Ana Sayfa > Cəmiyyət > Polisdən, yoxsa virusdan qorunma vasitəsi?

Polisdən, yoxsa virusdan qorunma vasitəsi?


11-07-2020, 08:42. Yazar: admin
Polisdən, yoxsa virusdan qorunma vasitəsi?
Pandemiya “xəmiri” hələ çox “su” aparacaq, deyəsən. İstər iqtisadi münasibətlər sistemində olsun, istərsə də siyasi və ya humanitar sferalarda. Burası da aydındır ki, COVİD-19-dan sonra qalacaq iri “çapıqlar”, bəlkə də, onilliklər boyu özünü göstərəcək, insanlıq üçün xəbərdarlıq rəmzinə çevriləcək. Qalır, həmin “çapıqları” ciddiyə almaq.

Ümid edək ki, heç olmasa, prosesin ortasındayıq. Sonu yaxınlaşdırmaq isə hər birimizdən asılıdır, nəinki Operativ Qərargahın təlimatları və əhaliyə xəbərdarlıq eləməkdən dili qabar olmuş həkim-infeksionistlərin tövsiyələrindən. Çünki insanların və onların həyatlarının bir-birindən bunca asılı duruma düşdüyü zaman olmayıb. Di gəl, problem də ondadır ki, toplumda bu, yetərincə dərk edilmir. Halbuki, bütün dünyada uğurla sınaqdan çıxmış “qızıl qaydalar”ı hamı bilir. Velosiped kəşf eləməyə, vaksin-zad gözləməyə ehtiyac yox ki. Tibbi maska, sosial məsafə, dezinfeksiya, bir də qapalı, kütləvi məkanlardan qaçmaq.

Hansı toplumlar səbirlı buna əməl edib, xeyir tapıb, “ağ gün”ə çıxıb. Başqa sözlə, bu, sadəcə, quru nəzəriyyə deyil, həm də təcrübə ilə təsdiqlənmiş qaydalardır. Biri elə qonşumuz Gürcüstan. Orada postsovet məkanı üçün ən aşağı yoluxma və ölüm faktı qeydə alınıb. Situasiya tam normallaşmaq üzrədir. Artıq qərb qonşumuz öz sərhədlərinin bir neçə Avropa ölkəsi üçün açıq elan edib. Təbii ki, oradan gələcək şəxslərlə bağlı müəyyən tələblər də var.

Azərbaycanda isə hələ də məsələni lağlağıya çevirən böyük bir kütlə var. Pandemiyanın 5-ci ayı gedir, nə qədər yaşlı-cavan, həkim-tibb personalı virusun qurbanı olub, nə qədəri də bu dəqiqə kritik durumda, reanimasiya şöbələrindədir, amma bu insanlar baş verənlərin bir oyun olduğu qənaətindədirlər. Daha nələr olmalıdır, görəsən?

Virus üçün əsl ziyafət (kef) məclisi rolu oynayan gizli qonaqlıqlar, gizli toy-nişan mərasimlərı, ad günləri məclisləri hələ də davam edirsə, kimi aldadırıq ki?

Biz cəmiyyət olaraq, bir şeyi nəzərə almalıyıq: istər sərt karantin olsun, istərsə də yumşaq, onların heç biri nəticə verməyəcək, əgər insan öncə öz şüurunda karantin elan eləməsə. Yəni yenə küçə-bayırda, qapalı məkanda maska taxmadan cərimələrdən yayınmağı xüsusi bacarıq, igidlik hesab edəcəyiksə, tibbi maskaya virusdan deyil, polisdən qorunma vasitəsi kimi baxacağıqsa, marketlərə girəndə, avtobusa minəndə yalnız poqonlu adamı görərkən maskanı çənəmizdən ağız-burnumuza qaldıracağıqsa, onda virus hələ uzun müddət yaxamızdan əl çəkməyəcək. Zira, COVİD-19 çənədən keçmir!..

Yeri gəlmişkən, Gürcüstandakı uğurun bir səbəbi ictimai şüurun yüksək olması sayılırsa, digəri inzibati cəza tədbirlərinin olduqca sərtliyidir. Yanılmırıqsa, qonşu ölkədə maska taxmamağa görə cərimənin məbləği 1000 dollar civarındadır. Bu, bir epizoddur ki, xatırlatdıq. Əlbəttə ki, əsas olan problemin elliklə, eyni cür qavranıb qəbullanmasıdır. Yalnız o halda “ellə gələn bəlaya” çarə tapıla bilər. Bu yerdə yenə İslam Peyğəmbərinin (s) bir qiymətli kəlamını yada salmaq lazım gəlir: “Ən böyük cihad nəfslə mübarizədir”.

Mübarizə aparırıqmı? Həyatımızı alt-üst edən pandemiyaya görə ənənəvi yaşam tərzimizə heç olmasa bir azca, müvəqqəti düzəliş edirikmi, həyatımıza çəki-düzən veririkmi? Vermirik, çünki nəfsani istəklərimiz qoymur. Köhnə qaydada yaşamaq vərdişindən bir neçə aylığa belə, əl çəkə bilmirik. Maniakal şəkildə. Amma vahid canlı orqanizm kimi cəmiyyətin özünüqoruma instinkti çoxdan işə düşməli idi...

Müasir təbabətdə belə bir üsul var. Kritik durumda olan xəstələri bəzən süni koma vəziyyətinə salırlar ki, bədəndə maddələr mübadiləsi aşağı səviyyədə getsin, orqanlara və sistemlərə çox güc düşməsin və insanın medikamentoz üsulla sağalma şansı artsın. Demirik ki, cəmiyyət olaraq, komatoz vəziyyətinə salınaq. Ancaq fərdlər heç olmasa, bir-birinə kömək olmalıdır ki, yerdə həkimlər, göydə Allah da bizə yardımçı ola bilsinlər.

Özünü qorumayanı Allah da qorumaz...
Geri dön