Ana Sayfa > Cəmiyyət > “Azəriqaz”ın qanunlara zidd sayğacdəyişmə əməliyyatı – Ay yarıma 162 manat...
“Azəriqaz”ın qanunlara zidd sayğacdəyişmə əməliyyatı – Ay yarıma 162 manat...12-02-2021, 12:41. Yazar: admin |
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən yeni sayğacların quraşdırılması insanlar tərəfindən çox ciddi narazılıqla qarşılanır. Bir çox insanlar bu sayğacların sərfiyyatdan daha çox pul yazdığını iddia edirlər. KONKRET.az xəbər verir ki, iqtisadçı Samir Əliyev də “Azəriqaz”-ın yeni “sayğac əməliyyatı” haqqında etirazını bildirib. İqtisadçı qeyd edir ki, atasının yaşadığı mənzilə mexaniki qaz sayğacının ilk göstəricisi gəlib. Məlum olub ki, ay yarım ərzində qaz sərfiyyatı 162,8 manatdır: “Söhbət çörəkbişirmə sexinə yox, 6 nəfərlik ailəyə gələn bildirişdən gedir. Bildirişdəki göstəricini oxuyanda, təbii ki, fikrimdən “növbə, nəhayət ki, bizə də gəldi” düşüncəsi keçdi. Çünki sosial şəbəkələrdə sayğacların normadan artıq sərfiyyat yazması ilə bağlı əhalinin narazılıqları uzun müddətdir səngimir. “Azəriqaz” isə heç nə olmamış kimi prosesi davam etdirir və abunəçilərin hüquqlarını kobud surətdə pozur”. İqtisadçı Samir Əliyev pozuntuların nədən ibarət olduğunu da açıqlayıb: “Azəriqaz”ın işçiləri sayğacları abunəçinin iradəsindən kənar, onun rəyini nəzərə almadan və xəbərdar etmədən dəyişir. “Qaz təchizatı haqqında” Qanunun 13.9-cu maddəsində yazılıb: “Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir”. Bizim nümunədə abunəçilərin sayğacların dəyişilməsindən, ümumiyyətlə, xəbərləri olmayıb. İkincisi sayğacların dəyişdirilməsi abunəçinin iştirakı olmadan həyata keçirilib. Təsəvvür edin ki, əvvəlki sayğaclar smart kartlarla işlədiyindən abunəçilər mobil rabitə sistemində olduğu kimi, öncədən kartlarının balansını artıblar. “Azəriqaz”ın işçiləri isə abunəçinin özü olmadan smart kartdakı balansı yeni sayğaca “köçürüblər”. Halbuki, sayğaclar dəyişilən zaman son göstərici abunəçinin iştirakı ilə akt əsasında götürülməli, abunəçinin özü tərəfindən imzalanmalıdır. Təsəvvür edin, Xırdalanın Quşçuluq massivində bütün küçənin sayğacını abunəçilərin xəbəri olmadan dəyişiblər. “Azəriqaz” necə sübut edəcək ki, balansda olan qaz ehtiyatını təhrif etmədən yeni sayğacın balansına köçürüb? Öz işçilərinin imzaları ilə?”. İqtisadçı deyir ki, diqqəti çəkən məqamlardan biri də qabaqcadan ödəniş sistemi olan smart kartdan sonra abunəçiyə gələn ilk bildirişdə borcun olmasıdır: “Axı qabaqcadan ödəniş sistemində borc necə ola bilər? Xırdalanın Qaz idarəsində bunun səbəbini öyrənəndə deyiblər ki, sayğaclar dekabrın 15-i dəyişib və borc da ötən ilin son 15 günündə işlədilən qaza görə yaranıb. Cavab ağlabatan olsa da, ərazidə yaşayan sakinlər bunu təsdiq etmirlər və deyirlər ki, sayğaclar daha gec – yəni dekabrın 25-26-sı tarixlərində dəyişdirilib. İlk baxışdan tarixin önəm daşımadığını düşünə bilərik, əslində isə elə deyil. Bildirişə diqqət yetirsəniz görərsiniz ki, əvvəlki göstərici, yəni borc olaraq 536 kubmetr yazılıb. Yəni atamgil 6 günə bu qədər qaz (107,2 manat) işlədib. Sanki su elektrik stansiyası işlədiblər. Özləri də bilirlər ki, sərfiyyat real və inandırıcı görünmür. Çıxış yolu sərfiyyatın müddətini 15 günə qədər artırmaq olub. Dərinə getsək, hətta 15 gün üçün də bu göstərici çoxdur. Bir də diqqətimi bildirişin üzərindəki bu cümlə çəkdi: İlin əvvəlindən cari ayadək istifadə olunmuş qaz sərfiyyatı (kub metr ilə): 0.00. Bildirişin fevralın 1-də gəldiyini nəzərə alsaq, belə çıxır ki, yanvar ayı ərzində qaz sərfiyyatı olmayıb. “Azəriqaz”ın bu tip qanunsuzluğu adi hal alıb. Tarif Şurasının qazın qiymətinin artırılmasını müvəqqəti dayandırmasını sayğac əməliyyatı ilə kompensasiya edirlər. Sayğacları dəyişərək abunəçilərə sərfiyyatdan artıq borc yazırlar. Sayğaclardan şikayət edəndə isə smart sayğac quraşdırmağı təklif edirlər. Belə yerdə “durmuşdu da yerində, nə işin var idi” sözü yerinə düşür. Ölkədə qaz təminatı təbii inhisarçı olan “Azəriqaz”ın səlahiyyətindədir. Əhalinin seçim hüququ yoxdur. Bazarda taksi şirkətlərində olduğu kimi başqa şirkət yoxdur. “Azəriqaz” isə inhisarçı üstünlüyündən istifadə edərək əhalinin hüquqlarını kütləvi şəkildə pozur. Rəsmi dövlət qurumları isə bu məsələni kənardan seyr edirlər”. Geri dön |