Ana Sayfa > Cəmiyyət > Aqrar sahədə dronlardan istifadə fermerlərə nə vəd edir - açıqlama
Aqrar sahədə dronlardan istifadə fermerlərə nə vəd edir - açıqlama16-10-2021, 08:33. Yazar: admin |
Əkbər Abbasov: “Sahibkarların xərci azalır, məhsulu çoxalır”... Azərbaycanın kənd təsərrüfatında pilotsuz uçuş aparatlarından - dronlardan istifadə genişləndirilir. Bu günlərdə İsmayıllı rayonunda İsraildən gələn mütəxəssislər Azərbaycandakı peşə təlimi məktəblərinin müəllimlərinə aqrar sektorda dronlardan istifadəyə dair təlim keçirlər. Təlimin məqsədi kənd təsərrüfatı sahəsində yüksək texnologiyaların tətbiqi üçün müvafiq istiqamət üzrə müasir dronların idarəolunmasının öyrənilməsi və yaranmış yeni ixtisaslar üçün kadr hazırlığının aparılmasıdır. Hazırlanan kadrlar daha sonra fermerlərə təlim keçərək onlara öz təsrrüfatlarında dronlardan istifadəni öyrədəcəklər. Dronlardan kənd təsərrüfatında istifadəyə 2010-cu illərdən başlanıb. İlk olaraq Çin, İsrail, ABŞ və Avropa ölkələrində dronlardan torpaqölçmə, torpaqların keyfiyyət analizi məqsədilə istifadə olunub. Daha sonra təkmilləşdirmələr aparılmaqla kənd təsərrüfatı fəaliyyətlərində pilotsuz uçuş aparatlarının istifadə dairəsi genişləndirilib. Hazırda dünyada dronlardan toxum səpini, mineral gübrələrlə gübrələmə, suvarma ehtiyaclarını müəyyənləşdirmə üçün də geniş istifadə olunur. Bundan əlavə,heyvanlar arasında xəstəliklərin yayılmasına da dronla nəzarət edilir - dron xəstə heyvanı vaxtında müəyyənləşdirir. Bir sıra Avropa ölkələrində hətta heyvanların dronlar vasitəsilə vaksinləşməsinə başlanılıb. ABŞ-da isə dronlardan balıqçılıqda da istifadə etməyə başlayıblar. Azərbaycanda isə dron dedikdə, ilk növbədə 44 günlük Vətən Müharibəsində qalib gəlməyimizdə xüsusi rolu olan hərbi məqsədli pilotsuz döyüş aparatları yada düşür. Böyük ehtimalla, Kənd Təsərrüfatı Nazirliyinin dronlardan aqrar sektorda istifadəni stimullaşdırmaq istiqamətli fəaliyyətləri yaxın illərdə fermerlərimizin bu aparatların yardımından bəhrələnməsinə imkan verəcək. Aqrar sahədə innovasiya (Əkbər Abbasov) - ARB24 (Gündəm) - YouTube Nazirliyin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Əkbər Abbasovun “Yeni Müsavat”a dediyinə görə, aqrar sektordan dronlardan çox müxtəlif məqsədlərlə istifadə olunur: “Avropada, ABŞ-da, İsraildə, Çində kənd təsərrüfatında dronlardan çoxdan istifadə olunur. Dronların ən geniş tətbiqi daha çoxmonitorinq və nəzarət funksiyaları ilə bağlıdır. Monitorinq və nəzarət funksiyaları isə adi kameralarla deyil, multispektral kameralarla həyata keçirilir. Belə kameralarla torpağın nəmlik dərəcəsi, qida maddələrilə zənginlik səviyyəsi, həmçinin bitkilərin böyümə, yetişmə vəziyyətini, onlarda hansısa xəstəliklərin olub-olmadığını müəyyən etmək olur. Bu, imkan verir ki, bitkilərdə olan xəstəlikləri daha tez, yəni insan gözü ilə görünəcək həddə çatmamışdan əvvəl aşkarlamaq mümkün olsun. Bu, həm də xəstəliyin daha geniş ərazilərə yayılmamışdan əvvəl aşkarlanması deməkdir. Beləliklə, dronlar bitki xəstəliklərinin erkən aşkarlanmasını, həmçinin onlara qarşı prepartaların yalnız xəstəlik yayılan ərazilərdə istifadəsini təmin edir. Bu, bir neçə baxımdan fermer-sahibkarlar üçün əlverişlidir. Birincisi, xəstəlik geniş əraziyə yayılmadığına görə qarşısını almağa daha az preparat sərf olunur. Nəticədə, fermerlərin xərcləri azalır. Eyni zamanda nə qədər qarşısı alınsa belə, xəstəlik bitkinin məhsuldarlığına mənfi təsir göstərir. Onun kiçik ərazidə olarkən qarşısının alınması fermerlərin daha çox məhsul əldə etməsini təmin edir. Nəhayət, xəstəliklərə qarşı preparatlardan az istifadə torpağın kimyəvi maddələrlə daha az çirklənməsinə, daha organik və təmiz məhsulların əldə olunmasına şərait yaradır. Dronlarla dərmanlama bitkilər üçün traktorla dərmanlamadan daha əlverişlidir. Traktor hər dəfə sahəyə çıxarılanda bitkilərin köklərinə zədə yetirməklə məhsuldarlığı aşağı salır. Gördüyümüz kimi, dronlardan istifadə bitkiçilik sahəsi üçün böyük üstünlüklər deməkdir”. Mərkəz rəhbərinin sözlərinə görə, heyvandarlıqda da dronlardan istifadə səmərəlidir: “Heyvanların izlənməsi, otlaq sahələrinə çatdırılması və sair işlərdə dronlardan istifadə olunur. Bizartıq üç ildir dronlardan istifadənin üstünlükləri barədə fermerlər arasında təbliğat işlərini təşkil etmişik. Artıq bir sıra təsərrüfatlarda dronlardan istifadə etməyə başlayıblar. Xüsusilə çiləyici dronlardan istifadə edənlər getdikcə artır. Mərkəzimiz ”Aqroservis" ASC-nin istifadəsinə 2 çiləyici dron vermişik. Yəqin ki, onlar fermerlərə dronlarla xidmət təklif edirlər. Aqrar Xidmət Agentliyinin təlim mərkəzlərinə də yaxın gələcəkdə dronlar veriləcək və onlar fermerlər arasında təlimlərə başlayacaqlar". Bəs fermerlər dronu haradan əldə edə bilərlər? Mərkəz rəhbəri deyir ki, xaricdən idxalla yanaşı, Azərbaycanda dron istehsalını təşkil edə biləcək bir neçə müəssisə var. Sadəcə, tələbat olmalıdır ki, istehsal da həyata keçirilsin. Onu da qeyd edək ki, Azərbaycana dron idxal etmək, onlardan istifadəyə icazə almaq mürəkkəb və çoxmərhələli prosesdir. Bəzi məlumatlara görə, drondan istifadə etmək üçün 4 dövlət qurumundan icazə alınması tələb olunur. Buna görə də aqrar istehsalçıların bu müasir texnologiyalardan sərbəst istifadəsini təmin etmək üçün qanunvericilikdəki baryerləri aradan qaldırmaq tələb olunur. Əldə etdiyimiz məlumata görə, hazırda qanunvericiliyə bu istiqamətdə dəyişikliklər hazırlanır. Dəyişikliklərin nə zaman qəbul ediləcəyi bəlli deyil. Bəlli olan odur ki, hərbi sənayemizdə bizə böyük üstünlük qazandıran dronlardan aqrar sektorda da eyni uğurla istifadə edə bilərik. “Yeni Müsavat” Geri dön |