Ana Sayfa > Cəmiyyət > Şəhid zabitimizin ailəsinə sözü: “Hamımız təqaüdə çıxsaq, vətəni kim qoruyacaq?” - FOTO
Şəhid zabitimizin ailəsinə sözü: “Hamımız təqaüdə çıxsaq, vətəni kim qoruyacaq?” - FOTO27-03-2021, 13:04. Yazar: admin |
4 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycanın oğulları canlarından keçdilər. Müharibədə şəhid olmuş qəhrəmanlarımızdan biri də polkovnik-leytenant Sadıqov Yaşar Fizuli oğludur. O, 1975-ci ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. 1993-cü ildə Ali Hərbi Məktəbə daxil olub. Həmin vaxtdan ömrünün sonuna kimi orduda xidmət edib. Şəhidimiz Aprel döyüşləri zamanı Lələtəpə istiqamətində gedən döyüşlərdə iştirak edib. Onun həyat yoldaşı Nişanə Sadıqova Oxu.Az-a açıqlamasında bildirib ki, Y.Sadıqov hər zaman vətənə bağlı olub: “Son dəfə evdən çıxan zaman mənə dedi ki, uşaqlara yaxşı bax, onlar sənə əmanət. Yaşar hərbi xidmətdən tərxis olunaraq təqaüdə çıxa bilərdi. Amma bunu etmədi. Ondan təqaüdə niyə çıxmırsan soruşanda hər zaman bizə bir cavab verirdi ki, hamımız təqaüdə çıxsaq, vətəni kim qoruyacaq? Oktyabrın 1-də qardaşı ilə danışan zaman deyib ki, anam məni vətən üçün doğub, vətən yaxşıdırsa, mən də yaxşıyam. Daha sonra ona zəng çatmayıb. Mən atasız böyümək nədir bilirəm. Heç zaman istəməzdim ki, uşaqlarım da taleyi mənimki kimi olsun. Vətən sağ olsun!”. Şəhidimizin ən böyük arzusu Azərbaycanın torpaqlarının tam işğaldan azad edilməsi olub. Şəhidin iki övladı yadigar qalıb. 46 yaşlı zabitin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb və 2021-ci il fevralın 27-də Bakıda yerləşən II Şəhidlər xiyabanında torpağa tapşırılıb. Geri dön |