Ana Sayfa > Cəmiyyət > İsgəndər Həmidov: “Şərəfsizləri, şöhrətsizləri, üzdəniraqları televiziyalara çıxartdılar”
İsgəndər Həmidov: “Şərəfsizləri, şöhrətsizləri, üzdəniraqları televiziyalara çıxartdılar”7-06-2018, 08:09. Yazar: admin |
“Kəlbəcərli olmasaydım, məmnuniyyətlə “mən şamaxılıyam” deyərdim!” “Ayaz Mütəllibov prezident oldu, amma daxilən sex rəisi kimi qaldı” “Heydər Əliyev Nemət Pənahlını hamıya müşavirin müşaviri kimi tanıtdı” Keçmiş daxili işlər naziri İsgəndər Həmidov Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti təqdim edirik. - İsgəndər bəy, müsahibəyə ənənəvi, şablon sualla başlayaq, necəsiniz? - Sual əslində gözəl sualdır. Amma buna cavab vermək çətindir. Biz adətən ənənəvi, şablon “Allaha şükür” cavabını veririk. Ancaq elə şeylər var ki, özümüz bilirik ki, yaxşı deyil. Baxmayaraq ki, həmişə Allaha şükür edirik. Çətinliklər var, çətinliklərlə qarşılaşırıq, bu, həmişə də belə davam edəcək. Ən pisi bilirsiniz nədir? Ən pisi tənhalıqdır. - Tənhalıq məsələsini niyə önə çəkdiyinizi anladıq, bu haqda danışacağıq. Bəs başqa nə çətinliyiniz var, nə işlə məşğulsunuz? - Milli Strateji Düşüncə Mərkəzindəyik. Siyasi analizlər aparırıq. İctimaiyyətə müəyyən proqnozlar təqdim edirik. Nəyi analiz etmişik, nə nəticələrə gəlmişik, çoxu özünü doğruldub. Demişdik ki, növbədənkənar prezident seçkiləri keçiriləcək. Belə də oldu. İndi də proqnoz vermişik ki, növbədənkənar parlament seçkiləri keçiriləcək. - İsgəndər bəy, dolanışığınız necədir? - Dolanışığım çox da yaxşı deyil. - Ancaq səhv etmirəmsə, general pensiyası alırsınız. - Biz dik gəzirik, geyinib-keçinirik, hamı elə bilir ki, kef içindəyik, pulumuz çoxdur. Halbuki, kim nə bilir ki, insanda nələr var? İnsan dilini, bir də qarnını saxlamağı bacarmalıdır. Hamı elə bilir ki, hər şeyimiz var. Amma and olsun Allaha, uşaqlarım işləmir, 3 ailə var. Onlara eyni anda baxmaq çox çətindir. Aldığım general pensiyasını uşaqlar arasında bölürəm. - Sirr deyilsə, nə qədər pensiya alırsınız? - 1800 manat. Bunu da 3 yerə bölürəm. Çox da şikayət etmirəm. - Müsahibədən qabaq sizinlə danışanda oruc olduğunuzu dediniz. Siz namaz da qılırsınız? Nə zamandan dindar həyat tərzi seçmisiniz? - Mənim dostlarımın çoxu yeyib-içən, qumar oynayan olublar. Hamı elə bilir ki, mən də yeyib-içən, qumar oynayanam. Halbuki, heç vaxt qumar oynamamışam. Heç zaman dilimə içki dəyməyib. Mən 35 ildən çoxdur ki, namaz qılıram, ibadətdəyəm. Amma heç zaman bunu reklam etməmişəm. Mən bunu Allahın qarşısında borc kimi qiymətləndirirəm. 2004-cü ildə getdik Həccə, ziyarət etdik, gəldik. Gələnlərin hamısına hacı deyirlər, mən isə bir dəfə də “mənə də hacı deyin” söyləmədim. Mənim üçün əsas Həccə getmək idi. Gedib Allahın evində başımı daşa söykəyib “Allah məni bağışla, o qədər səhvlərim olub ki” demək idi. 35 ildir ki, oruc da tuturam, namaz da qılıram. Kərbəla ziyarətində də olmuşam. Bütün bunlar özüm üçündür. Mən kiməsə minnət üçün ziyarətə getməmişəm. Heç kim Allaha minnət qoya bilməz. Mən ibadətə mənəvi təmizlik kimi baxıram, reklam kimi yox. Ən böyük arzularımdan biri də, Şamaxının Çuxuryurd qəsəbəsinin mərkəzində məscid tikdirməkdir. İbadəti hamı etməlidir. İbadət edən, Allahdan qorxan adam nahaq iş görməz. - Ancaq Allahdan qorxub, ibadət edib, haqsızlıqlar edənlər də az deyil. - Elə insanlar haqqında Quranda çox gözəl yazılıb. Qeyd edilib: “Ya peyğəmbər, kafirin məscid tikməyi səni təəccübləndirməsin. Nəbadə ora namaz qılmağa gedəsən”. Onlar artıq ibadət adamı deyillər. Sizin nəzərdə tutduqlarınız görüntü üçün namaz qılıb, oruc tuturlar. Görürsən ki, kimsə Məkkəyə gedib-gəlir, amma restoranda hesabda, tərəzidə insanları aldadır. Belə şeylər Quranda ən çox lənətlənən şeylərdir. Belə adamlar din adamları deyillər. Onlar dinə imanla gəlməyiblər. - Həccə gedən adamların hamısı günahlarının bağışlanmasını istəyir. Amma adamı bəzən etdiyi hansısa yanlış daha çox sıxır, özünü günahkar hesab edir. Siz daha çox, hansı günahlarınızın bağışlanmasını istəyirdiniz? - 6-cı sinifdən 11-ci sinfə qədər davakar olmuşam. Ali məktəbə girmişəm, tələbəlik illərimdə də davakar olmuşam. Kimlərinsə qəlbinə dəymişəm. Ya da gözümü qaldırıb gözəl bir qıza pis gözlə nəzər salmışam. Günah təkcə əməllə olmur ki! Gözlə də günah etmək olur. Oruc tutmamışam, namaz qılmamışam. Bunun hamısını cəmləşdirəndə, gördüm ki, çox böyük səhvlərim var. - Qıza baxmaq günahdır? - Gözələ baxarlar, gözəllik onu seyr etmək üçündür. Sizə, mənə baxmaq olar, amma bu, dini baxımdan qadağandır. Qıza baxmaq təkcə bizim günahımız deyil. Yarısı qızın öz günahı, yarısı da bizim günahdır. İnsani baxımdan isə gözəlliyə tamaşa edərlər. Gözəllik təkcə qadında olmur ki. Heyvanda da, təbiətdə də olur. Məsələn, mən pələngi görəndə elə bilirəm ki, ən sevdiyim vücudu görürəm. At da həmçinin. Cahil olmamışam heç zaman. Amma o zamanlar dini tam da dərk etmirdim. Üstəgəl, dalbadal bədbəxt hadisələr baş verdi. Görürsən ki, insan öləndən sonra qəbiristanlığa 3 dənə şeylə gedir: qohumları ilə, tabutla və əməllə. Əməllə qəbirə girir, qalanları isə geri qayıdır. Ona görə də əməlisaleh olmaq lazımdır. - İsgəndər bəy, siz özünüz də bəzən çıxışlarınızda kobud ifadələr işlədirsiniz. Bu, günah deyilmi? - Mən o adamlara qarşı kobud söz işlədirəm ki, vaxtı ilə özü mənə kobud söz işlədib. Quranda ayə var. “Qisas alırsınızsa, demək yaşayırsınız. Amma qisas alanda həddinizi aşmayın!” yazılır. Emosional çıxışlarıma gəlincə, sizinlə razıyam. Emosional çıxışlarımın ziyanını çox çəkmişəm. Mənə kobud deyənlərə bir şeyi çatdırmaq istəyirəm. Mən hər şeyi öz adı ilə çağırıram, hər şeyi çılpaqlığı ilə deyirəm. Məndən ötrü 2 rəng var – qara və ağ. 3-cü, 4-cü rəng yoxdur. Mən xamilyon kimi dəyişə bilmirəm. Məni istəyənlər də bilirlər ki, onlarla sadə dildə danışıram. Mən Şamaxının Çuxuryurd qəsəbəsinə dincəlməyə gedirəm. Gəlin görün oranın insanları məni necə qarşılayır. Hərdən mənim odlu-alovlu danışmağım polis orqanında işləməyimlə bağlıdır. Nəzər alın ki, mən orqandan başqa heç yerdə işləməmişəm. Bizə qarşı olan kontingent də həmin dildə danışır. Biz də eyni leksikonla. Bir dəfə rəhmətlik Əbülfəz Elçibəy məni yanına çağırıb dedi: “İsgəndər bəy, yaman alovlu danışırsan”. Mən isə “Əbülfəz bəy, məni qoyun Tofiq Qasımovun yerinə, diplomat kimi danışım” dedim. Bildirdim ki, mən narkomanla diplomat kimi danışsam, o nə düşünər?! - Sizə elə gəlmirmi ki, bəziləri sizi belə emosional danışmağa vadar edir, məsuliyyət məsələsinə gələndə isə yaxalarını kənara çəkirlər? - Mən hər gün belə şeylərlə rastlaşıram. Mən elə də sadəlövh, düşüncəsiz adam deyiləm. Mən həmin siz dediyiniz adamları o dəqiqə tanıyıram. Uzun illərdir ki, kiməsə qarşı nəsə hərəkət ediblər, sonra özlərini kənara çəkiblər. Bir dəstəsi özünə demokrat, bir dəstəsi də özünə ziyalı deyir. Biz isə oluruq radikal. Mən bütün bunları başa düşürəm. Amma mənim dediyim sözlərdən sonra millətin ürəyinə heç olmasa bir az da olsa rəhm, mərhəmət gəlirsə, bu xoşdur. Buna görə də, sözümü həmişə deyəcəyəm. - Tez-tez istirahətə Şamaxıya gedirsiniz. Niyə məhz Şamaxını seçdiniz? - 4-5 yer var ki, insanın ürəyini açır. Şuşanın, Kəlbəcərin havası yaxşı idi. Amma artıq bu yerlər bizdə deyil. Qusarda Ləzzə deyilən yer var. Havası yaxşıdır, amma uzaqdır. İsmayıllıda Lahıc var, ora da uzaqdır. Bakıya ən yaxın dincəlməli yer Şamaxıdır. Həm insanları da gözəldir. Çuxuryurdda 60 ildir ki, oğurluq olmur, qapılar da açıq. Özü də bağ evlərində. Görün oranın nə qədər gözəl insanları var. Havası da təmizdir, dağlara baxanda ürəyin açılır, Kəlbəcəri xatırlayırsan. Əgər həyat yoldaşım, rəhmətlik Rənanın anası etiraz etməsəydi, Rənanı Şamaxıda dəfn edəcəkdim. Baxın görün ki, Şamaxı məndən ötrü nə məna kəsb edir. Şamaxının Nağaraxana kəndində qəbiristanlıq var. O qəbiristanlıq dağa doğru uzanır. Şamaxı mənə ikinci vətəndir. Əgər kəlbəcərli olmasaydım, məmnuniyyətlə “mən şamaxılıyam” deyərdim! - İsgəndər bəy, maddi durumunuz o qədər yaxşı deyil. Amma bildiyimiz qədəri ilə pul xərcləməkdə səxavətlisiniz. Bu, bədxərclik deyilmi? - Mən elə olur ki, həftələrlə evdən çıxmıram. Mən evdən çölə çıxmıramsa, demək ki, pulum yoxdur. Əgər çayın pulunu mən verə bilməyəcəmsə, evdən çölə çıxmıram. Məclisdə pul verəndən sonra da hamı elə bilir ki, hər şeyimiz var. Amma elə deyil. Mən özümü bilirəm də. Mən sevmirəm ki, bir adam iki dəfə mənim yerimə pul versin. - Bakı mühiti sizi çox sıxır? - Hərdən mənə elə gəlir ki, Bakıda tənhayam. Mən Bakıdakı evimdə darıxıram, çəkinirəm. Ona görə də, tez-tez Şamaxıya gedirəm. Tənhalıq adamı hər yerdə sıxır. Hitlerin gözəl bir sözü var. O deyib: “Heyvanları yaxından tanıdıqca, heyvanlara hörmətim artır”. Mən əvvəl bu ifadəni dərk etmirdim. Amma Şamaxıya gedib-gələndən sonra bunu başa düşdüm. Çuxuryurdda evimizin yanında yarımçıq mülk var. Orada tülkü balaları ilə qalır. Həmişə onlara sümük atıram. İndi məni görəndə quyruğunu bulayır. Halbuki, mən çox adama xərcləmişəm, köməkliklər etmişəm. O adamlar isə heç başı ilə də salam vermirlər. Amma o dediyim tülkü artıq məni görəndə qaçmır. - Heyvan saxlayırsınız? - Xeyr. Qorxuram ki, məndən sonra soyuğa düşə, ölə. Bu zaman üstümə günah yazılar. O da canlıdır axı. Mən heyvanlara sırf heyvan kimi baxmıram, o canlıdır. Allah heyvanları da müəyyən məqsədlərə görə yaradıb. - Nazir olduğunuz zamanlarda iki cinayəti – narkotik alveri və adam oğurluğunu heç zaman bağışlamamısınız. - Bəli. İndi də beləyəm. Sabah bir işə gəlsəm, yenə də bu iki şeyi bağışlamaram. Niyə? Sən zəhər satıb özün varlanırsan, camaatın uşağını bədbəxt edirsən. Bunu bağışlamaq olarmı? Qətiyyən. Mən uşaq böyüdürəm, sən kimsən ki, mənim uşağımı oğurlayasan?! Bu işi necə bağışlamaq olar! Ən böyük amnistiya bizim hakimiyyət zamanı oldu. O zaman da narkotik alveri ilə adam oğurluğu üstündə tutulanları qoymadım ki, amnistiyaya düşsün. Narkotik satanı necə azadlığa buraxmaq olar? Narkotik alverçiləri islah olmurlar. Dostluqda da 2 şeyi bağışlamamışam – yalanı və xəyanəti. - Dostlarınızdan xəyanət edənlər çox olub? - Çox qəribədir ki, uşaqlıq dostlarımdan biri də mənə xəyanət etməyib. Bu gün mənim 2 dostum var. Allaha and olsun, soruşsanız Azərbaycanın baş naziri kimdir, tanımazlar. Onlardan xəyanət görməmişəm. İsa Qəmbərin belə bir sözü var: “2003-cü ilə qədər yaman çox dostumuz var idi. İndi isə yoxa çıxıblar”. - Azərbaycan kişisi xarici görünüşünə görə necə olmalıdır? - Bu çətin və qəliz sualdır. Azərbaycan gəncliyi sənin kimi olmalıdır, sənin kimi geyinməlidir. Saçını da sənin kimi kəsdirsə, lap yaxşı olar. - Çox sağ olun... - Orta nəsil isə mən, İsa Qəmbər, Arif Hacılı kimi olmalıdır. Mən bu yaşımda durub saçımı uzatsam, İsgəndər olmayacağam. Hippi olacağam. Gənclərdə isə bu, başadüşüləndir. Hər yaşa görə, geyim tərzi var. Mən sənin kimi geyinə bilmərəm. Geyinsəm, yaraşmaz. Sən isə mənim kimi geyinsən, gəncliyini itirərsən. Aqşin, yaralı yerimə toxundun. Liftə girə bilmirsən bəzən. Girirsən, cavan qızdır, baxa da bilmirsən utandığından. Çünki az qala hər yeri görünür. Bir dəfə biri mənə zəng etdi. Dedi ki, İsgəndər bəy, filan kanalı açın görün, paltarım necədir? Mən də çevirdim o kanala və dedim: “Ay bala, sənin əynində paltar var ki, deyim necədir?”. “Adboy” verdi. Mən onun tərəfdarı deyiləm ki, 18-19 yaşında olan oğlan ya da qız uşaqları gecə saat 4-ə qədər barda otursunlar. 11-12-ə kimi olarsa, başa düşmək olar. Baxın son zamanlar boşanmalar çoxalıb. Hamısı qadınla kişi arasında olan balansın itməsindən irəli gəlir. Azərbaycan qadınını bara aparıb sonra onu ana etmək çox çətin məsələdir. Bara, pivəyə, arağa, çaxıra öyrənən insanlar sonradan çox çətin ata ya da ana olurlar. - Azərbaycan gəncləri arasında əsas problemlərdən biri də yaltaqlığın vüsət almasıdır. Bu nədən qaynaqlanır? - Bu məsələnin 2 tərəfi var. Bəziləri düşünür ki, yaltaqlansa, vəzifə alacaq, pullanacaq. İkinci bir tərəfdən şərəfsizləri, şöhrətsizləri, üzdəniraqları televiziya ekranlarına çıxartdılar, indi də çıxardırlar. Şərəfsizlər şərəfdən, şöhrətsizlər şöhrətdən, üzdəniraqlar da kişilikdən danışmağa başladılar. Üçüncü bir tərəfdən gənclərimiz ələbaxımlılığa öyrəniblər. Elə bilirlər ki, kiməsə yaltaqlansa, xoş söz desə, bunun cibinə pul basacaqlar. Bunlar hamısı iqtisadiyyatın düzgün qurulmamasından irəli gəlir. Yaltaqlığın da bir dərəcəsi, həddi olmalıdır da... Bəzilərində isə bu yaltaqlıq dərəcəsizdir. Əziz Nesinin gözəl bir hekayəsi var, Qərb yaltaqlığı ilə Şərq yaltaqlığını müqayisə edir. Qərb yaltaqlığı üstüörtülüdür, Şərq yaltaqlığı isə iyrənc olur. Bizdə də iyrənc yaltaqlıq var. Bununla yanaşı, aydın, düzgün, gözəl gəncliyimiz də var. Amma gəncliyi xarab edən bəzi yaşlılar var ki, gəncləri yaltaqlığa təşviq edirlər. Yaltaqlıq həm də hakimiyyətin hansısa bir qolundan gəlir. Ən alçaq şey yaltaqlıqdır. Yaltaqlıq olan cəmiyyətdə inkişaf olmur. - Gəlin mövzunu dəyişək. Deyəsən 70 yaşınızda da idmanla məşğulsunuz. - Xeyr. Mənim hazırda formada olmağım baqajdır. İndi sadəcə piyada gün ərzində 5 kilometr gəzirəm. Mən yaxşı idmançı olmuşam. - İdmançıların bəziləri xuliqanlıqla məşğul olur. Bunun kökündə hansı amillər dayanır? Təkcə gücmü? - Mən köhnə idmançılarla tez-tez görüşürəm. O idmançılar dostluğu, təmizliyi, ülviliyi qoruyurlar. İdmançılar sağlam insanlardır. Onların orqanizmi daha çox qida tələb edir. Bizdə nailiyyəti olan idmançılara fikir verirlər, çox qabağa çəkirlər. 2-ci, 3-cü yeri tutanlar ya da heç yer tutmayanlar isə yaddan çıxır. Belələri də ya cinayətkar qruplaşmalar tərəfindən ələ keçirilir, ya da özləri də cinayətə gedirlər. Bu idmançıların yox, cəmiyyətin iyrəncliyidir. Mən nazir olanda bir dəstə idmançını topladım. Dedim ki, mənə ab-hava verməyin. Ab-hava versəniz, sizi məhv edəcəyəm. Dedim ki, nə şərait istəyirsiniz yaradacağam. Biri dükan istədi, digəri başqa şey. Onlara şərait yaratdım. Bir sözlə onları cinayət törətməkdən uzaqlaşdırdım. Cinayətkar aləm, idmançıları cəlb edir, onları pulla, maşınla təmin edir. - Hər adam əsəbiləşəndə, yaşından asılı olmayaraq müəyyən əl-qol hərəkətləri ilə reaksiya verə bilər. Xüsusilə də idmançılar. Siz gənclik illərində davakar olmusunuz. Bəs bu yaşınızda kiməsə əl qaldırmısınız? Nəzərə alaq ki, özünüz də boksçu olmusunuz... - 71 yaşım var. İnsan yaşla barışmır. Bu gün də mənə söz deyən olsa, elə düşünürəm ki, yenə vuraram. Türmədə davasız yaşamaq olmurdu. Türmədən çıxandan sonra da bir-iki dəfə dalaşmışam. 3 il bundan qabaq, birini vurmuşdum. Kişi ailəsi, qadını, mənliyi üçün dava etməyi bacarmalıdır. Mən gənclər dalaşanda buna normal baxıram. Qabaq toylarda gənclər yeyib-içirdilər, musiqi sifarişi üstündə dava edirdilər. İndi isə gənclər toyda içib başını stola qoyub yatır. Heç kimə də məsləhət bilmirəm ki, məni yaşlı bilib söz deyə. O qədər də qocalmamışam (gülür). - Gəlin, səmimi danışaq. Siyasət aləmində vurmaq istədiyiniz bir şəxs var? - Səmimi desəm, bir yox, bir neçə şəxs var. Siyasət aləmində asmaq istədiyim şəxslər də var. Amma bilirəm ki, olmaz. Adları çəkməyəcəyəm. - İsgəndər bəy, Rəna xanım rəhmətə gedəndən sonra səhv etmirəmsə, toylara getmirsiniz. - Xeyr gedirəm. Amma Rənadan sonra ürəyim açılmır. Gedirəm, 10 dəqiqə otururam, pul salıb çıxıram. Bəzən də eləcə pul göndərirəm. Amma Rənasız çox çətindir (fikrə gedir). Evin nə qədər qayğısı var imiş. Sən demə evi saxlayan, evə yaraşıq verən qadın imiş. Çox gözəl gəlinlərim var. Amma mən gedib həftədə bir dəfə şəhərdə hamama girirəm, bəzi paltarlarımı da özüm yuyuram. Rənasız çox çətindir, çox... - O zaman sizdən müsahibə alanda demişdiniz ki, Rəna xanımın məzarını tez-tez ziyarət edirsiniz. - Mən indi də, Bakıda olanda hər gün Rənanın məzarını ziyarət edirəm. Sənə o vaxt da müsahibə verəndə demişdim ki, gedib ziyarət etməyəndə narahat oluram . Çox qəribə insanlarıq... Həmişə məzardan qayıdanda deyirəm: “Rəna, səni daşa döndərib evə qayıdıram”. - İnsan həyatdan köçüb gedir, ondan sonra həmin adama ən yaxın birinə görə heç nə ilə özünə təsəlli tapa bilmir. Bircə gedib məzarı önündə dayanıb soyuq daşla söhbət etməkdən başqa. Siz Rəna xanımın məzarı önündə nə danışırsınız? - (Kövrəlir...). Heç nə... Heç nə... Nə danışacağam ki... “Fatihə” oxuyuruq... Deyirəm ki, ay Rəna, məni bağışla!.. ... Mən Rənaya çox əziyyətlər vermişəm, çox! Neyləyim bu da mənim həyatım olub, meydan hərəkatı, hakimiyyət, türmə... Bunların hamısı üst-üstə yığılıb, indi Rənanın qarşısında hesabat verirəm. İnsan özü yoxdur, amma Rəna, hər gün sənin yerin görünür. Bir böyük kimi sənə məsləhət görürəm. Ailənin qədrini bil. Heç kim ailəni əvəz edə bilməz. Cavan vaxtı adam qaynayır, bəzi şeyləri yaxşı başa düşmür. Aqşin, kaş ki qorxaydım. Kaş ki, mənim ölüm qarşısında qorxum olaydı, bu zaman bəlkə də həyat tərzim başqa cür olardı. Mən heç zaman ölüm qorxusu hiss etməmişəm. Amma ölümdən mütləq qorxmaq lazımdır. Ancaq bu o demək deyil ki, insan qorxaq olmalıdır. Görünür ki, 2 həsrət mənimlə birlikdə qəbirə gedəcək. Kəlbəcər və Rəna həsrəti... - Rəna xanım şübhəsiz ki, yuxularınıza da girir. Bu zaman yuxudan ayılmaq istəməzsiniz! - Heç yata bilirəm ki! Gecəni yuxu aparırmış. Yaxşı ki, kitab oxumaq var. Mən 30 il idi ki, ağlamırdım. Amma Rəna məni ağlatdı, ürəyimi parçaladı. Rəna göz yaşımı özümə qaytardı. Rəna haqqında kitab hazırlayıram. Sənin keçən il məndən aldığın müsahibəni də ora salacağam. - Hamımız öləcəyik. İçinizdə bir əminlik varmı ki, Rəna xanımla o biri dünyada qovuşacaqsınız? - Bunu Allahdan başqa heç kəs bilməz. Həmişə dua edəndə deyirəm ki, əgər o cəhənnəmdədirsə... Dua edirəm ki, cəhənnəmdədirsə, mən də ora gedim... Rəna göz yaşımı özümə qaytardı. - Kifayət qədər qəmli notlara kökləndik. Gəlin siyasi mövzulara da müraciət edək. Ayaz Mütəllibov eks-prezidentdir. O, daim AXC liderlərinin hədəfində olub. Elə Ayaz Mütəllibov özü də daim sizin cəbhəni kəskin ittiham edir. Nədir axı bu konfliktin uzanmasının kökündə yatan səbəblər? - Bax, olan tarixdə qalıb, başa düşürəm nəyi deyirsən. Bu yaxınlarda Ayaz Mütəllibova sual verdilər ki, AXC-nin 100 illik tədbirinə qatılacaqmı. O isə “məni devirən adamların tədbirinə qatılmaram” dedi. Bu adam Azərbaycan dövlətinə də qarşı gedir. Söhbət Məhəmməd Əmin Rəsulzadədən, AXC qurucularından gedir, Ayaz Mütəllibov isə deyir ki, bizim tədbirə qatılmayacaq. Bir yandan fəxr edirəm ki, Ayaz Mütəllibov bizi nəhənglərə tay etdi. Ayaz Mütəllibov iqtisadiyyatı yaxşı bilir. Bəzən ağıllı fikirlər səsləndirir. Bəzən də elə danışır ki, məəttəl qalırsan. Ayaz Mütəllibov vətəndaş qırğınına getmədi, bu onun yaxşı tərəfi idi. Bunu həmişə deyirəm. - Bu gün bir-birinizi görsəniz, görüşüb, bir-birinizin üzündən öpərsinizmi? - Onun oğlu rəhmətə getdi. Allah qani-qəni rəhmət eləsin! O rəhmətə gedəndə İsa bəy də, mən də, digərləri də yas məclisinə getdik. Ayaz Mütəllibov isə bizim yas məclislərinə gəlmədi. Mənim 2 qardaşım rəhmətə getdi, İsa bəyin yaxınları rəhmətə getdi. Heç birinə gəlmədi. Ayaz Mütəllibov heç telefonla da zəng edib başsağlığı vermədi. Amma mən bu gün Ayaz Mütəllibovu görsəm, yenə də məmnuniyyətlə salam da verəcəm, görüşəcəm də. Fikir mübadiləsi də apara bilərəm. - İstər Ayaz Mütəllibovun, istərsə də, Əbülfəz Elçibəyin prezident kimi fəaliyyəti çoxlu suallar doğurur və bu gün də müzakirə olunur. Hamı Elçibəyin yaxşı insan olduğunu bildirir, bu öz yerində. Bəs Ayaz Mütəllibov insan kimi necə biridir? - Ayaz Mütəllibovu pis insan kimi tanımıram. İqtisadiyyatı da gözəl bilir. Bir dəfə Ayaz Mütəllibov prezident olanda ona sual verirlər. Bu da deyir ki, “cavan vaxtı hamı mənə “stilyaqa Ayaz” deyərdi”. Amma həqiqətən də yaxşı geyinərdi. Sonra buna “sizin qohumlarınız sizə gəlib-gedirlərmi” sualını verirlər. Görün nə cavab verir: “Mən bacımın birini evə buraxmıram”. Bu nə deməkdir axı! Ayaz Mütəllibov kaş ki iqtisadçı qalardı. O pillə-pillə qalxdı, prezident oldu. Amma daxilən sex rəisi kimi qaldı. O daxilindəki sex rəisliyindən çıxa bilmədi. “Stilyaqa” prezident sözü deyil axı! - İsgəndər bəy, siz də canlı yayıma girmişdiniz, oradakıları təhqir etmişdiniz. Bəs bu, nazir hərəkəti idi? - Çox gözəl dediniz. Bu gün də həmin şey baş versə, yenə eyni şeyi edərəm. Mən ora girdim dedim ki, Kəlbəcər gedir. Aprelin 1-də olmuşdu bu hadisə. Aprelin 2-də Kəlbəcər getdi. Mən Kəlbəcərə maşınlar yollamasaydım, ikinci Xocalı soyqırımı yaşanacaqdı. - Sizə elə gəlmirmi ki, Əbülfəz Elçibəy də prezident olmamalı idi? - Mübahisəli sualdır. Bu gün də biz dostlarımız arasında bununla bağlı müzakirə aparırıq. Əbülfəz Elçibəy Milli Azadlıq Hərəkatının lideri olub. Bunu onu istəyənlər də, istəməyənlər də etiraf edir. Əbülfəz Elçibəyin prezident olması məsuliyyəti üzərinə götürmək idi. Elçibəy ona görə prezidentliyə getdi ki, məsuliyyəti üzərinə götürsün. Bütün hədəflər buna yönəlmişdi. - Bəs Nemət Pənahlı Əbülfəz Elçibəyin ruhundan nə istəyir? - Mən iki Nemət tanıyıram. Biri azadlıq hərəkatında odlu-alovlu çıxışlar edən, imperiya əleyhinə danışan Nemət, digəri isə müşavirin müşaviri olan Nemət. Heydər Əliyev hamıya Neməti müşavirin müşaviri kimi tanıtdı. Əbülfəz bəy haqqında danışanlar isə bir şeyi bilməlidirlər. Ölən haqqında ya yaxşı danışarlar, ya da heç danışmazlar. Onun dalınca hədyan danışanlar qoy utansınlar! Əbülfəz bəy haqqında mənfi danışanlar tarixdə qalmaq istəyənlərdir. Geri dön |