Ana Sayfa > Cəmiyyət / Manşet > Vaşinqton- Tehran anlaşmasının sirri - Rəsmi Bakı üçün nə etməli sualı

Vaşinqton- Tehran anlaşmasının sirri - Rəsmi Bakı üçün nə etməli sualı


18-01-2016, 14:10. Yazar: admin
Vaşinqton- Tehran anlaşmasının sirri - Rəsmi Bakı üçün nə etməli sualı
20 illik embarqodan sonra Tehran Qərblə anlaşmağa başladı. İran və BMT TŞ-nin 5 daimi üzvü, o cümlədən Almaniya nüvə məsələsi ilə bağlı yekun razılaşmaya imza atdılar.

Avropa.info xəbər verir ki, İrana tətbiq edilən sanksiyalar ləğv oluna bilər. Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramını minimallaşdırması ilə bağlı hesabatını yaxın zamanlarda elan edəcək. Rəsmi Tehran artıq nüvə fəaliyyətini beynəlxalq müşahidə altında razılaşmaya uyğun həcmdə azaldıb. Buna qarşılıq olaraq BMT, AB və ABŞ İrana qarşı sanksiyaları donduracaq, bura İranın 100 milyard dollar civarında dondurulmuş vəsaitinin geri ödənməsi və ən mühümü, İranın yenidən dünya enerji bazarına qayıtması kimi mühüm məqamlar da daxildir. ABŞ məsələ ilə bağlı müsbət mesaj verib. Vaşinqton bəyan edib ki, hər iki tərəf nüvə anlaşmasının qüvvəyə minməsi üçün doğru yöndə addımlar atıb. Razılaşmanın müjdəsi kimi, ABŞ 7 İran vətəndaşını azadlığa buraxıb.Buna qarışılıq olaraq Tehran həbsdə olan 4 ABŞ vətəndaşını azad edib.

Beləliklə, Qərblə Iran arasında əldə olunan dialoq qlobal səviyyədə siyasi proseslərə təsir edəcək. ABŞ-ın danışıqlarda faktiki olaraq Irana güzəştə getdiyi bildirilir. ABŞ Israilin təzyiqinə baxmayaraq Iranla razılaşmaya getdi. Onu da vurğulayaq ki, ABŞ-Iran yaxınlaşması Rusiya ilə soyuq savaş yaşayan Vaşinqtona əlavə divident qazandıra bilər. Rusiya Vaşinqtona qarşı mübarizədə ən yaxın tərəfdaşını itirə bilər. İlk baxışdan görünən budur ki, Iran da Qərblə münasibətini yumşalda və Vaşinqton- Moskva savaşında Ağ evin maraqlarına xidmət edə bilər. Praqmatik maraqlar Iranı yeni strategiya fikirləşməyə vadar edir. Əslində, bu gün Vaşinqtonun maraqlarına Tehrandan daha çox Moskva təhlükə daşıyır. Kremlin aqressiv siyasəti fonunda ABŞ digər rəqibləri ilə münasibətləri normallaşdırmağa çalışır.

Göründüyü kimi, Rusiya təklənir. Düzdür, İran-Qərb razılaşması region ölkələrinin, o cümlədən də Israilin maraqlarına ziddir. Tehran və Vaşinqton anlaşması reallaşarsa, İsrail bundan sonra öz siyasətində korrektələr etməli olacaq. Lakin sirr deyil ki, İsrail Yaxın Şərqdə əsas fiqura çevrilmək istəyir. İranın mövqelərinin güclənməsi İsrailin bu maraqlarına zərbə vurur. Amma ABŞ qlobal maraqlarını heç kimə güzəştə getməyəcək. Onu da vurğulayaq ki, İran ətrafında baş verənlərin region dövlətlərinin hamısına təsir etmək gücündədir. Bu baxımdan, Azərbaycan öz maraqlarına uyğun addımlar atmalıdır. Bakı Tehranın Qərblə razılaşmasına açıq şəkildə etiraz edə bilməz. Unutmaq olmaz ki,əgər ABŞ öz forpostu olan Israilin maraqlarını nəzərə almırsa, Azərbaycan adıçəkilən maraqlara qarşı çıxa bilməz. Yaranmış şəraitdə, Azərbaycan Türkiyə ilə daha sıx əlaqələr yaratmalı və ölkə daxilində ciddi islahatları davam etdirməlidir. Eyni zamanda Azərbaycan ABŞ və Avropa Birliyi ilə də münasibətlərə diqqət edərək, onları dərinləşdirməlidir.

ABŞ isə İranla müharibə vəziyyətindən çıxmaq, nüvə silahı yaradılması ilə bağlı şübhələri aradan qaldırmaq haqqı verən razılaşmanı imzalamaqla müəyyən qədər regionda əlverişli diplomatik şəraitin yaranmasına çalışır. Yaxın zamanlarda ABŞ Suriya münaqişəsinin Rusiyanın iştirakı olmadan həll olunmasına çalışacaq.

Lakin İran – ABŞ münasibətlərin bundan daha irəli gedəcəyi hər iki tərəf üçün mümkünsüzdür. Ən azı ona gör ki, ABŞ faktiki olaraq Yaxın Şərqdə hegemonluğa çalışan İrana qarşı əks cəbhədə dayanır və Vaşinqtonun regiondakı müttəfiqləri faktiki olaraq, İranın əsas rəqibləridir. Hazırkı şəraitdə İranın bölgədə daha da güclənərək mövqelərini möhkəmlətməsinə ABŞ-ın razılıq verməsi mümkün deyil. Digər tərəfdən, İranın ABŞ-la daha sıx əməkdaşlığa getməsi də real görünmür. Çünki bu halda ya İran regiondakı iddialarından əl çəkməli, ya da ABŞ bölgədəki müttəfiqlərindən imtina edib İranla yaxınlaşmalıdır. Belə gedişat Birləşmiş Ştatların maraqlarına cavab vermir. Bu baxımdan, ehtimal etmək olar ki, sözügedıın razılaşma uzun müddət davam etməyəcək və ya yalnız nüvə silahı məsələsi ilə yekunlaşacaq. İran siyasi elitasının mühafizakar hissəsi də ABŞ-la razılaşmaya elə də rəğbətlə yanaşmır.

Bu məsələdə daha bir sual yaranır. İran-ABŞ münasibətlərinin yumşalması Bakı- Tehran münasibətlərində hansı yeniliklər yarada bilər? Vurğulayaq ki, Azərbaycan diplomatiyası avro-atlantik məkana inteqrasiya yolunu seçib. Azərbaycanın iqtisadiyyatı, neft sənayesi, neft biznesi, kommunikasiyaları, bunların hamsısı Qərb ölkələri ilə əlaqədədir. Elə bu səbəbə görə də, Azərbaycan üçün Tehran – Vaşinqton razılaşmasında ciddi təhlükənin olmayacağı ehtimal olunur. Digər tərəfdən, liberallaşma şəraitində İranda yaşayan Azərbaycan türkləri də öz hüquqları uğrunda mübarizədə daha fəal ola bilərlər.

Düzdür, İranın Qərblə yaxınlaşması Xəzər hövzəsinin əsas neft-qaz ixracatçılarından biri olan Azərbaycanın da regional və beynəlxalq mövqelərinə təsirsiz ötüşməyəcək. Qərbin enerji şirkətlərinin Irana qayıtması, bu ölkənin neft hasilatının artması, gələcək perspektivdə Iran enerji daşıyıcılarının Avropaya nəqlinin yolunun açılması Azərbaycanın geosiyasi əhəmiyyətinin azalmasına səbəb ola bilər. Xüsusən də ona görə ki, Azərbaycanda neft hasilatı azalmağa doğru gedir. Bu amil də Azərbaycan və Türkiyənin daha sıx inteqrasiya etmələrini vacib edir. Bölgədə yaranmış çətin situasiyada Bakıya etibarlı müttəfiq lazımdır və belə strateji tərəfdaş yalnız Ankara ola bilər...

Avropa.infonun ekspert qrupu

Geri dön