Ana Sayfa > Araşdırma > "Hafka"ya gözlənilməz və böyük şok

"Hafka"ya gözlənilməz və böyük şok


29-09-2015, 09:24. Yazar: admin
"Hafka"ya gözlənilməz və böyük şok
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Bahar" qaz yatağında aparılan qazma işləri 2016-cı ilin sonuna kimi dayandırılıb. Bunu layihənin iştirakçılarından olan "Greenfields Petroleum" şirkətinin prezidenti və icraçı direktoru Con V.Harkins bildirib.

Onun sözlərinə görə, 2014-cü ilin aprel ayından yatağın işlənməsi üzrə aparılan işlər yavaşlayıb və qazma işlərinin müvəqqəti dayandırılması qərara alınıb: "Şirkət bir sıra islahatlar aparıb, xərclər və işçilərin sayı azaldılıb. Yerli tərəfdaşdan birini dəyişdiririk".
C.Harkins qeyd edib ki, "Bahar" və "Qum dəniz" neft yataqlarının kəşfiyyatı, hasilatı və işlənməsi layihəsinin operatoru olan "Bahar Energy" əməliyyat şirkətinin səhmdarlarından biri olan "Baghlan Group"un yerinə başqa şirkətin qatılması üçün seçim aparılır. Onun sözlərinə görə, tərəfdaş şirkətin kifayət qədər maliyyə imkanları olmalıdır və bunun üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) razılığı alınmalıdır.
"Greenfields Petroleum"un rəhbəri layihənin yeni iştirakçısının ilin sonuna kimi elan olunacağını bildirib, həmçinin gələcək planlar haqqında danışıb: "Qum dəniz" yatağında tamamlama işləri görüləcək. "Bahar" yatağında 2D və 3D seysmik kəşfiyyat işləri aparılacaq, daha çox qaz hasilatı üçün işlər görüləcək".
Qeyd edək ki, 2009-cu ildə "Bahar-Qum dəniz" yataqlar blokunun kəşfiyyatı, hasilatı və işlənməsi üzrə SOCAR və "Bahar Energy Company" şirkətləri arasında 25 illik müqavilə imzalanıb. Müqaviləyə görə, SOCAR 20%, "Bahar Energy Company" 80% paya malikdir. "Bahar Energy Company"nin təsisçiləri isə "Baghlan Group", "Greenfield International" və "RAFI Oil" şirkətləridir.
Xatırladaq ki, 1968-ci ildə kəşf edilən "Bahar" qaz-kondensat yatağı Bakı şəhərindən 40 km cənub-şərqə doğru dənizdə yerləşir.
"Unikal" xatırladır ki, "Baghlan Group" "Hafka" ləqəbi ilə tanınan qalmaqallı iş adamı Hafiz Məmmədova məxsusdur. Son vaxtlar onun biznesi ciddi problemlərlə qarşılaşıb.
Belə ki, "Hafka"nın maliyyə sarıdan əməlli-başlı korluq çəkdiyi məlumdur. Üstəlik, "Baghlan Group"un gəlirlərinin də kəskin azalması Hafiz Məmmədovu pul qıtlığı ilə üzləşdirib.
Adı bu günədək müxtəlif qalmaqallarda keçən Hafiz Məmmədovun bir sıra layihələrdən kənarlaşdığını da qeyd etmək yerinə düşər. Xüsusilə onun nəqliyyat naziri Ziya Məmmədovla ortaqlıq əlaqələrinin pozulması "Hafka"nı çətin vəziyyətdə qoyub.
Onu da deyək ki, hələ bu ilin aprelində məlum oldu ki, Standard & Poor's" (S&P) kredit reytinqi xidməti Azərbaycanın "Baghlan Group FZCO" (Baghlan) diversifikasiya edilmiş şirkətinin uzunmüddətli kredit reytinqini "V-"dən "SD"-dək ("seçilən defolt") aşağı salıb ki, bundan sonra reytinq şirkət haqqında kifayət qədər məlumatın olmaması ilə əlaqədar geri çağırılıb.
Şirkətin məlumatında qeyd olunurdu ki, geri çağırılma zamanı şirkətin "SD" reytinqi "Baghlan" tərəfindən müddəti 27 dekabr, 2013-cü ildə bitən 19 milyon dollar həcmində kupon üzrə ödənişin həyata keçirilmədiyi faktını əks etdirir: "Bu kupon "Standard & Poor's" reytinqinə malik olmayan 150 milyon dollar məbləğində borcda iştirakın sertifikatlarına aiddir. Bu informasiya "Standard & Poor's" şirkətinə yalnız bu yaxınlarda məlum olub. Bundan başqa, şirkətin əldə etdiyi məlumata görə, sonradan "Baghlan" səkkiz milyon dollar məbləğində kuponu qismən ödəyib, lakin bizim meyarlarımıza görə, bu, reytinqin seçilən defolta qədər azaldılmasından yayınmaqdan ötrü kifayət deyil".
Xidmət şirkətin həmçinin likvidlik haqqında vaxtında və adekvat informasiya təqdim etməməsindən sonra reytinqi geri çağırıb.
Məlumatda deyilir: "Lazımi informasiyanın olmaması ilə əlaqədar biz Baghlan-ın reytinqlərini dəstəkləyə bilmərik".
Bundan əvvəl isə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi də "Baghlan Group FZCO"-nun uzunmüddətli defolt emitentini ("RDE") "B-"dən "RD"-dək (məhdudlaşdırılmış defolt) azaltmış, daha sonra onu geri çağırmışdı. Belə ki, aprelin 3-də "Fitch Ratings" beynəlxalq reytinq agentliyi nəqliyyat naziri Ziya Məmmədovun o vaxtki biznes ortağı, Fransanın "Lans" futbol klubunu alandan sonra bu ölkə mediasında az qala Napoleon qədər məşhurlaşan Hafiz Məmmədovun şirkətlər qrupunun defolt həddində olduğunu açıqlamışdı.
"Fitch Ratings" Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş və Azərbaycanda neft daşımalarından tutmuş "London taksiləri"nin istismarına qədər bir çox biznes sahələrində fəaliyyət göstərən "Baghlan Group FZCO"-nun emitent defoltunun uzunmüddətli reytinqini B-dən RD-dək (məhdud defolt) aşağı salıb.
"Fitch Ratings" həmçinin şirkətin ötən ilin dekabrında planlaşdırılan, lakin həyata keçirilməyən təmin edilmiş istiqrazlarının gözlənilən B-(EXP) emissiya reytinqini geri çağırıb. Müvafiq olaraq "Fitch Ratings" daha mövcud emitentə - "Baghlan Group"a reytinq vermir və onunla bağlı təhlil aparmır.
Məlumatda deyilirdi ki, "Baghlan"ın reytinqinin aşağı salınması borc öhdəlikləri üzrə ödənişlərin həyata keçirilməməsini əks etdirir: "Reytinq ona görə geri çağırılıb ki, "Fitch Ratings"in reytinqləri dəstəkləmək üçün kifayət qədər informasiyası yoxdur".
Agentlik qeyd edirdi ki, "Baghlan" 2013-cü il, dekabrın 27-də istiqrazlar üzrə 19 milyon dollar həcmində faiz ödənişini həyata keçirməyib. İstiqrazlar 150 milyon dollar həcmində olan kreditdə iştirakı təmin edir. 2014-cü il, martın 7-də isə 8 milyon dollar həcmində kiçik ödəniş edilib.
Qeyd edək ki, Hafiz Məmmədov ötən ilin noyabrında Fransanın "Canal+" kanalına müsahibə verəndə biznesinin nə dərəcədə şəffaf olduğu barədə suala cabab verərkən "Baghlan Group"un nüfuzlu beynəlxalq reytinq agentliyi "Fitch Ratings"lə uğurlu əməkdaşlığını xatırlatmışdı.
Lakin bu müsahibədən sonra çox keçmədi ki, "Fitch Ratings" H.Məmmədovun holdinqinin kredit reytinqini aşağı saldı, indi isə ümumiyyətlə şirkətə verdiyi reytinqi geri çağırır və onun reytinqini müəyyənləşdirməyəcəyini bildirir. Buna səbəb "Baghlan Group"un yerli banklara olan kredit borclarını və kreditlər üzrə faizlərini ödəyə bilməməsidir.
Bütün bu yazılanların fonunda indi də adıçəkilən iş adamının şirkətlər qrupunun "Bahar" layihəsindən kənarlaşdırılması isə Hafiz Məmmədova ən ağır zərbə sayıla bilər. Şübhə yoxdur ki, bu, iş adamının maliyyə sarıdan daha da ağır duruma düşməsinə gətirib çıxaracaq.

Geri dön