Ana Sayfa > Cəmiyyət > Ölümünü əvvəldən duyaraq arzularını atasına vəsiyyət edən şəhid
Ölümünü əvvəldən duyaraq arzularını atasına vəsiyyət edən şəhid22-12-2020, 09:04. Yazar: admin |
Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən olan Xəyyam Hüseynovun həyatı maraqlı məqamlarla zəngindir. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Hüseynov Xəyyam Hüseyn oğlu Göyçayda doğulub. Orta məktəbi əla qiymətlərlə oxuyan Xəyyamın uşaqlıq illəri ailəsi və dostları tərəfindən xoş anlarla xatırlanır. Dostları onun haqqında mərd insan kimi söhbət açırlar. Xəyyam Hüseynov orta təhsilini bitirdikdən sonra ali məktəbə, müəllimlik ixtisasına qəbul olub, lakin özünü bu sahədə görmədiyindən sonradan qərarını dəyişib. Hərbi xidmətə yollanan Xəyyam “N” saylı hərbi hissədə düşmənlə üzbəüz hərbi xidmət edərək, çətin yollardan keçib. Hərbi xidmət illərində təltif və təşəkkürnamə alıb, əsgərliyini uğurla başa vurub. O, hərbi xidmətdən sonra isə yenidən doğma yurduna, ailəsinin yanına dönüb. Xəyyam incəsənətə böyük göstərir, hətta rejissor olmaq istəyir. Lakin ermənilərin cəbhədəki təxribatları, Vətən müharibəsi onun arzularını nakam qoyur. Ailə üzvləri bildirir ki, Xəyyam hələ müharibədən əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinə gedərək adını könüllülər siyahısına yazdırır, cəbhəyə getmək istədiyini deyir. O, sentyabrın 20-də yenidən hərbi xidmətə çağırılır. Ön cəbhədə olan Vətənin müdafiəsinə qalxan Xəyyam daim telefonla ailə üzvləri ilə əlaqə saxlayıb. O, sanki şəhidlik zirvəsinə ucalacağını duymuşdu. Sentyabrın 26-da atası ilə son dəfə telefonla danışan Xəyyam ondan halallıq istəyib və iki arzusunun yerinə yetirilməsini istəyib. Bunlardan birincisi bacısının övladına öz adının verilməsi, ikincisi isə şeirlərinin kitab şəklində çap edilməsi idi. Az sonra Ağdərə istiqamətində gərgin döyüşlərə qatılan Xəyyam ilk döyüş tapşırığını uğurla yerinə yetirib. Lakin ikinci tapşırığa gedəndə isə ağır yaralanaraq şəhid olub. Qırx dörd günlük Vətən müharibəsi başda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev olmaqla, məhz Xəyyam və onun kimi mərd oğullarımızın sayəsində qələbə ilə nəticələndi. Allah rəhmət eləsin! Geri dön |