Ana Sayfa > Cəmiyyət > AMB: Bu ilin sonuna ehtimal olunan inflyasiya 3-3,5%-dir

AMB: Bu ilin sonuna ehtimal olunan inflyasiya 3-3,5%-dir


19-06-2020, 16:28. Yazar: admin

AMB: Bu ilin sonuna ehtimal olunan inflyasiya 3-3,5%-dir
İyun ayında yenilənmiş proqnozlara görə mövcud makroiqtisadi siyasət çərçivəsi saxlanmaqla 2020-ci ilin sonuna ən çox ehtimal olunan inflyasiya 3-3,5%-dir ki, bu da hədəf intervalı (4±2%) daxilindədir. İqtisadiyyatda gedən proseslərdən asılı olaraq proqnozlar ilin qalan dövründə müntəzəm yenilənəcək.

Bu barədə "APA-Economics”ə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Məlumatda deyilir ki, AMB-nin İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya tempi aşağı düşüb. Rəsmi statistikaya görə may ayında 0,5%-lik deflyasiya qeydə alınıb, illik inflyasiya 2,9% təşkil edib.

Son 12 ayda inflyasiya ərzaq məhsulları üzrə 5,7%, qeyri-ərzaq məhsulları üzrə 1,4% və xidmətlər üzrə 0,4% təşkil edib. Pandemiyanın yaratdığı qeyri-müəyyənliklər fonunda istehlak və investisiya xərclərinin azalması ilə məcmu tələbin daralması başlıca dezinflyasiya amili kimi çıxış edir. Ərzaq inflyasiyasının azalmasına əlavə olaraq kənd təsərrüfatı məhsullarının mövsümi ucuzlaşması və dünya ərzaq qiymətlərində enişin davam etməsi (2020-ci ilin 5 ayında -10,5%) də təsir göstərir.

Real sektor müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin son ayda azaldığını göstərir. May ayında aparılmış sorğunun nəticələrinə görə inflyasiya gözləntiləri əvvəlki aya nəzərən qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələri üzrə azalıb.

Nərmin Rəhimova
Geri dön