Ana Sayfa > Cəmiyyət > Əfv Komissiyasının üzvü: “Hər müraciətə həssaslıqla yanaşılır”
Əfv Komissiyasının üzvü: “Hər müraciətə həssaslıqla yanaşılır”22-02-2021, 18:16. Yazar: admin |
“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası dövlət başçısının əfvlə bağlı on illərdir, davam edən humanist siyasətinin bu il, xüsusilə də onun Vətən müharibəsində qələbəmizdən sonrakı dövrdə həyata keçirilməsi üçün son dərəcə gərgin, hədəfli, ünvanlı, bilavasitə hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılan çərçivədə müzakirələr aparır”. Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc bildirib. Əfv Məsələləri Komissiyasının üzvü deyib ki, Əfv Məsələləri Komissiyası yeni tərkibdə formalaşıb və ilk iclasdan başlayaraq Əfv Məsələləri Komissiyasının sədri Samir Nuriyev tərəfindən hər bir komissiya üzvünün rəyinə dəyər verilir, şəxsin taleyinə, həyatına və onun azadlığa dönəcəyi təqdirdə gələcək hərəkətlərinə münasibətdə dəqiq dəyərləndirmələri özündə ehtiva edən müzakirələr aparılır: “Nəzərə almalıyıq ki, Vətən müharibəsindən sonra şəhid ailələrinin, qazilərin, o cümlədən ümumiyyətlə Vətən müharibəsində iştirak edən qəhrəman döyüşçülərimizin yaxınları, doğmaları da bu müraciətlərdə aktiv şəkildə yer alıblar”. Z. Oruc qeyd edib ki, ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əfv və amnistiya barədə qərarların hər birini “qızıl amnistiya”, “qızıl əfv” kimi xarakterizə etmək olar: “Bu əfv və amnistiyalarda yalnız konkret şəxslərin adları olmadığı təqdirdə bu aktların gözdən salınması yönündə mövqelərin sərgilənməsini doğru saymırıq. Bir məhbus digərindən üstün hüquqa, yaxud aşağı duruma malik deyil. Ümidvarıq ki, konkret olaraq aparılan müzakirələr hər zaman olduğu kimi, Prezidentin imzası ilə yenə də insanların bağışlanma və barış duyğusunu gücləndirmiş olacaq. Digər tərəfdən, hüquqi islahatlar təkcə əfv və amnistiya qərarları ilə deyil, eləcə də 2017-ci ildən dekriminallaşma ilə bağlı addımlarla müşayiət olunur. Cinayət qanunvericiliyində 300 maddə üzərində dəyişikliklər aparıldı. Bu, azadlıqdan məhrumetmənin əvəzinə azadlığın məhdudlaşdırılması kimi qabaqcıl dünya ölkələrində geniş tətbiq olunan praktikanın ölkəmizdə bərqərar olması deməkdir. Onu da qeyd edim ki, Əfv Məsələləri Komissiyasının üzvlərinin mətbuata müzakirələrlə bağlı məlumatları bir qədər çərçivədə vermələrinin səbəbi insanların gözləntiləri, hər bir konkret adla bağlı reaksiyalarla əlaqədardır. Bu isə nə etik sayıla, nə də Komissiyanın Əsasnaməsinə uyğun olmazdı. Buna görə Əfv Məsələləri Komissiyası millətin maraqları çərçivəsində, dövlətimizin ötən illər ərzində yürütdüyü siyasətə sadiq qalaraq verilmiş 66 əfv və 10 amnistiya qərarı nəticəsində minlərlə insanların azadlığa dönüşü ideyasını bir daha rəhbər tutaraq qarşıdakı günlərdə bu müzakirələri intensiv davam etdirəcək”. Z. Oruc vurğulayıb ki, yekunda hər bir şəxslə bağlı Əfv Məsələləri Komissiyasında səsvermə hər bir Komissiya üzvünün azad, sərbəst mövqeyi ilə müşahidə olunur: “Müzakirələrdə hakimiyyətin üç qolu ilə yanaşı, vətəndaş cəmiyyətinin, üçüncü sektorun təmsilçiləri də iştirak edirlər. Səsvermənin yekununda müsbət münasibət sərgilənən şəxslər belə ən sonda dövlət başçısının imzası əsasında azadlığa dönüş haqqını qazanır. Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndi məhz Prezidentə müstəsna olaraq belə səlahiyyət verib”. Geri dön |