Ana Sayfa > Araşdırma > Suriya müharibəsi Azərbaycan sahillərində - fəlakət ssenarisi

Suriya müharibəsi Azərbaycan sahillərində - fəlakət ssenarisi


9-10-2015, 10:30. Yazar: admin
Suriya müharibəsi Azərbaycan sahillərində - fəlakət ssenarisi
Oktyabrın 7-də Rusiyanın Xəzər donanmasının dörd gəmisindən Suriya ərazisindəki İŞİD terror təşkilatının mövqelərinə raket zərbələrinin endirilməsi dünyanın şokedici hadisələrindən sayılır. Məlumata görə, həmin anda terrorçu təşkilata aid olduğu bildirilən 11 hədəfə 26 raket zərbəsi endirilib.

Əslində Rusiyanın Suriyada hərbi əməliyyatlara başlaması bir o qədər təəccüb doğurmamışdı və əksər ekspertlər bunu Obama-Putin anlaşmasının məntiqi nəticəsi olaraq sakit qarşılamışdılar. Lakin “sülh dənizi” adlandırılan Xəzərin müasir tarixində ilk dəfə olaraq Putinin 2 min km-lik məsafədəki hədəflərin vurulmasına göstəriş verməsi 3-cü Dünya Müharibəsi riskini artıran hadisə kimi dəyərləndirilir.

Sözsüz ki, Rusiyanın addımı Azərbaycanı da ciddi risklərə çəkir. Azərbaycanın Xəzərdəki neft və qaz yataqları da İŞİD-in və onun müdafiəçilərinin hədəfinə çevrilə bilər. Hədəflərə zərbə endirən gəmilərdən birinin - “Dağıstan”ın kapitanının əslən azərbaycanlı Vüsal Miriyevin olması da diqqətçəkəndir. Doğrudur, rəsmi Bakı baş verənlərə hər hansı reaksiya verməyib. Üstəlik, Azərbaycanın özünün hava və su məkanından Rusiyaya İŞİD-ə qarşı istifadə üçün icazə verib-vermədiyi də bəlli deyil. Rusiya isə artıq bəyan edib ki, İŞİD-in Suriyadakı mövqelərinə yalnız qırıcılardan deyil, uzaq mənzilli raketlərdən istifadə edilməklə də zərbələr endirilib.

Rusiya prezidenti Putin bildirib ki, Suriyadakı hədəflər Xəzərdəki gəmilərdən buraxılan raketlərlə vurulub. Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya hərbi gəmilərinin Xəzər dənizindən İŞİD-in Suriyadakı mövqelərinə atdığı raketlərin trayektoriyasını rəsmi Bağdad və Tehranla razılaşdırıb.

Müşahidəçilər hesab edir ki, Rusiya bu addımı ilə həm də Xəzər regionunda gücünü göstərdi və bu bölgəyə kənar qüvvənin müdaxiləsinin mümkünsüzlüyünü nümayiş etdirmiş oldu. Konkretləşdirsək, Kreml Xəzərdəki gəmilərdən atdığı raketlərlə bu dənizin sahibinin kim olduğunu göstərdi. Eyni zamanda Moskva, İran istisna olmaqla, Xəzəryanı ölkələrdən heç kimlə hesablaşmadığını nümayiş etdirdi. Hər halda, statusu müəyyənləşdirilməyən Xəzərdə hərbi əməliyyat qərarını verməklə sahilboyu ölkələri də təhdid etmiş oldu. Bəzi ekspertlərin iddiasına görə, Azərbaycan prezidentinin rusiyalı həmkarına ad günündə zəng edib onu təbrik etməsi Suriyanın vurulması məsələsində Bakı ilə Moskva arasında anlaşma olduğunu nümayiş etdirdi. Ola bilər ki, bununla Azərbaycan özünü Rusiya təhlükəsindən sığortalamaq, proseslərdə neytral qalmaq istəyir. Ancaq fakt budur ki, Azərbaycan təhlükələrdən sığortalanmayıb. Xəzərin beynəlxalq savaşlara cəlb edilməsi Azərbaycan, onun enerjidaşıyıcıları üçün ciddi təhdidlər vəd edir.

Azərbaycan Atlantik Əməkdaşlıq Təşkilatının sədri Sülhəddin Əkbər deyir ki, hadisələrə düzgün qiymət vermək üçün məsələyə qlobal yanaşma tələb olunur. Onun fikrincə, hazırda müəyyən məsələlərdə dünya gücləri arasında geopolitik, geostrateji qarşıdurma gedir və Ukrayna böhranında kəskinləşən bu qarşıdurma Suriya böhranı ilə daha da dərinləşib: “Azərbaycan da həm geopolitik, həm geostrateji baxımdan bu qarşıdurmanın yaşandığı böyük alanda mərkəzi yer tutur. Yəni bir tərəfdən postsovet məkanı ilə Yaxın, Orta Şərq arasında qalıb. Postsovet məkanında Azərbaycan strateji qarşıdurmanın cəbhə xəttindədir. İndiki halda bu qarşıdurma GUAM xəttindən keçir. Digər tərəfdən, başqa cəbhə xəttini götürsək, Azərbaycan ortada qalıb. Bu baxımdan təbii ki, bu qarşıdurmalar Azərbaycandan yan keçməyəcək, getdikcə, əksinə, Azərbaaycana təsirləri daha da artacaq”.

S.Əkbər məsələyə hərbi-siyasi baxımdan yanaşmanı da zəruri sayır: “Hələ Ukrayna böhranı zamanı ekspertlər deyirdilər ki, postsovet məkanında dondurulmuş konfliktlərin yenidən qızışma ehtimalı var. O zaman da belə bir fikir vardı ki, Rusiya Ukrayna, Moldova və Gürcüstanda itirdiyi mövqeləri bu və ya başqa şəkildə, yaxud yerdə kompensasiya etməyə çalışacaq, Bunun üçün də ən uyğun yer Azərbaycandır”.

Ekspert qeyd etdi ki, rusların Şimalı Qafqazda və Xəzərdə hərbi birləşmələrini gücləndirməsi Azərbaycana təhdiddir: “Digər tərəfdən, Suriya Rusiya və İranın müttəfiqidir. Türkiyə və Azərbaycan arasında isə strateji əməkdaşlıq haqqında müqavilə var. Deməli, Türkiyə nə qədər aktiv şəkildə Suriya məsələsinə müdaxilə edirsə, dolayı yolla Azərbaycana müdaxilə riski də artır. Son zamanlar Rusiyanın artıq aktiv müdaxiləyə keçməsi bunu açıq şəkildə ortaya qoyub. Rusiya Azərbaycanın Gömrük İttifaqına daxil olması üçün təzyiqləri artırıb. Bir neçə rayonun azad olunması qarşılığında rus sülhməramlılarının Qarabağda yerləşdirilməsi və Rusiyanın Azərbaycanda hərbi iştirakının legitimləşdirilməsindən söhbət gedir. Azərbaycan Cənubi Qafqazın yeganə ölkəsidir ki, burada Rusiyanın legitim hərbi qüvvələri yoxdur. Həm Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgəsində, həm də Ermənistanda rus hərbi bazaları var. Belə bir mürəkkəb vəziyyətdə Azərbaycan özünü Qərbdən təcrid etdiyi halda Rusiya qarşısında mövqeləri daha da zəifləyir. Azərbaycan daxilində ”beşinci kolon" da çox güclənib - hansı ki, hakimiyyətdə də çox güclü mövqeləri var. Azərbaycan parlamenti elə formalaşdırılacaq ki, istənilən rusiyayanlı qərarı ordan keçirmək mümkün olsun".

Rusiyanın Xəzərdən istifadəsinə gəldikdə, S.Əkbər vurğuladı ki, bundan əvvəl Azərbaycanın hava məkanından da istifadə olunub: “Azərbaycan öz hava məkanını Rusiyanın üzünə bağlaya bilməz. Birincisi, Azərbaycan hava məkanından Əfqanıstanla bağlı NATO-ya, ABŞ və Türkiyəyə icazə verib. Odur ki, Rusiyanın istəyinə qarşı çıxa bilməz. İkincisi, Rusiya Azərbaycanın hava sahəsindən istifadə etmədən də İran və İraq üzərindən Suriyaya hava dəhlizi aça bilər. Üçüncüsü, Rusiya istəsə, Bakıdan icazə almadan da Azərbaycanın hava məkanından istifadə edə bilər”.

S.Əkbər əlavə etdi ki, istənilən halda Xəzər hədəfə alına bilər: “Rusiya artıq sünni, islamçı, terrorçu qrupların hədəfindədir. Eyni zamanda Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə başda olmaqla, İslam dövlətləri ilə münasibətlər kəskinləşməkdə davam edir. Ona görə də terror dalğasının Rusiya ərazisinə, Şimali Qafqaza, Orta Asiyaya keçməsi ehtimalı yüksəkdir. İkincisi, Azərbaycandan terror qruplaşmalarının tərkibində bu dəqiqə də döyüşənlər var, zaman-zaman ölkəmiz təhdid olunub. Üçüncüsü, Azərbaycan Türkiyənin strateji tərəfdaşıdır və Türkiyə bu münaqişədə aktiv tərəfdir. O baxımdan Azərbaycana yönəlik terror-təhdid riski yüksəlir və Azərbaycan buna uyğun təhlükəsizlik tədbirləri görməlidir”.

Bu arada NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Suriya ərazisinə raket zərbələri endirməsi məsələsinə münasibət bildirib. NATO baş katibi bu hadisədən narahat olduqlarını və Türkiyə daxil olmaqla, regiondakı müttəfiqlərini qorumaq üçün alyans tərəfindən hazırlıq görüldüyünü bildirib. NATO Suriyanın ətrafında cərəyan edən vəziyyətlə əlaqədar olaraq Şimali Atlantika Alyansının əlavə köməyindən istifadə edilməsi məsələsini qiymətləndirir.
Rəsmi Vaşinqton da Suriyaya raket zərbələri endirdiyi üçün Rusiyaya xəbərdarlıq edib. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi jurnalistlərin suallarını cavablandırarkən söyləyib ki, Xəzər Dənizi Donanması raket zərbəsi mövzusundan kənar durmalıdır.

Dövlət Departamentinin nümayəndəsi, kontr-admiral Con Kirbi Rusiyanın yaydığı görüntülərə inanmadığını bildirib: “Mən təsdiq edə bilmirəm ki, ruslar, ümumiyyətlə, bunu ediblər. Amma Moskva məhz bunu iddia edir ki, guya Xəzərdən Suriyaya raket zərbələri endirir. Lap deyək ki, rus hərbçilər bunu edir. Ancaq bizi Rusiyanın İŞİD bazalarını vurması deyil, başqa əraziləri vurması daha çox narahat edir”.

Qeyd edək ki, ABŞ İŞİD-ə qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq etməkdən qəti surətdə imtina edir. ABŞ rəsmiləri hesab edir ki, səmada münaqişələrin qarşısının alınması üçün müzakirələr aparmağa ehtiyac var. Hazırkı vəziyyət Suriya üzərindən uçan ABŞ təyyarələri üçün təhlükədir. Pilotların təhlükəsizliyi üçün lazımi addımlar atılacaq.

Hərbi ekspert Üzeyir Cəfərova görə, Xəzər dənizindən Rusiyanın belə bir addım atmasından ən azı Azərbaycan və Qazaxıstan məlumatı olmalı idi: “Rusiya özbaşına istədiyini edə bilməz. Qəbul edilmiş qaydalar var, Rusiyanın bu qaydalara əməl etməsi birmənalıdır. Rusiya qaydaları pozarsa, ona qarşı diplomatik, narazılıq formasında irad bildirilməlidir. Rusiya Xəzər dənizində təlimlər keçirəndə ətraf dövlətləri diplomatik kanallarla xəbərdar edir. Rusiya Suriyaya raketlər atır, həmin hava məkanında isə mülki və hərbi təyyarələr uçur, bu mümkün deyil. Əgər belə bir şey olsa idi, ən azı Azərbaycan XİN və Müdafiə Nazirliyi vasitəsilə xəbərdar edilməli idi”.

“Atlas” Araşdırmalar Mərkəzi hesab edir ki, Suriyanı Xəzərdən bombalayan Rusiya Azərbaycana da mesaj göndərmiş oldu. Sitat: “Rusiyanın Xəzər dənizindən Suriyanı bombalaması Azərbaycana da mesajdır ki, rəsmi Bakı dənizin dibi ilə Türkmənistana boru xətti tikintisi layihəsinə dəstək verməsin. Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə boru xəttinin tikintisinə ən çox lobbiçilik edənlər Türkiyə, Avropa Birliyi və ABŞ-dır. Ancaq əgər rəsmi Bakı bu layihəyə maraq göstərməsə, "Transxəzər" layihəsi alınmayacaq. Rusiyanın məqsədi rəsmi Bakını Xəzərin dibi ilə bağlı layihədə geri addım atmağa məcbur etməkdir”.

Geri dön