Ana Sayfa > Araşdırma > Ziya Məmmədovun son payızı

Ziya Məmmədovun son payızı


30-09-2015, 10:04. Yazar: admin
Ziya Məmmədovun son payızı
Nəqliyyat naziri Ziya Məmmədovun səlahiyyətlərinin qayçılanması, ardından dövlət tədbirlərində gözə görünməməsi geniş müzakirələrə səbəb olub. Telekanallarda yolların, körpülərin açılışına həsr olunan süjetlərin ön planından kəm olmayan nəqliyyat naziri birdən-birə niyə “vuruldu”. Bunun səbəbi nədir?

Ziya Məmmədovun portfelsiz nazirə çevrilməsinin ortada olan və görünən 2 səbəbi var. Bunlardan biri oğlu Anar Məmmədovun Respublika Gününə həsr olunmuş tədbirdə qəfil peyda olması, digəri isə məlum avtobus qəzasıdır.

Azərbaycan hakimiyyətinin cidd-cəhdlə hazırlaşdığı Avropa Oyunları zamanı “Atletlər kəndi”ndə avtobus qəzası baş verdi. İyun ayının 11-də, saat 8.30-da “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçin və Luna Pacerin üstündən keçdi, digər bir neçə idmançıya xəsarət yetirdi.

Bu olayı Ziya Məmmədovun qəzası da adlandırmaq olardı. Nazir sahəsinə aid olan, ona tapşırılan işin öhdəsindən gələ bilməmişdi. Hakimiyyətin rəqiblərinə, Avropa Oyunlarının baş tutmasına qarşı olanlara çox ciddi bir bəhanə vermişdi. Ardından belə xəbərlər yayılmışdı ki, qəza zamanı sükan arxasında olan sürücü vaxtilə məhkumluq həyatı yaşayıb. Amma onu tərcümeyi-halını təmizləyərək işə götürüblər. Belə bir fikirlərin ortaya çıxması təsadüfi deyildi. Qəzanın əks olunduğu videoya baxanlar olayın qəsdən törədilməsini söyləyirdilər. Hətta sürücünün dini təmayüllü radikal terror təşkilatları ilə əlaqələri haqda da fikirlər səslənirdi. Baxmayaraq ki, özünü sürücünün oğlu kimi təqdim edən şəxs hadisənin təsadüfən törədilməsində israr edirdi. Bu iş üzrə istintaq bitməyib. Belə görünür ki, hələ uzun müddət də bitməyəcək...

Nazirin bu qəzasından təxminən 15 gün əvvəl daha bir “çp” olmuşdu. Mayın 27-də “Buta” sarayında Respublika Günü ilə bağlı keçirilən rəsmi qəbulda Ziya Məmmədovun oğlu Anar Məmmədovun peyda olması hakimiyyət daxilində böyük narazılığa səbəb olmuşdu. Nazir oğlunun ali dövlət tədbirinə qatılması, törəndə hansı statusla iştirakı sual doğurmuşdu.

Hələ o vaxt yazmışdıq, bir də yada salaq ki, Ziya Məmmədovun qıcıq və etiraz doğuran bu addımına narazılıq edənlərin əsas arqumenti təxminən bu cür olmuşdu: “Belə çıxır ki, Ziya Məmmədov kimi başqa nazirlər də öz oğlanlarının əlindən tutub belə tədbirlərə gətirsin. Bəs o zaman protokol, qaydalar harda qaldı?!”

Mənbəmiz iddia etmişdi ki, Anar Məmmədovun tədbirdə iştirakı ilə bağlı öncədən razılıq olmayıb. Sadəcə, Z.Məmmədov öz əlaqələrindən istifadə edərək oğlunun tədbirdə iştirakını təmin edə bilib. Hətta “Buta”da keçirilən rəsmi dövlət tədbirində A.Məmmədov üçün oturmağa yer olmayıb. O, xarici səfirliklərin nümayəndələri, hərbi atteşelər üçün nəzərdə tutulan masada əyləşdirilib.

Dövlət rəhbərliyinin qəzəbinə səbəb olan bu addımdan sonra nəqliyyat naziri çıxış yolu kimi mətbuata təkzib verilməsi üçün müraciət etdi. Halbuki 13 illik nazirliyi dövründə, ondan əvvəl isə Dövlət Dəmir Yolunun rəisi vəzifəsində çalışarkən Ziya Məmmədov barəsində mətbuatda yazılan ən ciddi yazılara, məlumatlara reaksiya verməmişdi. Təsəvvür edin, Z.Məmmədov oğlu Anarın ayı yeməsi haqda mətbuatda yayılan məlumatlara heç bir reaksiya vermir, amma gənc Məmmədovun Respublika Günü ilə bağlı rəsmi qəbulda iştirakı haqda qəzetdə yazılanlara çevik reaksiya bildirir - öz adından (!) bu xəbəri təkzib edir... Demək, nazir buna görə hansısa təhlükə hiss edib, yaxud ondan ən yüksək səviyyədə izahat istənilib deyə, belə bir addımı atmağa məcbur olub.

Hakimiyyətin nazirə münasibətində son damla isə əlbəttə ki, məlum 11 iyun qəzası oldu. Bütün dünyanın gözü Bakıda, yarışların açılışına saatlar qala Ziya Məmmədovun üzündən hakimiyyət ciddi zərbə alır. Qəsdən adamöldürmə maddəsi ilə həbsdə yatmış bir şəxsə turistləri daşıyan avtobusun sükanı etibar edilir. O sürücü də idarə etdiyi avtobusla bir neçə xarici idmançının üstündən keçir. O avtobus həm də Ziya Məmmədovun karyerasının üstündən keçmiş sayılır...

Ziya Məmmədovun böyük səlahiyyətlərindən məhrum edilməsi prosesi həm də ondan əvvəl belə münasibətlə üzləşmiş nazirlərin aqibətini xatırladır. 2005-ci ildə parlament seçkilərinə bir neçə ay qalmış o dövrdə iqtisadi inkişaf naziri olan Fərhad Əliyevin səlahiyyətləri alınaraq ayrıca komitələrə verilirdi. Parlament seçkilərinə bir neçə gün qalmış isə F.Əliyev həbs olundu.

Bu il də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Belə bir vaxtda nəqliyyat nazirinin səlahiyyətlərinin alınmasının təsadüfi olmasını söyləmək də çətindir.

Baş verənləri belə yekunlaşdırmaq olar: 20 ilə yaxındır karyerası parlayan, vəzifə pillələrində sürətlə irəliləyən, özünə bu hakimiyyətin hesabına böyük imperatorluq qurmuş Ziya Məmmədovun siyasi işığı öləziyir. Onun üçün xilas yolu görünmür. Bu payız Məmmədovlar klanının, sözün siyasi mənasında, son payızı ola bilər. Təbii, möcüzə baş verməsə...

Geri dön