Ana Sayfa > Cəmiyyət > Jurnalist olaraq mən də ev istəyirəm! - Cəmi üçcə otaqlı!

Jurnalist olaraq mən də ev istəyirəm! - Cəmi üçcə otaqlı!


22-07-2020, 12:16. Yazar: admin
Jurnalist olaraq mən də ev istəyirəm! - Cəmi üçcə otaqlı!

Bu ölkədə doğulan hər kəs dərdlə doğulur - Vətən dərdi ilə! Bu ölkədə hər kəs vətənsiz doğulur - Qarabağsız doğulur! Bu ölkədə hər kəs özü boyda Vətən dərdi gəzdirir ürəyində - qara düyünə dönmüş, Qarabağ dərdi! Bu düyün, bu yara nə sağalır, nə qaysaq bağlayır, nə də qanı quruyur!

Bu ölkədə heç kəsin evi yoxdur, amma hamının Qarabağ adlı bir evi var! Düşmən tapdağında olan, hamının getmək istədiyi, heç kimin gedə bilmədiyi bir yurd, bir ev var bu ölkədə - Qarabağ!

Bu ölkədə Vətən qədər yaralı, Vətən qədər ağrılı bircə adam da yoxdur! Var idi, onlar da Vətən oldular! Qanlarını torpağa töküb, Vətənə çevrildilər! Biz onlara şəhid, qəhrəman dedik, ayaqüstə alqışladıq, amma onlar qədər Vətən olmağa, vətəndaş olmağa cəsarətimiz çatmadı!

Bu ölkədə hər gün minlərlə Vətənsiz övlad doğuldu! Vətənsiz, evsiz, küçələrdə, çadırlarda, qayğı görmədən!
O uşaqlar min bir əziyyətlə böyüdü, gələcəkləri sual altında, keçmişləri əzabla! Dərdləri özlərindən daha tez böyüdü! Uşaqlıqlarını yaşamadan böyüdülər! İllərin gətirdiyi dərd-sər onlardan hər il daha böyük oldu! Ağladılar, ağlaya bilmədilər, güldülər, gülə bilmədilər! Güləndə gülüşlərindən Qarabağ adlı bir dərd, alağlayanda göz yaşlarından Qarabağ adlı bir ümid boylandı!

Bu ölkədə dərdlə böyüyənləri Vətən dərdi daha çox özünə çəkdi! Hər il daha çox Vətən oldular, içində Vətən həsrəti yaşadanlar!

Bu ölkədə Vətən adlı evi unudub, bir də ev davası döyənlər var! Onlar hamıdan daha çox haqlıdırlar - öz dünyalarında! Səsləri hamıdan daha möhkəm çıxar, daha çox Vətənsevər adlandırarlar özlərini.
4 divar üçün bütün dünya ilə düşmən olmağa, hər şeyi satmağa hazır olanlar da var bu ölkədə!

Xisləti naqis, məqsədi şəxsi eqosu üzərində qurulanlar üçün Vətəndən danışmaq bihudə! Onlar üçün Qarabağ adlı dərd, yaralı Vətən deyə dəyər də yoxdur! Onlar şəhərin mərkəzində ev istəyərlər! Halbuki o evi Qarabağda istəməli olduqlarını unutdular...

Bir jurnalist kimi mən də ev istəyirəm! Qarabağda, Şuşada! Şəhərin ən görməli yerində. Cəmi üçcə otaqlı! Bir otağın pəncərəsi Cıdır düzünə, bir otağın pəncərəsi İsa bulağına, bir otağın pəncərəsi isə Qırxqız yaylağına baxan! Hər gün o evdə Xanı, Bülbülü, Üzeyiri dinləyim! Hər gün Vətənin azadlığını daha çox duyum, onun bütövlüyünü görüm! Daha çox Vətən ola bilim!

Məncə çox şey istəmirəm! Vətəni istəyənlərin hamısının istədiyindən istəyirəm!
Elmar Hüseynov
Geri dön