Ana Sayfa > Cəmiyyət > Bakı Dövlət Universitetində kövrək imtahan çağı
Bakı Dövlət Universitetində kövrək imtahan çağı15-06-2020, 13:23. Yazar: admin |
Dünyanın bir çox universitetlərində müəllim-tələbə- tədris münasibətlərinin onlayn formatı xeyli vaxtdır ki, həyata keçirilir. Koronavirus "tətilləri" özünü göstərəndə tədrisin və imtahanların onlayn formatına hazır olan universitetlər o qədər də narahat olmadılar. Çünki artıq belə bir təcrübə indi çox da təəccüblü görünmür. Azərbaycan tədris və elm mühitində xüsusi yeri olan Bakı Dövlət Universiteti tələbələrlə belə bir tədris üsuluna xeyli hazır idi. Bu universitetdə təxminən hələ on il bundan əvvəl bir çox müəllimin bir çox fənn üzrə elektron mühazirələri hazırlanmış və bu proses indi də davam etməkdədir. Pandemiya ilə əlaqədar yaranmış gərgin situasiya zamanı universitetin bütün fakültələrində onlayn mühazirə prosesi başlandı və bu, öz səmərəsini göstərdi. Mən özüm şəxsən bu universitetin əməkdaşı olduğuma görə bizim fakültələrin və professor- müəllim kollektivinin bu şəraitdəki səmərəli fəaliyyəti barədə bir yazı yazım- yazmayım dilemması qarşısında qalmışdım. Ancaq iyunun 14- də günorta saatlarında son vaxtlar çox həvəslə izlədiyim ARB-24 telekanalında çox səviyyəli və obyektiv bir təhsil ekspert kimi tanıdığım Kamran Əsədovun maraqlı bir müsahibəsinin şahidi oldum. Kamran müəllim bu müsahibəsində Bakı Dövlət Universitetində onlayn mühazirə prosesinin xeyli dərəcədə uğurlu keçdiyini bir neçə dəfə qeyd etdi və apardıqları monitorinqlərin nəticəsinə görə bizim universitetin qabaqda olduğunu tez- tez vurğuladı. Bəs bu uğurlar hardan gəlir. Birincisi, əlbəttə, yeniliyə, ekstremal vəziyyətə münasibətdə tarixi ənənələrə malik Bakı Dövlət Universiteti bu ənənəyə həmişə sadiq qalmışdır. Mənim hələ on il əvvəlki bir təklif yadıma düşür. Universitetin o zamankı rektoru akademik Abel Məhərrəmov Elmi Şurada elektron mühazirələrin hazırlanmasını bir vəzifə kimi qarşıya qoydu və bu proses başladı. Əvvəlcə bu mühazirələrin adı "nümunəvi dərs" kimi təqdim olundu və elə mənim özüm də o mühazirələrdən video yazılar hazırlığında iştirak etdim. Çox ciddi səmərə alındı. BDU- ya yeni rektorun təyin edilməsi ilə bu təşəbbüs daha da gücləndi və sanki rəhbərlik bu günü görürmüş kimi videomühazirələri xüsusi nəzarətə götürdü. Və mən ekspert Kamran müəllimin müsahibəsindən eşitdim ki, bu tədris ilinin ll semestrindəki auditoriyasızlıq şəraitində BDU- da 1500-dən çox mühazirə oxumuşdur. Kiçik rəqəm deyil. Həm də bu mühazirələr mövzularda heç bir ixtisar edilmədən hazırlanmış, fənnə dair mühazirənin əsas tezisləri, çətin məqamları tələbəyə tədris edilmişdir. Onu da deyim ki, Universitetin Jurnalistika fakültəsində yaradılmış Tədris teleradio studiyası bu mühazirələrin videoçəkilişləri üçün çox güclü bir texniki vasitə rolunu oynamışdır. Tələbələrə həm bu tip hazır videomühazirələr təqdim olunmuş, yəni universitetdə saytına qoyulmuş, həm də birbaşa onlayn formatı yaradılmışdır. Ona görə də təsadüfi deyil ki, bəzi universitetlər ll semestrin imtahanlarını l semestrin qiymətləri ilə əvəz etdikləri halda, Bakı Dövlət Universiteti bu formatdan imtina edərək semestrin imtahanlarını da onlayn formatda aparmağa qərar verdi. BDU- da bütün tədbirlər Elmi Şurada müzakirə olunur və yalnız bundan sonra qərar verilir. Onlayn imtahan prosesinə bağlı təklif də Elmi Şurada müzakirəyə çıxarıldı və müsbət qərar qəbul edildi. Elmi Şuranın üzvləri "Zoom" proqramı vasitəsilə keçirilən iclasında tələbələrin rahatlığı üçün çox təkliflər oldu. Bütün təkliflərin məğzində isə Şuranın sədri rektor Elçin Babayevin bir fikri dayanırdı: "Cənab prezident İlham Əliyevin xalqımız, millətimiz üçün bu çətin sınaq dövründə hər kəsin hər yerdə mərhəmətli və bir- birinə dayaq olmasına çağırışı bizə də aiddir. İmtahan prosesində tələbələri stressə salmayın, mümkün olan güzəştləri edin". BDU- nun imtahan prosesi ilə bağlı Elmi Şura qərar qəbul etdi: bütün tələbələr imtahana maksimum balla-50 giriş balı ilə daxil olurlar. Bütün fənlərə dair suallar xeyli dərəcədə sadələşdirilir və azaldılır. Amma bu sadəlik və azalma fənnin ümumi qavranılmasına səbəb olmaması şərtilə. BDU- da iyunun 8-dən imtahanlar başladı. Tələbəyə cəmi 17 bal kifayətdir ki, imtahandan uğurla çıxmış hesab olunsun. Rektor onlayn sistemlə özü də mümkün olduğu qədər imtahanların gedişinə nəzarət edir. Bu qısa müddətdə dəfələrlə şahidi olduq ki, tələbənin cavabına müəllimin verdiyi bala rektor özü də bir- iki bal əlavə edir. Bu da bu kövrək günlərdə onun tələbəyə sevgisinin ifadəsidir. Belə məqamda ortaya bir sual çıxa bilər: tələbələrə belə güzəşt və rəğbət onları tənbəlləşdirməz ki? Və yenə də elə bu məqamda mənim yadıma bir hadisə düşür. Görkəmli alim- pedaqoq Rafiq Əliyev bir neçə il əvvəl bizim Jurnalistika fakültəsində informasiya texnologiyasından dərs deyirdi. Tələbələrlə söhbət zamanı deyir ki, ABŞ-da dərs apardığı bir universitetin tələbələrindən onlayn üsulu ilə imtahan qəbul edir. Elə bu zaman bizim tələbələrdən biri sual verir ki, Rafiq müəllim, tələbələr kompüterin arxasında konspektə- zada baxsalar necə? Rafiq müəllim gülümsəyib deyir: "Qərb universitetlərində tələbə heç vaxt konspektə, köçürməyə, müəllimin güzəştinə meyl eləmir. Çünki onlar üçün imtahan verdikləri fənni necə mənimsəmələri çox vacib sayılır. Gəlin, naümid olmayaq. Bizim tələbələrimiz arasında da bu tendensiya formalaşmaqdadır. Lap bu günlərdə mənim rəhbərlik etdiyim kafedranın müəllimi Esmira Rövşənova Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi fənnindən birinci kurs qiyabi şöbə tələbələrindən imtahan qəbul edir və qrupda hamıdan seçilən, yazı müsabiqələrində mükafatlandırılan hamımızın bəyəndiyimiz Əsgər İsmayılovun cavabını 45 balla qiymətləndirir. Əsgər dərhal etiraz edir ki, müəllim, mənim cavabım 40 baldan yuxarı deyil axı. Xahiş edirəm, güzəşt etməyin! Belə tələbələrimiz də az deyil. Koronavirus çağında biz müəllimlər də kövrək olmuşuq. Yəqin, hamı bizi başa düşər. Çox istərdik ki, koronavirus çəkilib getsin. Amma müəllim- tələbə münasibətləri beləcə öz kövrəkliyində qalsın! Geri dön |