Ana Sayfa > Cəmiyyət > Mərkəzi Bankın 450 milyonluq müəmmalı susqunluğu: - Elman Rüstəmov ictimai narazılığı niyə “görmür?”

Mərkəzi Bankın 450 milyonluq müəmmalı susqunluğu: - Elman Rüstəmov ictimai narazılığı niyə “görmür?”


18-01-2021, 15:38. Yazar: admin
Mərkəzi Bankın 450 milyonluq müəmmalı susqunluğu: - Elman Rüstəmov ictimai narazılığı niyə “görmür?”

Mərkəzi Banka yeni - 450 milyon manat dəyərində binanın tikintisi ilə bağlı məsələ ictimaiyyətin ciddi narazılığına səbəb olub.

Xatırladaq ki, bu məsələ yanvarın 7-dən – Türkiyə mediasının “Tekfen Holding”-in törəmə şirkəti olan “Tekfen İnşaat”a istinadən yaydığı məlumatdan sonra gündəmdədir. Həmin məlumatda şirkətin Azərbaycan Mərkəzi Bankının inzibati binasının inşasına başlaması ilə əlaqədar rəsmi bildiriş məktubu aldığı və müqavilə danışıqlarına başladığını açıqlanıb. Müqavilənin təxminən 250 milyon dollar olaraq qiymətləndirildiyi bildirilib. Sonradan müqavilənin bağlanması haqda yayılan məlumatda məbləğ 218 milyon avro kimi göstərilib ki, bu da dəyər ifadəsində əvvəlki rəqəmlə müqayisədə daha yüksəkdir.

Xəbərdən dərhal sonra məsələ sosial medianın, onlayn və yazılı mətbuatın, televiziyaların müzakirə mövzusudur. Müxtəlif media qurumlarını təmsil edən jurnalistlər məsələ ilə bağlı Mərkəzi Bankdan açıqlama almağa çalışsalar da, Elman Rüstəmovun rəhbərlik etdiyi qurum israrlı susmağa davam edir. Başqa sözlə, ictimai narazılığı görməzdən gəlir. Əslində isə bunu susqunluq yox, etinasızlıq adlandırmaq daha doğru olar. Narazılıqların səbəbi isə bəllidir – bina tikintisinə 450 milyon manat pandemiya şəraitində, əhalinin gəlirlərinin azaldığı, post-müharibə dövrünü yaşayan, şəhid, qazi, müharibə iştirakçılaırnın çox sayda probleminin həllini gözlədiyi, Qarabağın 30 illk işğaldan azad olunmasından sonra böyük bərpa və qayıdış ərəfəsində olduğu bir ölkədə ayrılıb.

Digər tərəfdən, Bakının ən gözəl məkanlarından birində yerləşən bankın indiki binası öz görkəmi ilə göz oxşayır. Kənardan burada hər hansı qurumun rahat çalışması üçün bütün imkanların olduğu müşahidə olunur. Bankın indiki binası istifadəyə o qədərmi yararsız idi ki, 450 milyon manatlıq yeni binaya ehtiyac duyulub? Halbuki həmin vəsaitlə aztəminatlı sosial qrupların durumunun yaxşılaşdırılması isitqamətində müəyyən dəyişklik etmək mümkündür.

İqtisadçıların rəyinə görə, bu vəsait Azərbaycanda təhsil sektorunda çalışanların bir illik əmək haqlarının 2 dəfə artırılmasına və ya 1 milyondan çox sosial müavinət alanların müavinətlərinin artırılmasına sərf oluna bilərdi. Bu vəsaitin neft emalı zavoduna ayrılması, zavodun modernləşdirilməsi və nəticədə benzin və dizelin əhaliyə daha ucuz qiymətə satılması mümkündür. Və digər mühüm məsələ - bu məbləğ işğaldan azad olunan ərazilərimizin bərpası üçün təxmin olunan vəsaitin böyük bir hissəsi qədərdir. İndiki dövrdə həmin ərazilərin bərpası dövlətin qarşısında duran ən böyük vəzifələrdən biridir və yüz minlərlə vətəndaşımızın 30 illik həsrətdən sonra doğma yurd-yuvasına qayıda bilməsinin də əsas şərtlərindəndir.

Ancaq görünür, Mərkəzi Bank üçün bu problemlərin heç biri problem kimi görünmür və qurumun gündəmində deyil. Bankın susqunluğu cəmiyyəti qıcıqlandıran məqamlardan birinə çevirilib. Əgər belə bir böyük məsrəfli layihə o qədər vacibdirsə, bank bunun səbəblərini ictimaiyyətə açıqlamalıdır. Bəlkə doğrudan da mövcud binada bankın işləməsi üçün şərait yoxdur və bu içtimaiyyətə bəlli deyil. Mediada müzakirələrə, tənqidlərə rəğmən, hər hansı bir açıqlama verilməyə lüzumun görülməməsi ictimai rəyə etinasızlıqdan daha çox sayğısızlıq kimi anlaşılır.

İqtisadçı Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, Mərkəzi Bank binasını öz təşəbbüsü ilə dəyişmir:

“Bu binanın tikintisi Mərkəzi Bankın deyil, hökumətin təşəbbüsüdür. Əvvala həmin tenderinin necə keçirilməsi, orada hansı şirkətlərin iştirak etməsi, onun necə udulması haqqında informasiya çox təəssüf ki, hökumət tərəfindən deyil, vətəndaş cəmiyyəti tərəfindən yayıldı. Bu, Azərbaycan cəmiyyəti üçün açıq elan olunmalıdır, əsaslandırılmalıdır, səbəbləri göstərilməlidir ki, bu bina nəyə görə lazımdır. Çünki indiki mərhələdə hətta Azərbaycan statistikası kimi siyasiləşmiş statistika belə iqtisadiyyatın kiçildiyini, göstəricilərin azaldığını etiraf edib. Digər tərəfdən, müharibə baş verib və biz bu müharibədə canlı qüvvədən əlavə, xeyli vəsait itirmişik. 4 milyard manat vəsaitin xərcləndiyi açıqlanıb. Ona görə də hesab edirəm ki, belə bir layihənin həyata keçirilməsinin ciddi əsasları olmalıdır və bu əsaslar cəmiyyətə açıq şəkildə bəyan edilməlidir”.

Akif Nəsirli bildirib ki, hökumət məsələyə münasibət bildirməlidir: “Cəmiyyət bunu gözləyir”.

Sonda onu da xatırladaq ki, digər bir binanın Dövlət Gömrük Komitəsi (DGK) üçün tikiləcəyi açıqlanıb ki, hələ ki, layihənin bünövrə xərcləri açıqlanıb. Komitənin yeni inzibati binasının tikintisi üçün bünövrə işlərinin görüləcəyi tenderinin qalibi də bəllidir. DGK-nın yeni binasının bünövrə işlərini “Progress” Sənaye İstehsalat Şirkəti görəcək. DGK işlərin yerinə yetirilməsi üçün şirkətə 1 milyon 331 min 833 manat ödəyəcək.
Geri dön