Ana Sayfa > Cəmiyyət > Yeniyetmələrə peyvənd vurulmasına ehtiyac varmı – FİKİRLƏR HAÇALANIR
Yeniyetmələrə peyvənd vurulmasına ehtiyac varmı – FİKİRLƏR HAÇALANIR11-10-2021, 14:34. Yazar: admin |
Artıq ölkəmizdə 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 əleyhinə mRNT “Pfizer” (“Comirnaty”) peyvəndi vurulacaq. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT “Pfizer” (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qəbul etidiyi qərara görə, müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən, 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT “Pfizer” (“Comirnaty”) peyvəndi vurula bilər. Qeyd edilib ki, 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq. Valideynlər isə övladlarının COVID-19-a qarşı peyvənd olunmasına çox da müsbət yanaşmırlar. Belə bir sual yaranır: İndiki halda yeniyetmələrin COVID-19-a qarşı peyvənd olunmasına ehtiyac varmı? Mövzu ilə bağlı AYNA-ya danışan həkim-farmakoloq Müşfiq Hüseynov söyləyib ki, yeniyetmələrə COVID-19-a qarşı peyvənd vurulması dünya praktikasında olsa da, Azərbaycanda buna hələlik ehtiyav yoxdur: “Yeniyetmələrə peyvənd vurulması praktikası Amerikada, Avropanın bir sıra ölkələrində də var. Amma indiki halda Azərbaycanda buna – özü də “Pfizer” vaksininin yeniyetmələrə vurulmasına ehtiyac görmürəm. Çünki yeniyetmələr arasında demək olar ki, yoluxma halları yoxdur. “Delta” ştammının növbəti dalğasının səngidiyi bir zamanda və növbəti dalğının olub-olmayacağı barədə dəqiq məlumat olmadığı halda buna gərək yoxdur”. Mütəxəssis fikrini COVID-19-a qarşı peyvəndlərin orqanizmə təsirinin hələ bilinməməsi ilə əsaslandırıb: “Mən şəxsən vurdurmazdım. Çünki peyvənd COVID-19-a qarşı birmənalı olaraq təsirli olsa da, orqanizmə təsiri müəyyən deyil. Böyüklər bir yana, uşaqların orqanizminə necə təsir edəcəyi, hansı yan təsirlərinin olacağı barədə danışmaq hələ tezdir. Uşaqlar üzərində hələ test aparılmayıb”. “İndiki halda bunu düzgün saymıram, bir mənası da yoxdur. Əgər bu vaksinasiya prosesi xəstəliyin ağır və pik vaxtlarında olmadısa, indiki halda bunun məqsədi nədir - bu haqda danışmaq çətindir. Hər halda hökumət bu qərarı veribsə, bunu həyata keçirmək də çox çətin olacaq. Kütləvi şəkildə buna məcbur edilməsə, mən inanmıram ki, Azərbaycanda hansısa valideyn 12-15 yaşlı uşağına “Pfizer” vaksini vurdursun. Qərar kimi normal qəbul etmək olar, amma həyata keçirilməsi praktiki cəhətdən çox çətin olacaq”, - deyə Hüseynov fikrini yekunlaşdırıb. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı isə AYNA-ya açıqlamasında bildirib ki, bu qərar dünya tibb praktikasına əsaslanaraq verilib: “Bütün dünya ölkələri pandemiya ilə mübarizəyə səfərbər olub. COVID-19-a qarşı peyvəndin əldə olunması dünya tibbinin COVID-19 ilə mübarizədə ən böyük nailiyyətidir. Xəstəliyin ilk günündən dünyanın heç bir ölkəsində, hətta tibb elminin ən yüksək səviyyədə inkişaf etdiyi ölkələrdə belə, bu xəstəliyə qarşı necə mübarizə aparmağın, müalicə etməyin yolunu bilmirdilər. Artıq bu iki il müddətində dünya tibb elmi də kifayət qədər təcrübə əldə etdi. Tibb işçiləri, həkimlər, dövlətlərdə bu qlobal təhlükənin həm qarşısının alınması, həm də onunla mübarizə – müalicə və profilaktikası ilə bağlı təcrübə var. Ən böyük nailiyyət ondan ibarətdir ki, artıq peyvənd əldə edilib. Peyvəndə qədər heç bir müalicə metodu bilinmirdi, simptomatik əlamətlərə görə müalicə aparılırdı”. “Görünən odur ki, peyvənd olunanların demək olar ki, 100%-ə qədəri yüngül keçirir. Ağırlaşanlar əlavə xəstəlikləri olanlardır. Sağlam adam peyvənd olunursa, bunun heç bir qorxusu yoxdur. Peyvəndə qədər hər kəs bilirdi ki, ən sağlam adamın da yoluxduğu halda necə olacağı sual altındadır. Bir çox ölkələrdə əhalinin 50%-indən çoxu peyvənd olunub. Amerikada, Avropanın inkişaf etmiş ölkələrində artıq uşaqlar da peyvənd olunur”, - deyə deputat vurğulayıb. İbrahimqızı dünya təcrübəsinə istinad edərək, düşünür ki, 12-13 yaşlı uşaqların da peyvənd olunması daha yaxşı olar: “Tibb elminin COVID-19 ilə bağlı əldə etdiyi nəticədən biri odur ki, əhalinin 60-70%-i peyvəndlənərsə, o zaman bu virusla vidalaşa bilərik. Peyvəndləmə başlayarkən ilk növbədə 60-65 yaşdan yuxarı olanlar, risk qrupları peyvənd olunurdular. Artıq uzun müddətdir ki, aşağı yaş qrupları da peyvənd olunur. Azərbaycan özü velosiped kəşf etmir. Dövlətlər dünyanın inkişaf etmiş tibb elminin əldə etdiyi nailiyyətlərin nəticəsini toplayaraq yekun yol xəritəsini müəyyənləşdirirlər. Müsbət təcrübə göstərir ki, daha az yaşlı şəxslər – 12-13 yaşlı uşaqlar da peyvənd olunsa, daha yaxşı olar. Bu xəstəlikdən daha çox qorunmuş olarıq. Azərbaycan da müsbət təcrübəni öyrənərək tətbiq edir. Bu, bütövlükdə xalq sağlamlığının, demoqrafiyamızın qorunması istiqamətində aparılan mübarizədir. Bilirsiniz ki, uşaqlar bu xəstəliyi çox yüngül, bəzən simptomsuz keçirirlər. Uşaqlar daha çox daşıyıcı olurlar. Bu mənada müəyyən yaş qruplarında olan uşaqlara peyvənd vurulmasını müsbət qarşılamaq olar”. Həmsöhbətimiz əlavə edib ki, yeniliklərin çox zaman müqavimətlə qarşılanmasını nəzərə alsaq, bu məsələdə də neqativ fikirlər başadüşüləndir: “Yenilik hər zaman müəyyən müqavimətlə, etirazla qarşılanır. Ən mütərəqqi islahat da müəyyən çətinliklə üzləşir. Uşaqlara peyvənd vurulması ilk dəfə deyil. Onsuz da uşaqlar doğulan gündən müəyyən peyvəndlər vurulur. Onlar da uşaqların sağlamlığı üçün vacibdir. Bir sıra xəstəliklərə qarşı immunitetin yaranması deməkdir. Bu mənada dünya təcrübəsi bunu məsləhət görürsə, deməli lazımdır”. Geri dön |