Ana Sayfa > Araşdırma > Düşmənə çörək verən deputatımız var

Düşmənə çörək verən deputatımız var


16-09-2015, 10:02. Yazar: admin
Düşmənə çörək verən deputatımız var
“Naməlum” deputatlar sırasına Əsabil Qasımovu da əlavə etmək olar. Bəzi həmkarları kimi onun da adı qalmaqallarda, rüşvətxorluqda, o cümlədən bir-sıra çirkli işlərdə hallanır. Əsabil Qasımov İmişlidən seçilən deputatdır. Bu il onun öz namizədliyini verməyəcəyi bildirilir. Amma yerli ənənəyə uyğun olaraq yerinə oğlu Taleh Qasımovun deputat seçilməsinə nail olmaq istəyir. Onun namizədliyini vermək istədiyi oğlu “Karat Holdinq”in baş direktorudur. Əsabil Qasımov isə şirkətin sahibidir. Millət vəkilinin özü də açıqlamalarından birində şirkətin sahibi olmasını etiraf edib. «Həmin şirkətin sahibiyəm. Bu şirkəti də 1993-cü ildə yaratmışam» deyən Əsabil Qasımov bununla bizneslə məşğul olmasını təsdiq etmiş olub.

Onun qələbəsinin təmin edilməsi üçün sabiq deputat, müsavatçı İltizam Əkbərlinin namizədliyinin müdafiəsi üçün verilmiş seçici imzaları etibarsız hesab edilib. Deputat seçildikdən sonra İmişlidə un dəyirmanlarının satıldığı informasiyalar yayılmağa başlaydı. Hələ bu harasıdır. Bütün bu çirkli maxinasiyaları istədiyimiz qədər uzada bilərik.

Xatırladaq ki, Əsabil Qasımovun sahibi olduğu “Karat Holdinq”in tərkibinə–Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri); Azinvest Tikinti Şirkəti; Everest-M, Şin Servis (armatur alğı-satqısı); Karmen MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki Marina Plaza oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində Ağ Saray Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən “Premium Market” daxildir.

İndi sadalayacağımız fakt sizlərin qanını donduracaq. Əsabil Qasımovun adı daha çox biznes qalmaqallarında hallandırılır. Onun deputat kimi, qanunvericilik təşəbbüslərinin irəli sürülməsində, həmçinin parlamentin plenar və komitə iclaslarında aktivliyi müşahidə olunmayıb” deyən məlumatlı şəxs iddia edir ki, Əsabil Qasımov ictimai rəylə hesablaşmayan deputatdır: “Onun hər hansı açıqlamasını, hətta həssas məqamlarda belə bir cümlə şərhini belə eşidən olmayıb. Yəqin o, buna ehtiyac duymur. Çünki başı biznesə qarışdığından digər məsələlərə vaxt ayıra bilmir”.

Bu arada, mövzu ilə bağlı əldə etdiyimiz məlumatda o da bildirilir ki, Əsabil Qasımov “Qızıl gül” inqilabının banisi, sabiq prezident Mixail Saakaşvilinin dövründə qonşu Gürcüstanda tenderə çıxarılan un dəyirmanlarının bir hissəsini satın alıb. Bu barədə redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, Əsabil Qasımovun ailə şirkəti olan “Karat Holdinq”ə məxsus “Karmen” unları eynilə yeni müəssisədə də istehsal edilir və Gürcüstan bazarında “Karmen”unları alıcılarına çatdırılır: “Lakin sonrakı fəaliyyətində Əsabil Qasımova məxsus un dəyirmanının Gürcüstanda davamlı vergidən yayınmalara yol verdiyi və buna görə də qonşu ölkənin vergi orqanları ilə deputat arasında gərginlik yarandığına dair məlumatlar dolaşmaqdadır. Bu səbəbdən də Gürcüstanın vergi orqanları bir müddət əvvəl Əsabil Qasımovdan dövlətə ödənilməsi nəzərdə tutulan verginin ödənilmədiyini gördükdə məhkəməyə müraciət edib. Məhkəmə isə deputatın sahibi olduğu şirkətin vergidən yayındığını təsdiqləməklə bərabər, eyni zamanda vergini vaxtında ödəmədiyindən məbləğə cərimə faizləri də tətbiq edilib. Əsabil Qasımov isə öz növbəsində, Gürcüstan məhkəməsinin çıxardığı qərarı icra etməyib və hələ də qeyd edilən vergini ödəməkdən boyun qaçırır. Bu səbəbdən də Gürcüstanın rəsmi dairələri Əsabil Qasımovun Gürcüstan ərazisinə daxil olmasına qadağan qoyublar”.

Əsabil Qasımovun Gürcüstanda 2-3 min hektarlarla torpaq sahəsinin olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, “Karmen” MMC-nin istehsal etdiyi ün və un məhsulları məhz Gürcüstan vasitəsilə düşmən ölkə olan Ermənistanda satışa çıxarılır. Deputatın bu məsələdən məlumatlı olub-olmadığını deyə bilməsək də, məhz bununla əlaqədar Əsabil Qasımova bir sualımız var. Hörmətli deputat, “Karmen” sözündəki ilk hərfi, yəni “K”ni çıxardıqda maraqlı bir söz alınır – “Armen”. Sizə sualımız odur ki, un məhsullarını Ermənistandan “Armen” adı ilə satışa çıxarırsınızmı? Bu sualın cavabını almaq üçün sizi çox axtardıq, çox aradıq, lakin əlaqə qurmaq mümkün olmadı. Odur ki, qısa müddətdə ünvanladığımız sualın cavabını gözləyirik. Yəqin ki, “Karmen”in “Armen” olmasına aydınlıq gətirəcəksiniz…

Lakin əsas məqsədimiz adıçəkilən deputatım əhali tərəfindən nə dərəcədə tanınıb-tanınmamasını öyrənməkdir. “Əsabil Qasımov adlı deputatı tanıyırsınızmı?” sualı ilə apardığımız sorğuda verilən cavablar birmənalı olaraq “xeyr” oldu.

Aynur Haciyeva: “ Mən elə adam tanımıram”

Azad Bayramov: “Əsla, adını 1-ci dəfədir eşidirəm”.

Cavid İsmayıl: “Belə bir adda deputatın olduğunu eşitmişəm. Amma nə deputatlığa qədər hansı işlə məşğul olduğunu bilirəm, nə də deputat olandan sonra diqqətimi cəlb edən fəaliyyətini, çıxışını xatırlayıram. Hardasa rastlaşsaq, zahirən də tanımaram”.

Asif Kazımsoy: “Bunları Gülər Əhmədova və Ramiz Mehdiyevdən başqa tanıyan var ki?! Belə bir deputat tanımıram”.

Aygül Zabitqızı: “Tanımıram. Tanısam nə yazar. Hansı deputat bir şeyə yarayır ki, digəri də yarasın.

Aytac Qafar: “Belə bir deputat tanımıram. Ona görə də ətraflı heçnə deyə bilmərəm”. Axı insanların adını belə eşitmədiyi deputat millətin vəkili ola bilərmi?!

Adətən deputatların fəaliyyətini onları işıqlandıran media təmsilçiləri daha doğru-düzgün qiymətləndirirlər. Bu mənada Əsabil Qasımov Editor.az saytının apardığı sorğu nəticəsində jurnalistlər tərəfindən fəal olmayan deputat kimi dəyərləndirilib.

Elməddin Muradlı (“Üç nöqtə” qəzeti) Əsabil Qasımovu deputatdan çox biznesmen, un şirkətinin direktoru kimi tanıdığını bildirib: “Çünki parlamentdə çıxış eləmir, mətbuatda daha çox sahibkar kimi adı hallanır. Bir dəfə müsahibə almaq üçün ona yaxınlaşdım, çox sərt və kobud münasibət göstərdi. O, jurnalıistlərlə kobud davranan, ən passiv deputatlardan biridir”.

Mahir Məmmədli (APA TV) belə bir deputatı tanımadığını söylədi: “Əsabil Qasımov adlı deputat var ki?! Varsa da, mən onu tanımıram. Tanımıramsa, fəaliyyəti haqqında bir jurnalistin üumimiyyətlə məlumatı yoxdursa, nə deyə bilərəm ki?”

Zaur Rəsulzadə (Haqqın.az portalı) Ə. Qasımovun parlamentə təsadüf nəticəsində düşdüyünü dedi:

“Bu elə deputatlardandır ki, onu nəniki bir jurnalist olaraq mən, heç seçiciləri də tanımır. Görünür parlamentə təsadüf nəticəsində seçilib. O qədər passivdir ki, yəqin ki, seçiciləri bu dəfə onu seçməzlər”.

Nahid Canbaxışlı (Veteninfo.az portalının baş redaktoru): “Əsabil Qasımov İmişlinin deputatıdır. O qədər passiv deputatdır ki, vaxt ayırıb, onun haqqında nəsə bildirməyə dəyməz. Çünki onun deputat kimi heç bir fəaliyyəti hiss olunmur”.

Hacıbəy Heydərli (Azxeber.com portalının baş redaktoru): “Əsabil Qasımov deyəsən həm də biznesmendir. Zənnimcə, bu şəxs deputat kimi deyil, sahibkar kimi daha populyardır. Onun nə media ilə münasibətləri var, nə də seçiciləri ilə”.

Anar Əhmədov (Qaynar.info portalının redaktoru):

“Əsabil Qasımov adlı deputat tanımıram. Onun fəaliyyətindən heç bir məlumatım yoxdur. Yəqin ki, parlamentin ən passiv, susqun deputatlarından biridir”.

Elnur Eltürk (Müstəqil jurnalist):

“İnanın ki, tanımıram. Heç adını eşitməmişəm. Görünür özünün də buna ehtiyacı yoxdur. Əgər ehtiyacı olsaydı, bir balaca aktiv olar və heç olmasa biz jurnalistlər adını eşidərdik”. (Yenicag.az)

Geri dön