Azərbaycanda cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında koronavirus kütləvi şəkildə yayılıb. Həbsdəki bir çox tanınmış şəxslər də virusa yoluxub. Məlum olduğu kimi, artıq COVİD-dən həyatını itirənlər də var. Uzun illər Goranboy, ardınca da Ağstafanın icra başçısı olmuş Nizaməddin Quliyev və 2005-2019-cu illərdə deputat olan Rəfael Cəbrayılovun həbsdə məhz koronavirusa yoluxma nəticəsində vəfat etdiyi bildirilir.
Hazırda həbsdə saxlanılan ictimai-siyasi fəallardan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin mühafizəçisi olmuş Niyaməddin Əhmədov da koronavirusa yoluxub.
Həbsdə COVİD-19-dan əziyyət çəkənlər arasında Nəsimi rayon Məhkəməsinin sədri İlham Cəfərovun kürəkəni Orxan Zöhrabov və Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, general-mayor Təmkin Xəlilovun yaxın qohumu Emin Xəlilov da var. Onlar bu ilin mayında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının Bakı Baş Gömrük İdarəsində keçirdiyi əməliyyat nəticəsində həbs olunublar. Onlar da daxil olmaqla, 8 nəfər keçmiş gömrükçünün işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Oktyabrın 5-də məlum olub ki, Orxan Zöhrabov və Emin Xəlilovu məhkəməyə gətirməyiblər. Penitensiar Xidmətin əməkdaşı məlumat verib ki, onların hər ikisi koronavirusa yoluxub, bu səbəbdən prosesdə iştirak etmələri mümkün deyil. Vəkilləri məhkəmədə vəsatət qaldırıb ki, sağlıq durumları nəzərə alınaraq, onlar ev dustaqlığına buraxılsınlar:
“Orxan Zöhrabovun ağciyərində ocaqlar aşkarlanıb. Koronavirusa yoluxmazdan əvvəl də onun səhhətində problemlər vardı və ona görə Müalicə Müəssisəsinə yerləşdirilmişdi. Virus həmin xəstəliklərinə də təsir göstərib. Azadlığa buraxılsa, normal müalicə olunar”.
Qalan 6 nəfərin həm özü, həm də vəkilləri bu vəsatətləri müdafiə ediblər. Üstəlik, digər təqsirləndirilən şəxslərin də həyatının təhlükə altında olduğunu vurğulayaraq, onların da buraxılması məsələsini qaldırıblar.
Vəkil Aqil Layıc deyib ki, həbsdə saxlanılan şəxsin sağlamlığına, təhlükəsizliyinə görə dövlət məsuliyyət daşıyır. Penitensiar müəssisələrdə virusun geniş yayıldığını vurğulayan vəkil Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin, keçmiş deputat Rəfael Cəbrayılovun COVİD-19-dan ölümünü yada salıb:
“Həbs yerlərində kütləvi yoluxma olduğu bir şəraitdə digər təqsirləndirilən şəxslərin də həyatına təhlükə var, onların heç biri virusa yoluxmaqdan sığortalanmayıb. Ona görə, bütün təqsirləndirilən şəxslər haqqında həbs qətimkan tədbirinin dəyişməsini xahiş edirəm”.
Penitensiar Xidmət tabeliyindəki müəssisələrdə saxlanılan şəxslərdən neçə nəfərin COVİD-19 virusuna yoluxduğunu açıqlamayıb. İyulun sonuna olan rəsmi məlumatda pandemiya dövründə məhbuslar arasında 561 yoluxma halının qeydə alındığı bildirilirdi. Bu barədə məlumat verən Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədovun sözlərinə görə, bu rəqəm həmin dövrdə müəssisələrdə saxlanılan şəxslərin sayına nisbətdə 1.4 faiz deməkdir. “Bu sahədə Penitensiar Xidmətin təcrübəsi ölkəmizdə səfərdə olmuş İşgəncələrə qarşı Avropa Komitəsinin nümayəndələri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin əməkdaşları, habelə digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib”, – deyə rəis müavini bildirib.
Tanınmışların həbsdə koronavirusa yoluxma nəticəsində vəfat etməsinə gəlincə, Penitensiar Xidmətdən “Press Klub”a bildirilib ki, keçmiş deputat Rəfael Cəbrayılov peyvənd olunmaqdan imtina etmişdi:
“Rəfael Cəbrayılovun hüquqlarını müdafiə edən vəkili koronavirusa yoluxandan sonra ondan da COVİD-19 infeksiyasına qarşı test nümunələri götürülüb və nəticəsi pozitiv çıxıb. 1958-ci il təvəllüdlü Rəfael Cəbrayılov cəzaçəkmə müəssisələrində könüllü aparılan kütləvi vaksinasiyadan qəti imtina edib. O, xroniki şəkərli diabetin kəskinləşməsindən və arterial hipertoniyadan əziyyət çəkirdi. Müvafiq müalicə tədbirlərinə cəlb olunub, lakin xroniki xəstəlikləri ilə əlaqədar təhlükəli risk qrupuna daxil olması nəzərə alınıb və sentyabrın 28-də o, müalicəsini davam etdirmək üçün “Yeni Klinika” xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, sentyabrın 30-da vəfat edib”.
Sabiq icra başçısı, 1954-cü il təvəllüdlü Nizamədin Quliyev isə sentyabrın 8-də Gəncədə modul tipli xəstəxanada vəfat edib. Penitensiar Xidmətin açıqlamasına görə, son günlər onun bədən temperaturu 37 dərəcədən yuxarı olub. Bu səbəbdən o, zəruri instrumental müayinələrə cəlb edilib:
“O cümlədən koronavirus infeksiyasına qarşı testlərdən də keçirilib. Nəticəsi neqativ olsa belə, profilaktik müalicə almışdı. Sentyabrın 7-də Nizaməddin Quliyev, səhhəti qəflətən pisləşdiyindən, kompüter tomoqrafiya müayinəsindən keçirilib. Onun ağciyərlərində viral pnevmoniya əlamətləri (“buzlu şüşə”) aşkarlanıb və “COVİD-19 infeksiyasına yoluxma” diaqnozu təyin edilib. Onu Təcili Tibbi Yardım briqadası Gəncədəki modul tipli xəstəxanaya yerləşdirib. Zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq, arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən Nizaməddin Quliyev orada vəfat edib”.
Ədliyyə Nazirliyindən “Press Klub”a bildirilib ki, penitensiar müəssiələrdə saxlanılan məhkumlarda və əməkdaşlarda COVİD-19 infeksiyasına yoluxma hallarıyla bağlı dərhal zəruri tədbirlər görülür, onların kontaktda olduğu şəxslər müəyyənləşdirilib, müayinədən keçirilir:
“Virusa yoluxan məhkumlar dərhal təcrid olunaraq, ixtisaslaşdırılmış müalicə müəssisəsində xüsusi yaradılmış şöbəyə yerləşdirilir. İntensiv müalicə tədbirləri aparılaraq tam sağaldıqdan sonra karantindən çıxarılırlar”.
Hüquq müdafiəçisi Anar Məmmədli hesab edir ki, məhkumlar arasında koronavirusun sürətlə yayılmasına təkan verən səbəblərdən biri penitensiar müəssisələrdəki sıxlıq və şəraitsizlikdir. Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycandakı həbsxana, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarının əksəriyyətində saxlanma şəraiti yaxşı deyil:
“Məhkumlara verilən yeməklər keyfiyyətsizdir, sanitar-gigiyenik normalara əməl olunmur. Vaxtilə mən saxlandığım cəzaçəkmə müəssisəsində bəzən əl yumağa su olmurdu. Belə bir antisanitariya şəraitində istənilən virusun yayılma riski çox yüksəkdir. Cəzaçəkmə müəssisələrində məhkumların sayı da həddindən artıq çoxdur. Bir yataqxanada 100-120 nəfər məhkum olur”.
Anar Məmmədli penitensiar müəssisələrin yükünün yüngülləşdirilməsini – məhkumların sayının azaldılmasını vacib sayır. //PRESSKLUB.AZ//