Ana Sayfa > Araşdırma > Şeyxin deputat qudasına kim və niyə 6 güllə vurub?

Şeyxin deputat qudasına kim və niyə 6 güllə vurub?


22-09-2015, 10:15. Yazar: admin
Şeyxin deputat qudasına kim və niyə 6 güllə vurub?
Milli Məclisin deputatı Hacı Qalib Salahzadənin Həcc ziyarətini parlament seçkilərinə görə yarımçıq qoyub Azərbaycana qayıtdığı barədə xəbər xeyli maraq doğurdu. Əvvəlcə təmsil olunduğu partiyanın əsgəri olduğunu deyən və seçkilərlə bağlı qərarını açıqlamayan Hacı Qalibin adı sonradan hakim partiyanın namizədlər siyahısında olmadı.
Odur ki, bəzi mənbələr onun 27-ci dəfə getdiyi müqəddəs Həcc ziyarətini yarımçıq qoymasını seçkilərdə iştirak niyyəti ilə izah etdilər. “Yeni Müsavat”a müsahibəsində isə kifayət qədər maraqlı açıqlamalar verdi. Yeri gəlmişkən, YAP 27 saylı Sabunçu ikinci seçki dairəsindən bu dəfə Q.Salahzadəni deyil, Cəbrayılova Dilarə Məmmədağa qızını dəstəkləyib və adını siyahıya daxil edib.
- Hacı, ziyarətinizi yarımçıq saxlayıb Bakıya dönməyinizin əsas səbəbi nə oldu?
- Əvvəla, ziyarətimi yarımçıq saxlamamışam. Mən Həcc ziyarətinə başlamamışdım, Mədinədəydim. Orda özümçün naib tutdum. Yəni şəriətdə belə şey var. İstəsəydim o adamı burdan aparardım. Amma hadisələr ki, belə cərəyan etdi, gördüm ki, orda imkan var və mənim yerimə əməlləri edir. Mən ömrümdə Həcc ziyarətini yarımçıq qoymaram. Şəriətdə var ki, əgər zəruri iş olsa, naib tutmaq olar. Gördüm Bakıda aləm bir-birinə qarışıb, mənim ünvanıma cürbəcür sözlər deyilir, qayıtdım gəldim. Bir də düşündüm ki, mənim dostlarıma pis təsir edə bilər, xəstə adamlardır, səhhətlərinə mənfi təsir göstərər, ona görə gəldim. Yoxsa burda heç bir problem yoxdur, ola da bilər, olmaya da, nə olsun ki, bu, Allahın işidir.
- Naib tutduğunuz adam ərəbdir, yoxsa azərbaycanlı?
- Yox, azərbaycanlıdır, özü də tanınmış din xadimidir. Gəlin ad çəkməyək, ancaq tanınmış adamdır, siz də tanıyırsınız. Hacı olmayan adam mənim yerimə naib ola bilməz. Biz də adamlardan sorğu-sual etdik ki, sən öz yerinə gəlmisən, yoxsa başqasının əvəzinə? Yəni Həccə getmiş istənilən adam başqasının yerinə ziyarətə gedə bilər. O adam da ehramı mənim adımdan bağladı.
- Naiblə ikilikdə razılaşdınız, yoxsa dini qaydalar əsasında şahidlər də oldu?
- Yox, biz bu söhbəti 5 nəfərin iştirakı ilə etdik. Yəni 5 adam şahiddir. Əminəm ki, həmin adam mənim özümdən də artıq şəkildə o əməlləri yerinə yetirəcək.
- Bakıda çoxmu ciddi proseslər oldu ki, siz Allahın vacib buyurduğu Həcc ziyarətini başqasına həvalə edib geri dönməyə qərar verdiniz?
- Mən gördüm ki, burda müxtəlif şayiələr yayılır, cürbəcür söhbətlər gedir. Bunun qarşısını almaqdan ötrü qayıtdım. Yaşlı adamlar var, hərəsi bir cür fikirləşir ki, görəsən, niyə belə oldu. Onların səhhətinə pis təsir etməsin deyə, şəxsən özüm qayıtdım ki, heç bir problem yoxdur.
- Ordan Bakıya telefon açmaq, yaxud mətbuatda bəyanatla çıxış eləmək mümkün deyildi?
- Yox, bir var ki, özün burda olasan, bir də var bəyanat verəsən.
- Ancaq belə bir fikir var ki, siz YAP-ın namizədlər siyahısında adınızın olacağına arxayın olduğunuz üçün Həccə yollanıbsınız, sonrakı gedişatda isə başqa mənzərə ilə üzləşdiyiniz üçün ziyarəti yarımçıq qoyub geri dönmüsünüz. Deyilənlərdə həqiqət yükü nə qədərdir?
- Mən nə siyahıya arxayındım, nə də başqa fikrim var idi. Mən Allahın dərgahına getmişdim. Bu dünyada mənim yeganə arzum budur ki, Allah qismət eləsin, ikinci dəfə Kəbə evinin içərisində olum. Artıq bir dəfə Kəbə evinin içində olmuşam. Kəbə evində Peyğəmbər övladlarının, Həzrəti Əlinin, Həzrəti Fatimənin izləri var. Böyük Allah o evi ziyarət etməyi mənə də qismət edib. İkinci ziyarəti də arzulayıram. Deputatlıqdır, vəzifədir, bunlar hamısı gəldi-gedərdir, boş şeylərdir.
- Bəlkə Bakıya tələsik dönməsəydiniz, arzunuza çata bilərdiniz…
- Yox, elə deyil. Kəbə evinin içərisində olmaq pulla, ya adamla deyil, gərək Allah istəsin. Mən sizə bir şeyi danışım. 1990-cı ildə Vəzirovun bir dostu vardı, Cəmil Əlibəyov…
- Yazıçı?
- Bəli. Xalq Cəbhəsi iş başına gələndə Cəmil Əlibəyov həyat yoldaşı Təkbir xanımı da gətirdi, bizim evdə gizləndi. Mən ona dedim ki, Cəmil müəllim, siz Heydər Əliyevə qarşı düz eləmirsiniz, o kişi hakimiyyətə gələcək. Onda rəhmətlik qayıtdı ki, sən çox cavan olsan da, düz deyirsən. Mən onda da Heydər Əliyevin hakimiyyətə gələcəyini bildirdim.
- Hakim partiyanın sizi siyahıdan kənarda qoymasını parlamentdə və mətbuatdakı bəzi çıxışlarınızla izah edənlər tapıldı. Bunun təsiri oldumu?
- Yox, bunlar boş söhbətlərdir. Mən partiyanı sevən adamam.
- Elə isə özünüzə sual verdinizmi ki, niyə YAP-ın siyahısından kənarda qalan 13 nəfərdən biri oldunuz? Hər halda, yaşınız çox deyildi, əlavə vəzifəniz yox idi…
- Mən bir şey bilirəm, yəqin ki, Allah belə istəyib.
- Müstəqil qaydada namizədliyinizi vermək istərdinizmi?
- Yox, mən partiyanın nə tapşırığı olsa, onu yerinə yetirən adamam. Heç vaxt partiyanın mövqeyindən çıxan adam deyiləm.
- Bundan sonra nə işlə məşğul olacaqsınız?
- Bundan sonra Allah nə desə, o olacaq. Hamısı Allahın əlindədir. Sizə bir şeyi də deyim. Ayaz Mütəllibovun vaxtında məni öldürmək istəyiblər, 6 güllə dəyib. 1992-ci il sentyabrın 15-də Xalq Cəbhəsi məni 7 ay yarım türmədə istintaqsız saxlayıb. Onda da ölməmişəm, çıxmışam. Mənim boynuma 8 ölüm işini qoymuşdular ki, guya onları mən öldürmüşəm. Bir dəfə rəhmətlik Heydər Əliyev çağırıb soruşmuşdu ki, bu Hacı Qalib nə edib? Ona izahat veriblər, deyiblər Hacı Qalib bir milisə sillə çəkib. Rəhmətlik də qayıdıb ki, Nardaranda gündə 30 milisi döyürlər, heç kəsi tutmursunuz, necə olur Hacı Qalibi tutursunuz. 3 ay yarım saxladılar boynuma qoysunlar ki, 8 nəfər öldürmüşəm. Heydər Əliyev xəbər tutan kimi məni buraxdırdı. Məni iki dəfə türmədən Heydər Əliyev buraxıb, 1993-cü və 2000-ci illərdə. İndi o qədər mənim paxıllığımı çəkən var ki. Ancaq nə edə bilərəm? Ömrüm boyu Bilgəhdə sakit yaşamışam, heç kəsə sataşmamışam. Mən türmələr, güllələr görmüşəm, həyatım boyu Heydər Əliyevə, sonra da İlham Əliyevə borcluyam. Təkcə mən yox, bütün nəslim…
- 28-ci Həcc ziyarətini reallaşdırmaq istəyirsiniz?
“Gördüm Bakıda aləm bir-birinə qarışıb, mənim ünvanıma cürbəcür sözlər deyilir, qayıtdım gəldim”
- Ömrümün axırınadək Həccə getmək niyyətim var. Allah izn versin, bu dünyada nə qədər yaşayıramsa, ömrümün axırına qədər Həccə getmək istəyirəm. Bu məsələdə konkret rəqəm yoxdur. Onsuz da mən Azərbaycanın tarixinə düşmüşəm. Bundan sonra nə 27 dəfə Həccə gedən deputat olacaq, nə də elə bir deputat olacaq ki, Kəbə evinin içərisində olsun. Bizim möhtərəm prezidentimiz İlham Əliyev yeganə müsəlman dövlətinin başçısıdır ki, 3 dəfə Kəbə evinin içərisində olub. Türkiyə, Əfqanıstan, Pakistan, Tacikistan, İran və digər dövlətlərin rəhbərləri 3 dəfə Kəbə evinin içərisində olmayıb. Bu, bizim fəxrimizdir. Allah eləsin bundan sonra 10 dəfə, 20 dəfə də olsun.
- Bəs müsəlman dünyasında sizin qədər Həcc ziyarətində olan deputat tanıyırsınızmı?
- Yox. Mən belə deputat tanımıram. Ancaq bir bunu bilirəm ki, Azərbaycan parlamentində bundan sonra 27 dəfə Həccdə, bir dəfə də Kəbə evinin içərisində olacaq deputat olmayacaq, necə ki, məndən başqası olmayıb.
- Bu mənada siz Ginnesin Rekordlar Kitabına düşmüş sayılırsınız…
- (Gülür) Vallah, bilmirəm adım Ginnesin Rekordlar Kitabında var, ya yoxdur. Amma hazırda fakt budur. Mən 1990-cı ildən Həcc ziyarətinə gedirəm. Əslində mən 27 desəm də, 27 ziyarətdən çoxdur, il olub iki dəfə ümrə eləmişəm. 3-4 dəfə də Ümrə ziyarətində olmuşam. Ancaq məndən yüksək səviyyədə ziyarəti cənab prezidentimiz İlham Əliyev edib.
- Hacı, YAP-ın siyahısında sizin deputatı olduğunuz dairədən namizəd göstərilən xanımı tanıyırsınızmı?
- Vallah, deyirlər Nardaranda məktəb direktorudur. Qadın xeylağıdır, şəxsən tanımıram, heç bir əlaqəm də yoxdur.
- Seçki ilə bağlı Şeyxlə söhbət edibsiniz? O nə məsləhət gördü?
- Şeyx Amerikadadır e. Şeyxin nəyinə lazımdır mən deputat seçilim, ya seçilməyim. (gülür)

Geri dön