Ana Sayfa > Araşdırma > Qovlar şəhər xəstəxanasında ailə biznesi
Qovlar şəhər xəstəxanasında ailə biznesi28-09-2015, 09:07. Yazar: admin |
Məlum olduğu kimi bu gün bəzi rayon və bölgələrimizdə səhiyyənin durumu hələ də müasir tələblərə cavab verə biləcək vəziyyətdə deyil. Redaksiyamıza daxil olan məlumatlara görə, hazırda fəaliyyəti vətəndaşların narazılığını doğuran belə səhiyyə müəssisələrindən biri də Tovuz rayonu, Qovlar şəhər xəstəxanasıdır. Bu xüsusda aldığımız məlumatlarda xəstəxananın rəhbərliyi tərəfindən yol verilən rüşvətxorluq və digər korrupsiya hallarından bəhs olunur. Bildirilir ki, Qovlar şəhər xəstəxanasında yaranmış vəziyyət bu gün olduqca acınacaqlı haldadır. Belə vəziyyətin yaranmasını isə şikayətçilər birbaşa baş həkimin yarıtmaz fəaliyyəti ilə bağlayırlar. Yerli mənbələrdən aldığımız şikayət məktublarında bildirilir ki, Qovlar şəhər xəstəxanasında ən çox saxtakarlığa yol verilən sahələrdən biri yalançı xəstəliklər səbəbindən vətəndaşlara əlillik dərəcəsi verilməsi və bunun əsasında həmin şəxslərin qeyri-qanuni pensiya almaları ilə bağlıdır. Vətəndaşların xüsusi narazılığını doğuran daha bir fakt kimi xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlər göstərilir. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Həm də bu, dərman preparatları ilə həyata keçirilən yeganə maxinasiya deyil. Məsələ bundadır ki, xəstəxananın ərazisində və yaxınlığında bir neçə aptek fəaliyyət göstərir. Məlumatı təqdim edən mənbələr isə, bu apteklərin də baş həkimə məxsus olduğunu bildirirlər. Açıqlamalara görə, məhz bu apteklər hazırda baş həkimin əsas gəlir qaynaqlarından birinə çevrilib. Belə ki, ilk növbədə həmin apteklər demək olar ki, havayı başa gələn dərmanlarla təchiz olunurlar. Bu məqsədlə Qovlar şəhər xəstəxanasında saxta xəstəlik vərəqələri açılır və əslində olmayan xəstələrin burada müalicə aldıqları sənədləşdirilir. Bundan sonra həmin xəstələrə yazılan dərmanlar təbii ki, baş həkimin apteklərində satışa çıxarılır. Digər tərəfdən də məlumatlarda qeyd olunur ki, Qovlar şəhər xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Qalan dərmanlar isə, yenə də ərazidə fəaliyyət göstərən apteklərə ötürülür. Daha sonra açıqlamalarda Qovlar şəhər xəstəxanasının doğum şöbəsinin fəaliyyətinə dair xüsusi olaraq ciddi iradlar irəli sürülür. Şikayətçilər bildirirlər ki, şöbənin müdiri baş həkimin həyat yoldaşıdır. Bu isə, şöbə müdirinin tam cəzasızlıq şəraitində istədiyi qanunsuzluğu həyata keçirməsinə yol açıb. Bildirilir ki, şöbədə doğuş üçün konkret qiymətlər müəyyənləşdirib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə buraxılmır. Qiymətlər isə belədir ki, qeysər üsulu ilə doğuş həyata keçirmək istəyən analar bunun üçün 400-500 manat pul ödəməlidirlər. Təbii doğuş isə 300-400 manata başa gəlir. Üstəlik, bu xərclərdən əlavə tibb bacılarına, sanitarlara bələkpulu, şirinlik adı ilə əlavə hörmət də etmək lazımdır. Eyni zamanda da mənbələr burada hökm sürən şəraitsizliyi və elə də yüksək səviyyədə təmin olunmayan sanitar vəziyyəti diqqət mərkəzinə gətirirlər. Bütün bu neqativ hallar isə təbii ki, müəssisədə daha ciddi fəsadların baş verməsinə səbəb olur... Geri dön |