Ana Sayfa > Araşdırma > Şeyxə "Həcc zərbəsi": pis təşkilatçılıq və qazanılan milyonlar

Şeyxə "Həcc zərbəsi": pis təşkilatçılıq və qazanılan milyonlar


5-10-2015, 09:11. Yazar: admin
Şeyxə "Həcc zərbəsi": pis təşkilatçılıq və qazanılan milyonlar
Builki həcc ziyarətinin təşkili və başa çatdırılması ilə bağlı kifayət qədər narazılıqlar yaranıb. İstər builki ziyarətin əhəmiyyətli şəkildə baha olması, istərsə də ziyarəti təşkil edən Qafqaz Müsəlmanları İdarəsinin yarıtmaz təşkilatçılığından qaynaqlanan problemlər yenidən bir məsələnin aktuallığını artırıb: Həcc ziyarəti QMİ-dən alınaraq, digər təşkilatlara verilməlidir.

"Unikal" qəzeti xatırladır ki, bu kimi tələblər əvvəllər də səslənib, artıq başa çatmış builki həcc ziyarətində QMİ-nin yol verdiyi təşkilati nöqsanlar isə indi bu məsələnin daha ciddi şəkildə qoyulması ilə nəticələnib. Hər şeydən öncə onu qeyd edək ki, bu il Həcc qiymətlərinin bahalaşması nəticəsində zəvvar yerləri üçün nəzərdə tutulan kvotanın dolmasında da problemlər yaşandı.
Qeyd edək ki, bu il ziyarət qiymətləri ilin əvvəlində baş verən devalvasiya səbəbindən bahalaşıb. Belə ki, xidmət və keyfiyyət fərqlərinə əsasən zəvvarlara, hər il olduğu kimi, iki Həcc tarifi təklif olunur. Nisbətən aşağı keyfiyyətli və hotel nömrəsində çox adamın qaldığı zəvvar paketi 4700 ABŞ dolları və nisbətən yüksək keyfiyyətli (VİP) xidmətlərə görə 5750 ABŞ dolları tələb olunub.
Bu isə ötən illə müqayisədə xeyli bahadır. Xatırladaq ki, son iki ildə Azərbaycanda Həcc qiymətləri sabit olub. Yəni nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalmaq istəyən zəvvarlar 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar isə 4100 manat ödəməli olublar. Bu il isə qiymətlər 35 faiz civarında, yəni devalvasiya kursuna uyğun olaraq qaldırılıb. Həcc ziyarəti VİP xidmətlərlə 5750, adi xidmətlərlə isə 4700 dollar olub. Yəni bu il əvvəlki illərlə müqayisədə adi xidmətlərlə Həcc ziyarətinə gedənlər təxminən 1500, VİP xidmətlərlə gedənlər isə 1700 manat əlavə pul ödəməli olublar.
Doğrudur, ilk vaxtlarda QMİ bu bahalaşmanı devalvasiya və xaricdəki şirkətlərə ödəmələrlə əsaslandırmağa çalışdı. Yəni idarə ziyarətin təşkili ilə bağlı xarici şirkətlərə ödənişi dollarla həyata keçirdiyi üçün qiymətləri qaldırmaq məcburiyyətində olduğunu əsaslandırmağa çalışdı. Ancaq Azərbaycanda Həcc qiymətlərinin digər ölkələrlə müqayisədə baha olduğu hər kəsə məlumdur. Bu mənada bahalığın "əsaslandırılması" çox adamı qane etmədi.
Amma bütün bu kimi arzuolunmaz hallara rəğmən Azərbaycanın inanclı kəsimi hətta olduqca baha qiymətlərlə belə müqəddəs ziyarətə yollandı. Ödənilən ən baha qiymətlərin müqabilində belə Məkkədə ən aşağı xidmət məhz azərbaycanlı zəvvarlara göstərilib, onlar taleyin ümidinə buraxılıb və bu haqlı olaraq QMİ-nin ünvanına ittihamların artmasına yol açıb. Bu baxımdan Həcdən qayıdan tanınmış hüquqşünas Qurban Məmmədov Ciddə hava limanında qarşılaşdığı dəhşətli mənzərəni anladarkən verdiyi açıqlama maraq doğurur: "Burada Qafqaz Müsəlmanları İdarəsinin 10.000 AZN əmək haqqı alan nümayəndələri öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Növbəlilik yoxdur, şəkərli xəstələr, təzyiqi olan qadınlar saat 14:00-dan 50 dərəcə istidə zülm çəkə-çəkə hava limanında gözlədiyi halda, 14 sentyabrda gələnlər yola salınır. Zəvvarlarla maraqlanan yox, su-yemək təklif edən yox".
Onun sözlərinə görə, aeraportda ən tərbiyəsiz münasibət azərbaycanlılara qarşı olub: "Başqa ölkələrin zəvvarları hava limanına gələndən qısa müddət sonra yola salınır. Bizimkilər isə Məkkədə hotelə əlavə pul ödəməsinlər deyə, camaatı gətirib 50 dərəcə istidə töküblər hava limanına".
Burda da yerlibazlıq, dostbazlıq məsələsinin olduğunu, insanlara sadəcə heyvani münasibət göstərildiyini deyən hüquqşünas daha sonra gördüklərini belə anladır: "Bir qadının: "Bilsəydim belədir həcc ziyarətinə gəlməzdim" - deməsi ürəyimi ağrıtdı. Təyyarə olmaya bilər, ancaq zəvvarlara xidmət göstərmək, ən azından su ilə təmin etmək vətəndaşlardan 5000 dollar alan Qafqaz Müsəlmanları İdarəsinin vəzifəsidir".
Məlumat üçün bildirək ki, builki Həcc ziyarətinin olduqca bərbad şəkildə təşkil olunması ilə bağlı çoxsaylı şikayətlər var və bu şikayətlərin intensivliyi bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin imicinə mənfi təsir göstərməklə, onun əsas qazanc mənbələrindən sayılan Həcc ziyarətini itirməsi ilə də nəticələnə bilər. Bildirək ki, Həcc ziyarətinin təşkili ilə bağlı məsələlərin QMİ-dən alınaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi haqda təkliflər səslənir.

Geri dön