə.Vəliyev onu da bildirib ki, Ermənistan-Azərbaycan sərhədlərinin dəqiq təyin olunmaması da bu proseslərin qismən ləngiməsinə səbəb ola bilər: “Mən dəfələrlə Müdafiə Nazirliyinə sorğular göndərmişəm, amma hələlik sorğularım cavabsız qalır. Real olaraq Ermənistan-Azərbaycan sərhədində nə qədər şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırıldığını, nə qədərində yaxşılaşdırılması üçün işlər aparıldığını rəqəmlərlə deyə bilmərəm. Amma hesab edirəm ki, sərhəddə hərbçilərimizin xidmətinin yüksək səviyyədə təşkili üçün görəcəyimiz çox işlər var”.

Hərbi jurnalist Səxavət Məmməd AYNA-ya bildirib ki, rəsmi qurumların “Ermənistan-Azərbaycan sərhədində və Qarabağda xidmət yüksək səviyyədə təşkil olunub, qışa tam hazırıq” açıqlamalarına inanmır: “Çünki bu, mümkün deyil. Müharibədən bir il ötüb, ərazilər Azərbaycan Ordusu üçün yenidir. Orda kazarmaların tikilməsi zaman alacaq. Modul tipli kazarmalar bəzi yerlərdə tam qurulub, bəzi yerlədə isə çadırlar var. Düşünürəm ki, tam yerləşmə zaman alacaq”.

Jurnalist hesab edir ki, qışda hərbçilərimizin şəraiti ilə bağlı müəyyən problemlər görəcək və eşidəcəyik: “Qış bildiyimiz kimi Qarabağda çox sərt keçir. Kəlbəcər və Laçından isə danışmağa dəyməz. Təminat yollarının böyük hissəsi çəkilib. Briqadalarda əlavə taraktor ştatları yaradılıb. Yolların qardan təmizlənməsi və uçqunlardan təmizlənməsi işi daimi aparılacaq. Ancaq bu da çətinliklə olacaq”.

“Bəzi istiqamətlərdə qışa tam hazırlıq başa çatmadığı üçün narazılıqlar var. Lakin deməliyəm ki, işlər davam edir. Qışa tam hazır olmaq üçün ciddi işlər görülür. İsti geyim təminatında problem yaşanmasını gözləmirəm. Əgər belə bir şey olarsa, bunun fəsadları ağır olacaq”, - S.Məmməd qeyd edib.

S.Məmməd qeyd edib ki, hərbçilərin görülən işlərdən tam razı qalmasını söyləmək olmaz: “Tam razıdırlar desəm, yalan olar. Xüsusilə, Kəlbəcər istqamətində xidmət aparanlar çox əziyyət çəkəcəklər. Ailəli hərbçilərin gəlib-gedişində problemlər olacaq. Müharibədən sonra qışda kazarmasız, təminat yollarsız xidmət aparılmışdı. Qarabağdakı ilk qışa nisbətdə bu qış yaxşı keçəcək. Ancaq bu kimsə üçün bəhanə olmamalıdır. Çünki nazirlik yaxşı xidmət gözləyirsə, yaxşı şərait yaratmalı, əsgərini yaxşı yedirtməlidir”.

“Keyfiyyətli xidmət üçün keyfiyyətli şərait şərtdir. Təcrübəli zabitlər deyir ki, əsgəri yaxşı yedirtməsən ondan keyfiyətli xidmət gözləmək olmaz. Hesab edirəm ki, xidmət üçün bütün şərait yaradılmalıdır”, - deyə jurnalist fikrini tamamlayıb.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən sualımıza cavab ala bilmədik. Lakin nazirliyin Mətbuat Xidmətinin hərbi xidmət şəraitinin yaxşılaşdırılması ilə bağlı yaydığı sonuncu məlumatda qeyd edilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilən ərazilərimizdə mühəndis işləri davam etdirilir.

“Ali Baş Komandanın göstərişinə əsasən işğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların fəaliyyətini təmin etmək, o cümlədən infrastrukturun bərpa edilməsi məqsədi ilə Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti həyata keçirilir”, - deyə bildirilib.

Qeyd edilib ki, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsindən Laçın rayonunun Minkənd yaşayış məntəqəsinə, eləcə də dövlət sərhədi boyunca digər istiqamətlərdə ümumilikdə 580 kilometrdən çox torpaq örtüklü yollar inşa edilib: “Qoşunların qış aylarında dağlıq ərazilərdə təhlükəsiz hərəkət etməsi üçün yolların işarələnməsi və qar çubuqlarının qurulması başa çatdırılıb. Azad edilən ərazilərdə infrastrukturun bərpa olunması məqsədilə həyata keçirilən zəruri tədbirlər davam etdirilir”. Bundan əvvəlki açıqlamalarda da hərbçilərimizin şəraitinin yaxşılaşdırılması üçün lazım olan tədbirlərin görüldüyü qeyd olunub.
Geri dön