Ana Sayfa > Cəmiyyət > “Ərim içki məclisində məni dostlarına təklif edirdi” - DƏHŞƏT (VİDEO)

“Ərim içki məclisində məni dostlarına təklif edirdi” - DƏHŞƏT (VİDEO)


19-02-2021, 10:29. Yazar: admin

“Bu rəngli qolbaqlardan xoşum gəlir. Boz həyatıma rəng qatan bircə bunlardır. Tək rənglərinə görə sevmirəm, elə bilirəm həyatımdakı ağrı-acını uşaqlara unutdurur. Bir də nə zamansa bizə uğur gətirəcəyinə inanıram”…

Qəhrəmanımız qolbaqlarına baxa-baxa asta səslə danışır. Sanki özü ilə dərdləşir...

5 aydı “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinə sığınıb. Adının çəkilməsini və fotolarda görünməsini istəmir. Anlayışla qarşılayırıq, “necə istəyirsən, elə də edərik” deyirik. Amma yenə nədənsə çəkinir, tərəddüd edir. Deyir, bu yaşa kimi heç kim mənə verdiyi sözü tutmayıb, ona görə heç kimə inanmıram.

Həyatda üzü gülməyən, otuz illik ömrünə bəlkə yüz illik əzab sığışdıran qəhrəmanıma şərti olaraq Sevinc adını verirəm. Yaşadıqlarından sonra onun və uşaqlarının sağ qalması möcüzədir. Ağır həyatının lap əvvəlindən danışmağa başlayır. Yaşamadığı, daha doğrusu, kimlərinsə yaşamağa qoymadığı uşaqlıq illərindən:

“Üç yaşım olanda atamla anam ayrıldılar. Babam və ögey nənəmlə, qardaşım isə atam və ögey anamla yaşadı. Atamgilə qonaq kimi gedirdim. Məktəbdə hamıdan yaxşı oxuyurdum, həkim olmaq istəyirdim. Dərsdən evə gələndə babam evdə idisə, ögey nənəm mənimlə mehriban davranırdı, evdə deyilsə zülm verirdi. Ən ağır işləri mənə gördürürdü. Beləcə, 12 il ögey nənənin “himayəsi”ndə qaldım. 16 yaşımda öz anam gəldi”.

Qəribədir, anasına qovuşmaq da ona səadət gətirmir. Ana keçmiş əri ilə sözü bir edib, onu 16 yaşında məcbur ərə verirlər. Özü bu işdən son anda xəbər tutur. Nə qədər eləsə də, heç kim göz yaşlarına, yalvarışlarına baxmır.

Sevinc özünü hər zaman tək, tənha bilib həyatda. Deyir, insana ən böyük zərbəni elə öz doğmaları vurur:

“9-cu sinifdə oxuyanda məni məktəbdən çıxartdılar. Ögey anam oxumağa qoymadı. Deyirdi, bizlərdə qız oxumur. Ərim məndən 9 yaş böyük idi. İlk bir ayı xoşbəxt idim. Sonra hər şey alt-üst oldu”.

2008-ci ildə qurulan evlilikdən üç uşaq dünyaya gəlir. Sevinc 11 yaşlı böyük oğlunu sonuncu mübahisələrindən öncə bibisi ilə rayona göndərir. Özü və iki uşaq sığınacaqda qorunsalar da, indi ən böyük narahatçılığı atası ilə qalan böyük oğludur. Oğlunu özü ilə içki məclislərinə aparan ata səhərə yaxın uşaqla evə gəlirmiş. Ananın dediyinə görə, yorğun, ac-susuz, yuxusuz qalan uşaq günü-gündən üzülürdü. Əlacsız qalan ana oğlunu qorumaq üçün atasından uzaq saxlamağa qərar verir və uşağı bibisi ilə birgə rayona göndərir.

Dəfələrlə həyat yoldaşını içkidən çəkindirməyə çalışır. Hər dəfə bu cavabı eşidir: “Mən içkini səndən öncə tanımışam”. 12 illik ailə həyatında bütün əzablara, zülmlərə yalnız övladlarına görə dözdüyünü deyir:

“Mən atadan, anadan ayrı yaşamağın nə olduğunu bilirəm. Ona görə, çalışırdım ki, uşaqlarım mənim yaşadıqlarımı yaşamasın. Sevgisiz böyüməsinlər, kindən, nifrətdən uzaq olsunlar. İndi də onlarda atalarına qarşı kin yaratmıram, pisləmirəm. Mənim həyatım nifrətlə, qəzəblə keçib. Həmişə də içimə atmışam. Uşaqlarımın da mənim kimi olmasın istəmirəm”.

Otuz yaşlı Sevincin qollarında, bədəninin hər yerində intihar cəhdlərinin izi var. Kəsik-kəsik olan qollarını sığınacaqda ona bağışlanan müxtəlif rəngli qolbaqlarla gizləyib. Bu qolbaqların ona ümid, uğur gətirəcəyinə inanır.

Sevincin danışdıqlarını sakit dinləmək mümkün deyil. Bir insan, bir ata öz ailəsinə niyə bu cür işgəncə versin? O, bu sualın cavabını belə izah edir:

“Onun atası da özü kimi olub. Uşaq ikən ona yaşadılanlarını bizə yaşadır. Bunu özü, bacıları, anası dəfələrlə etiraf edib. Məsələn, mən də əzablarla böyümüşəm. Ondan fərqli uşaqlarımın belə yaşamaması üçün həyatımı da qurban verirəm. Amma o... O, hər dəfə içəndən sonra bizim sabaha sağ çıxmamız Allahın möcüzəsi idi. İçkili vaxtı məni üzbəüz oturdub, başımın üzərinə bıçaq atırdı. Həmin an divara dəyən bıçaq üzümə, gözümə, bədənimə dəyə bilərdi. Sonra bir-bir uşaqları oturdurardı. Eynən onlara da belə edərdi. Ağlayıb, özümü öldürürdüm. Uşaqlar sakitləşim deyə qorxsalar belə məni təsəlli edirdilər ki, ana, ağlama, heç nə olmayacaq, qorxma.

Gecə ikən uşaqların boğazına bıçaq dirəyib onları yuxudan oyadırdı ki, mənimlə getməlisiniz. Yatdıqları yerdə gəlib ayaqlarından tutub qaldırıb, yerə atırdı. Bir dəfə də alnıma tüfəng dirədi. Baldızım tez gəlib tüfəngi əli ilə yuxarı qaldırdı. Güllə mənə yox, tavana dəydi. 12 ildir hər günümüzü qorxu ilə yaşamışıq”.

O, danışdıqca biz dəhşətə gəlirdik. Deyir ki, əri dostları ilə evdə içki məclisi qurandan sonra sonda evi tərk edib, onu dostlarına təklif edir:

“8-9 ildir ki, mənə siqaret çəkdirdi, içki içdirdi. Bura, sığınacağa gələndən içki içmirəm, amma siqareti hələ də tərgitə bilmirəm. Dəfələrlə dostları ilə evdə içki məclisi təşkil edib. Hər dəfə məni də məcbur stolda oturdub içirdirdi. Uşaqlar mənə deyirdilər, mama, nə deyirsə elə, bircə evdə söz-söhbət olmasın. Axırda siqaret almaq adı ilə evdən çıxırdı və məni açıq şəkildə dostlarına təklif edirdi. Onlar məni tanıyırdılar, necə biri olduğumu bilirdilər. Ona görə başlarını qaldırıb, üzümə də baxmırdılar. Hamısı onun kimi içkinin qurbanı idilər. Onun yanında olsaydım, uçuruma gedərdim, axırım yaxşı olmazdı...”

Bununla da bitmir. Yoldaşının bu iyrənc təkliflərindən cana doyan Sevinc yenidən rayona, ata dediyi, qayınatasıgilin yanına gəlir. Üçüncü övladına hamilə olan 21 yaşlı qadın burada dinclik, rahatlıq tapmaq istəyir. Amma...

Sevinc davam edir:

“Bir gün qaynanam evdə yox idi. Ata ilə mən idim. Dedi, gəlin, gəl belimi ovxala. İşimi yarımçıq saxlayıb, gəldim belini ovxaladım. Dedi ki, indiyə kimi belimi belə ovxalayan olmayıb. Təəccüblə, dedim ki, ata, niyə elə deyirsən, ana bütün işin-gücün arasında sənin ayaqlarını, əllərini, belini ovxalayır. Sənin kimi belə edən olmayıb, dedi. O qədər sözlər dedi...”

Utana-utana qaynatasının ona dediklərini söyləyir:

“Sən cavan gəlinsən çox tələbatın olar. Mən bu yaşımda 18 yaşdakı kimiyəm. Bir daş altda, bir daş üstdə… Bu yurdu-yuvanı sənin adına yazdıracam, hər şeyin olacaq”.

Şoka düşən gəlin qorxusundan bunları heç kimə demir:

“Kimə deyim, kim inanar buna? Çöldə paltar islatmışdım. Getdim, işlərimi görməyə. Gedib-gəlib deyirdi ki, yaxşı fikirləş ha, bir daş altda, bir daş üstə! Qayınanama demək istəyirəm, amma fikirləşirəm ki, deyəndən sonra görən nələr olacaq, hansı hadisə baş verəcək?”

Sevinc ata dediyi bu adamı öldürməyi, işi qayınanasına atmağı da düşünüb. Son anda fikrindən daşınıb.

Amma sonda olub-keçənləri baldızına, qayınanasına deməyə qərar verir. Düşündüyünün əksi olur. Həyat yoldaşını, atasını yaxşı tanıyan ana və qız onu anlayırlar. Amma bu hadisəni bir kimsəyə deməməyi tapşırırlar. Bir müddətdən sonra isə həyat yoldaşı olub-bitənlərdən xəbər tutur. Böyük söz-söhbətdən sonra onu yenidən yanına, cəhənnəm dolu günlərə qaytarır.

Sevinc 12 ildir hər şeyin yaxşı olacağını vəd edən baldızının, qayınanasının sözünə inanmır artıq. Övladları ilə birgə yeni həyata başlamaq üçün 5 aydır ki, sığınacaqdadır. Yaxın zamanlarda rəsmi boşanacaq. Ən böyük arzusu özünə iş tapıb, övladları ilə birgə sakit, rahat yaşamaqdır. Bir də böyük oğlunun yanında olmasını istəyir. Özü belə deyir:

“Bura gələndən sonra mən, uşaqlarım hüzur nədi bildik, rahat yatmaq necə olur, gördük. 29 yaşıma qədər ilk dəfə burada təmənnasız sevgi necə olur onu gördüm, hiss elədim. Bircə oğlum da yanımda olsa, bütöv olaram. Onu da yanıma gətirsəm, gəlib bizi öldürəcək. Ən qorxulu insan heç nədən qorxusu olmayandır. Deyir, səni yanındakı uşaqları öldürüb, həbsdə yatıb çıxacağam, amma uşağı sənə verməyəcəm. Yanımda heç kimin olmasını istəmirəm. Uşaqlarım, qardaşım və mən.... Biz belə xoşbəxt olacağıq”. //lent.az//
Geri dön