Ana Sayfa > Cəmiyyət > Jurnalistlərin övladları da xaricdə qalıb - “Onlar da yorulub, biz də...”

Jurnalistlərin övladları da xaricdə qalıb - “Onlar da yorulub, biz də...”


24-06-2020, 16:26. Yazar: admin
Jurnalistlərin övladları da xaricdə qalıb - “Onlar da yorulub, biz də...”

Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar martın 23-dən ölkə sərhədləri müvəqqəti bağlanıb, aviareyslər dayandırılıb.

Bu səbəbdən xaricdə yaşayan vətəndaşlarımızın, o cümlədən tələbələrimizin xeyli hissəsi bir neçə aydır Vətənə qayıda bilmir. Zaman-zaman çarter reysləri vasitəsilə vətəndaşlarımızın bir hissəi ölkəyə gətirilsə də, hələ ki xaricdə qalan tələbələrimizin, soydaşlarımızın sayı yetərincədir.

Həmin tələbələr arasında media nümayəndələrinin övladları da yer alır.

Modern.az-ın əməkdaşı övladları xaricdə təhsil alan jurnalistlərlə əlaqə saxlayaraq, onların vəziyyətini öyrənib:

“Cümhuriyyət” qəzetinin və “Cebhe.info” saytının redaktoru Elnarə Kərimovanın oğlu Türkiyədə təhsil alır. Jurnalist yay sessiyası olduğu üçün oğlunun imtahan verdiyini və bu səbəbdən Azərbaycana vaxtında qayıda bəlmədiyini deyir:

"Oğlum geri qayıda bilmir. Türk Hava Yollarına 17 iyuna bileti vardı. Reys təxirə düşdü, 1 iyula keçirildi. Daha sonra o reysi də təxirə saldılar. İndi oğlum Ankaraya gedib. Orda tanışların yanında qalıb uçuş gözləyir. AZAL 2 dəfə reys açib, amma biletlər satışa çıxarılmadan da satılıb. Allah ümidinə gözləyirik. Səhhəti yaxşıdır. Amma digər tələbələr kimi əsəbidir, qayıtmaq istəyir. 20 yaşından kiçik olduğuna görə küçəyə çıxmaq qadağası olub. İndi 20 yaşı tamam olub deyə, belə problem yoxdur. Amma qayıtmaq istəyir. Çünki dərs yoxdur, imtahanlar hamısı onlayndır".

Əməkdar jurnalist Nadir Azəri qızı Şəmsiyyənin bileti olduğu halda vətənə qayıda bilməməsindən nahatdır. Jurnalist ailəlikcə bu durumdan yorulduqlarını da deyib:

"Qızım Şəmsiyyə Dənizli şəhərində Pamukkale Universitetində təhsil alır. Koronavirus geniş miqyasda yayılanda Türkiyədə burslu oxuyan əcnəbi tələbələri bir neçə şəhərdə topladılar. Qızım da o müddətdə İzmirə aparıldı və imtahanlarını onlayn şəkildə verdi. Övladımın geri qaytarılması ilə bağlı bir neçə dəfə Operativ Qərargaha, Xarici İşlər Nazirliyinə şəxsən müraciət etmişəm, amma hələ ki bir müsbət cavab yoxdur. Özümüz Türk Hava Yollarından bilet almışdıq ki, geri qayıtsın. Amma ölkəmizin hava sərhədləri də avqustun 1-dək bağlı olduğu üçün o bilet də ləğv olundu. Məlum olduğu kimi, AZAL Bakı-İstanbul-Bakı xüsusi reysi üzrə iki dəfə satışa bilet çıxarıb, amma biletlərin satışa çıxarılması ilə alınması da bir olub deyə, bilet ala bilmirik. Artıq həm qızım, həm də biz yorulmuşuq. Bir həll tapıb tələbələrimizi ölkəyə gətirsələr, yaxşı olardı.

Tələbə valideyni kimi təklif edərdim ki, AZAL xüsusi reyslər təşkil etdiyi üçün biletlər də xüsusi qaydada "Asan Xidmət” mərkəzi vasitəsilə satılsın və bir adam iki biletdən artıq (iki bilet ona görə deyirəm ki, elə adam var iki, hətta üç övladı orda təhsil alır ) alış həyata keçirə bilməsin. Belə olan halda haqlı ya haqsız olaraq narazılıq olmaz. Bundan başqa, AZAL reysləri adətən İstanbuldan təşkil edir. İstərdim ki, İstanbul ya Ankaradan reys təşkil edilməklə bərabər, xüsusi mərkəzlərdən - məsələn İzmirdən, Antalyadan da reyslər açılsın. Bunlar olarsa, azərbaycanlıların kütləvi olaraq İstanbul və Ankaraya toplaşmasının qarşısı alınar".

Jurnalist Azər Sarıyevin oğlu Tofiq Macarıstanda "SZEGED" universitetində iqtisadiyyat fakültəsində təhsil alır və 100-dən çox tələbə yoldaşı ilə ölkəyə qayıtmağı gözləyir:

"Əvvəllər oğlum və tələbə yoldaşlarına dedilər ki, 100 nəfər yığılsa, çarter reys təşkil edib onları Azərbaycana gətirəcəklər. Artıq 100 nəfər yığılıb, amma hələ ki bir xəbər yoxdur. Səfirlik tərəfindən iyun ayı üçün geri qayıdış tarixləri də tələbələrə bildirilmişdi, amma hava yolları açıldıqdan sonra çarter reys məsələsi də təxirə düşdü. Dəfələlərlə Operativ Qərargaha və XİN-ə müraciət etmişəm. Çarter reys pulla da olsa razıyıq, yetər ki, övladlarımız vətənə qayıda bilsin. Macarıstanda olan tələbələr indi hostel və digər tələbə dostlarının evində qalır. Buna görə dəfələrlə müraciət etdiyim kimi, yenidən dövlətə səslənirəm, xaricdə qalan vətəndaşlarımızın ölkəyə qaytarılması və ailəyə qovuşmasını təmin etsinlər".

"İstiqlal.az" saytının rəhbəri Qadir İbrahimli də bilet qiymətlərinin yüksək olduğu üçün qızına qovuşa bilməməsindən narazıdır:
"Qızım Bursa Uludağ" universitetində sosiologiya fakültəsində 1-ci kursda təhsil alır. Onun iyulun 4-nə Türk Hava Yollarına bileti vardı. Azərbaycan hökuməti başqa avişirkətlərin ölkənin hava məkanına girişini qadağan etdiyindən bilet donduruldu - 2 il müddətinə biletdən istifadə hüququnu saxlanılması şərti ilə. Təkcə AZAL-ın xüsusi reyslərinə icazə verilir. AZAL da biletlərin qiymətini xeyli artırıb - 220 dollardan başlayan qiymətlər (Türk Hava Yolları 110 dollara satırdı) qoyulub.

Bu da son deyil. Biletlər “qara bazar”da satılır. Bəzi haĺlarda qiymət 500 dollara qədər yüksəlir. AZAL deyir bizlik deyil, Nazirlər Kabineti deyir bizlik deyil, Azərbaycanın Türkiyədəki səfirliyi deyir bizlik deyil. Arzuya dedim ki, AZAL biletinə 500 dollar xeyir verməkdənsə gəlməsən yaxşıdır, sərhədlər açılanda özümüz gedirəik".

Jurnalist Aygün Muradxanlının qızı da Türkiyədə təhsil alır. Amma Türkiyədə qalan digər tələbələrimizdən fərqli olaraq o, Azərbaycana qayıda bilib:

"Qızımın martın 16-na Azərbaycana bileti var idi. Novruz bayramı olduğuna və 2 həftəlik dərslər təxirə salındığına görə 1 həftə əvvəldən ona bilet almışdıq. Martın 15-i kimin bileti vardısa, onları təyyarə ilə yola saldılar. Şükür ki, vaxtında yanımıza gəlib çıxa bildi, yoxsa nə edərdik?!”.

Geri dön