Ana Sayfa > Cəmiyyət > "Oqtay Şirəliyev və Cahangir Əsgərov həbs olunmalıdır" - Rəşad Bayramov

"Oqtay Şirəliyev və Cahangir Əsgərov həbs olunmalıdır" - Rəşad Bayramov


29-06-2020, 08:27. Yazar: admin
"Oqtay Şirəliyev və Cahangir Əsgərov həbs olunmalıdır" - Rəşad Bayramov

AMİP Siyasi Şurasının üzvü Rəşad Bayramovun Ovqat.com-a müsahibəsini təqdim edirik:

-Rəşad bəy artıq neçə aydır ki, ölkəmiz və ümumilikdə dünya pandemiya şəraitində yaşayır. Azərbaycanda virusun yayılmağa başladığı ilk günlərdən etibarən AMİP, virusun yaratdığı fəsadların qarşısının alınması üçün müvafiq təkliflərlə çıxış edib. Təklifləriniz nəzərə alındımı?

-Həm hə, həm də yox. Hə, ona görə ki, təkliflərimizin əksəriyyəti ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərarlar verildi. Yox, çünki verilən qərarların icrası doğru-düzgün həyata keçirilmədi. Bu problem tək bu günün problemi deyil, Azərbaycanda ümumiyyyətlə qəbul olunan qərarların icrası problemi həmişə olub və bu gün də var. Hətta ən yaxşı qərarların belə, icrası o yöndə aparılır ki, nəticədə onun effektivliyi şübhə altına alınır. İndi də eyni şey baş verir. Məsələn, işsiz və ya pandemiya şəraitinə görə işini itirən insanlarımıza verilən 190 manatla bağlı qərar özü-özlüyündə əhəmiyyətli qərar idi. Amma bu qərarın icrasına cavabdeh olan qurum, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qərarın icrasını elə biabırcasına həyata keçirdi ki, çoxlu sayda şikayətlər və narazılıqlar ortaya çıxdı. Eyni şeyi virusla birbaşa mübarizə aparan, belə demək mümkünsə, ön cəbhədə vuruşan həkimlərin və səhiyyə işçilərinin əmək haqqlarının artırılması ilə bağlı qərara da şamil etmək olar. Bu kateqoriyadan olan insanların əmək haqısının 3-5 dəfə artırılması ilə bağlı qərar bu gün necə icra olunur? Təbii ki, çox bərbad. Və ya xaricdə yaşayan insanlarımızın ölkəyə gətirilməsi üçün müvafiq çarter reyslərinin həyata keçirilməsi ilə bağlı qərar olsun. İnsanlarımızın ölkəyə gətirilməsi ilə bağlı qərarın icrasını AZAL o şəkildə həyata keçirdi ki, bunu etməsəydi ondan daha yaxşı idi.

-Amma bütün sadalananlara rəğmən Səhiyyə sistemimiz hələ ki, üzərinə düşən yükün öhdəsindən gəlir. Necə düşünürsünüz, Azərbaycan səhiyyəsi bu yükü sonacan çəkməyə güc tapacaqmı?

-Əvvəla qeyd edim ki, yükü çəkən səhiyyə sistemi və Səhiyyə nazirliyi deyil, ayrı-ayrılıqda vicdanlı və fədakar həkimlərimizdir. Azərbaycanda səhiyyə sistemi adlı bir anlayış ümumiyyətlə yoxdur, varsa da yalnız kağız üzərindədir. Əgər normal səhiyyə sistemi olsaydı bu gün vətəndaşlar saatlarla evdə təcili yardım gözləməz, xəstələnməsindən şübhə edib test götürülməsini istəyəndə “imkanımız yoxdur” cavabı almaz və məcbur qalıb test üçün ətək-ətək pul sayıb özəl klinikalara müraciət etməzdilər. Baxın, hələ 15 yanvar 2008-ci ildə Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı qərarla həmin il fevralın 1-dən Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilib. Amma siz bu gün mənə Azərbaycanda əhaliyə pulsuz xidmət göstərən tək bir səhiyyə müəssisəsi göstərə bilərsinizmi? Əminəm ki, göstərə bilmərsizin, çünki belə bir səhiyyə ocağı yoxdur. Əvəzində nə var? Dərmanların alınmasını belə, xəstələrin üzərinə qoyan, xəstələrə və xəstə yaxınlarına ancaq və ancaq gəlir mənbəyi kimi baxan, onları son qəpiyinə qədər soyan, səhv diaqnozlar səbəbindən xəstələrin düzgün müalicə almamasına səbəb olan və nəhayətdə vətəndaşını müalicə üçün İrana, Türkiyəyə və hətta Gürcüstana getməyə məcbur edən təpədən dırmağacan korrupsiyalaşmış, rüşvətxor bir qurum var. O baxımından da sualınıza qayıdaraq bir daha deyirəm ki, bu gün yükü çəkən səhiyyə sistemi deyil, ayrı-ayrılıqda götürülmüş fədakar həkimlərdir ki, onların da imkanları artıq tükənmək üzrədir və bu yükü sonacan çəkə biləcəkləri çox böyük şübhə altındadır.

-Səhiyyədəki problemlər bu günün problemləri deyil və uzun illərdir ki, mövcuddur. Lakin görünən odur ki, problemlərin aradan qaldırılması istiqamətində lazımi addımların atılması mümkün olmur. Sizcə, dediyiniz problemlərin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?



-Kompleks tədbirlər həyata keçirilməlidir. İlk olaraq səhiyyə naziri dəyişdirilməli və işləmək qabiliyyəti olan şəxs bu qurumun başına gətirilməlidir. Səhiyyədə ciddi islahatlar həyata keçirilməli və ən əsası, nəhayət ki, icbari tibbi sığortanın tətbiqinə başlanılmalıdır. Baxın, Azərbaycanda “Tibbi sığorta haqqında” qanun 1999-cu ildə qəbul olunub. Prezident İlham Əliyev 2007-ci ildə “Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası”nın təsdiq edilməsi haqqında", 2008-ci ildə isə Nazirlər Kabineti yanında Tibbi Sığorta Agentliyinin yaradılması haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlardan sonra 2012-ci ilə qədər ölkədə icbari tibbi sığortaya keçid istiqamətində addımlar atılacağı gözlənilirdi. Amma bu baş vermədi. Çünki icbari sığortanın gecikməsi Azərbaycanda səhiyyə sisteminin bugünkü vəziyyətində kimlərinsə maraqlarına xidmət edir. Bu gün bir sıra rayonlarda icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihələr həyata keçirilsə də, ümumilikdə vətəndaşımızın bu sığortadan istifadə edə bilməməsini hər birimiz bilirik. İcbari tibbi sığortanın tətbiqi istər həkimlərin əmək haqlarının artırılmasına, istərsə də bir sıra neqativ halların aradan qaldırılmasına töhvə verə bilər. Misal üçün, icbari sığortanın tətbiqindən sonra səhiyyə işçiləri və xəstələr arasındakı münasibətlərə də nəzarət etmək mümkün olacaq. Nəticədə, həkimlərin resept yazarkən sui-istifadə hallarına yol verməsinin və bir sıra digər xoşagəlməz halların da qarşısı alınacaq. Digər mühüm bir məsələ səhiyyə strukturları arasındakı əlaqəsizliklə bağlıdır. Təsəvvür edin, bu gün Azərbaycanda fəaliyyəti hiss olunmasa da, Səhiyyə Nazirliyi var. Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və bu dövlət agentliyinin tabeliyində olan TƏBİB var.

-Siz dediniz ki, TƏBİB İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyindədir?

-Bəli, elədir. Əgər belə olmasaydı, TƏBİB İdarə heyətinin sədrini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Zaur Əliyev təyin etməzdi. İndi baxın, Səhiyyə nazirliyi var, hələ ki, ölkə ərazisində icbari tibbi sığortanın tam olaraq həyata keçirilməməsinə baxmayaraq müvafiq Agentlik var və bu Agentliyin nəzarətində olan TƏBİB var. Problem bu qurumlar arasında əlaqəsizlik və koordinasiyanın olmamasındadır. 2019-cu ildə Prezident tərəfindən Səhiyyə Nazirliyinin səlahiyyətlərinin böyük bir hissəsinin TƏBİB-ə verilməsi ilə bağlı fərman imzalandı. Həmin fərmana müvafiq olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Gəncə Şəhər Səhiyyə İdarəsi, Sumqayıt Şəhər Səhiyyə şöbəsi, habelə tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri TƏBİB-in tabeliyinə verilib. İndi isə bir qism səlahiyyətlərin TƏBİB-dən alınıb yenidən Səhiyyə nazirliyinə verilməsi ilə bağlı qərar verilib. Bundan sonra koronavirus infeksiyası ocaqlarında gigiyena və epidemiologiya, karantin-təşkilati, o cümlədən profilaktik tədbirlərinin görülməsi, infeksiyaya yoluxmuş şəxslərin yerində aşkarlanaraq onlara ev şəraitində ambulator-poliklinik və təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək. Səhiyyə Nazirliyi bu işləri kimlər vasitəsilə həyata keçirəcək? Müvafiq xəstəxanaların həkimləri hesabına. Bu xəstəxanalar isə TƏBİB-in balansına verilib. Beləliklə ortada anormal bir durum yaranıb və bu hal özü də səhiyyəyə cavabdeh qurumlar arasındakı əlaqəsizliyin göstəricisidir.

-Söhbətimizin əvvəlində üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyən qurum kimi AZAL-ın da adını çəkdiz. Əgər hökumət xaricdə yaşayan soydaşlarımızın ölkəyə gətirilməsini yalnız mərhələli şəkildə həyata keçirmək mümkündür deyirsə, AZAL nə edə bilər?

-Heç kim AZAL-a “sənə min nəfər gətir deyilib, amma sən daha çox adam gətir” demir. Söhbət vətəndaşlarımızın ölkəyə gətirilməsində AZAL-ın bacarıqsızlığından, ayrıseçkiliyə yol verməsindən, hətta bugünkü kimi ağır günlərdə belə, bilet satışında sui-istifadə hallarına yol verməsindən gedir. Təkcə son faktı deyim, bilirsiniz ki, iki gün əvvəl Bakı-İstanbul-Bakı müntəzəm avireyslərinin bərpası haqqında qərar qəbul olunub və bilet satışına start verilib. AZAL nə edir? AZAL həmin biletlərin cüzi bir hissəsini onlayn şəkildə satışa çıxarır və qiymət olaraq 374 manat müəyyənləşdirir, yerdə qalan biletləri isə özünə yaxın şirkətlərə verib 500-1000 dollar arasında satışa çıxarır. Nəticədə biletlər öz dəyərindən az qala 5 dəfə baha satılır. Görünən odur ki, AZAL rəhbərliyinə “zərərlə” bağlı dövlət büdcəsindən ayrılmış 87 milyon manata yaxın vəsait bəs etməyib. Pandemiya dövründə AZAL-ın bu qədər zərərə necə düşməsi də çox maraqlıdır. Sərhədlərin bağlandığı, uçuşların dayandığı bir vaxtda AZAL ancaq və ancaq xaricdə olan vətəndaşlarımızın Bakıya qayıtması üçün bir neçə uçuş həyata keçirib ki, bu uçuşlar da dövlət hesabına deyil, vətəndaşlarımızın şəxsi vəsaiti hesabına baş tutub. Elə isə haqlı sual ortaya çıxır: AZAL ayrılan 86.9 milyon manatın hesabatını hansı şəkildə verəcək? İkinci bir tərəfdən, rəsmi məlumatlara əsasən, AZAL yarandığı gündən bəri zərərlə işləyir və onun zərərləri dövlər büdcəsi hesabına qarşılanır. Necə olur ki, bir neçə dəfə ucuz qiymətə sərnişin və yük daşıyan şirkətlər zərərlə işləmir, amma AZAL mütəmadi olaraq öz hesabatlarında ili zərərlə başa vurduğunu qeyd edir? Təyyarəsi dövlət büdcəsi hesabına alınan, hava limanı dövlət büdcəsi hesabına tikilən, yanacağı özümüzdən olan və kifayət qədər yüksək qiymətə daşımaları həyata keçirən şirkət niyə zərərlə işləməlidir? Demək ki, təqdim olunan rəqəmlərdə yanlışlıq var və bu yanlışlığı yoxlamaq qa müvafiq strukturların üzərinə düşür.

-Sizcə Səhiyyə nazirliyi və AZAL-da mənimsəmə faktları var?

-Tək mən yox, əminəm ki, bütün Azərbaycan belə düşünür. Bir neçə ay əvvəl prezident öz çıxışında ayrı-ayrı qurumlar tərəfindən cari xərclərin şişirdildiyini və buna ciddi nəzarətin vacibliyini xüsusi olaraq vurğuladı. Elə isə bu nəzarəti həyata keçiməyə cavabdeh olan qurumlar nəyi gözləyir? Səhiyyə Nazirliyi və AZAL-da baş verənlər birbaşa cinayət xarakterli hadisələrdir və güc strukturları da buna müvafiq olaraq tədbir görməlidirlər. Tamamilə əminəm ki, hətta ən adi yoxlamalarla belə, Səhiyyə Nazirlyində və AZAL-da baş verən korrupsuya və dövlət əmlakının mənimsənilməsi ilə bağlı çoxlu sayda faktlar ortaya çıxacaq. Ortaya çıxacaq faktlar əsasında isə istər səhiyyə naziri Oqtay Şirəliyevin, istərsə də AZAL Dövlət Konserninin rəhbəri Cahangir Əsgərovun həbs olunacağı heç bir şübhə qoymur. Problem sadəcə olaraq adını çəkdiyim şəxslərlə bağlı hər hansı cəza tətbiri görməyə cürət edəcək qurumların olmaması ilə bağlıdır.
Geri dön