Ana Sayfa > Araşdırma > Sahibkar Zakir Fərəcovu ifşa etdi: “Hədələyirlər...”

Sahibkar Zakir Fərəcovu ifşa etdi: “Hədələyirlər...”


20-07-2015, 10:30. Yazar: admin
Sahibkar Zakir Fərəcovu ifşa etdi: “Hədələyirlər...”
Məlum olduğu kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun çıxışı zamanı sahibkarlığa mane olan bəzi strukturları ciddi şəkildə ittiham edib. Belə ki, dövlət başçısı bəzi nazirliklərə, hüquq mühafizə orqanları və icra hakimiyyətlərinə sərt xəbərdarlıq edərək onları sahibkarlar qarşısında qanunsuz tələblər qoymaqda suçlayıb: “Dövlət qurumlarına göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Buna son qoyulmalıdır, yığışdırılmalıdır”.

Artıq prezidentin bu xəbərdarlığından sonra bəzi strukturların özünü yığışdırması, sahibkarlara qarşı əvvəl irəli sürdükləri qanunsuz tələbləri dayandırması haqda siqnallar daxil olur. Amma bu hər yerdə belədirmi?

Təəssüf hissiylə qeyd etməliyik ki, yox. Məsələn, Abşeron rayonunda baş verən qanunsuzluqlarla bağlı Savash.org-a daxil olan məlumatlar belə düşünməyə əsas verir ki, icra başçısı Zakir Fərəcov açıq şəkildə prezidentin siyasətinə qarşı çıxaraq, sahibkarları sıxışdırmaqda davam edir.

Savash.org-a daxil olan məlumatda bildirilir ki, Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov Xırdalan şəhərində tikinti biznesi ilə məşğul olan sahibkarlardan “xərac yığır”. Xatırladaq ki, Xırdalan şəhəri hazırda ən çox bina inşa olunan rayonlar sırasında ilk yerdə gəlir. Amma tikinti biznesi ilə məşğul olan sahibkarlar icra başçısının təyin etdiyi adamlarla “dil tapa” bilməsə işlərinin yarımçıq qalacağını deyirlər:

“Müxtəlif süni əngəllərlə, təzyiqlərlə üz-üzə qalırıq. Belə təzyiqlərdən biri də Abşeron rayon İcra Hakimiyyəti tərəfindən edilir. Hər üç-beş aydan bir icra başçısının adından tikinti biznesi ilə məşğul olan sahibkarlardan “haqq yığılır”. Bu günlərdə Zakir Fərəcovun “qoçuları” yenidən tikinti biznesi ilə məşğul olan sahibkarlardan pul yığmağa başlayıb. Pul verməkdən boyun qaçıranları və bundan imtina edənləri hədələyir, işlərin yarımçıq qalması üçün binaya verilən elektrik enerjisini kəsirlər. Məsələ ilə bağlı icra başçısına etdiyimiz şikayətlər də cavabsız qalır”.

Məlumat üçün bildirək ki, bu günlərdə Zakir Fərəcovun özbaşınalığı ilə bağlı mətbuata müraciət etmiş sahibkar Aldırım Əliyev də oxşar təzyiqlərə məruz qaldığını iddia edirdi.Bu baxımdan onun açıqlamasına göz atmaq yerinə düşər: "Ticarət fəaliyyətinə başladığım gündən bəri dəfələrlə icra hakimiyyətinin dəstəsi obyektimə gəlib, mənə hədə-qorxu gəlib, təzyiq göstərib, ticarət fəaliyyətini dayandırmağımı tələb edib".

Aldırım Əliyevin sözlərinə görə, Əhmədli qəsəbəsində iki evini sataraq Fatmayı kəndinə köçüb. 5 sot torpaq alıb, tikintiyə başlayıb. 2012-ci ilin may ayında ev tikmək üçün Abşeron RİH-dən sərəncam alıb, amma: "Birinci mərtəbəsi ticarət obyekti olmaqla ikimərtəbəli obyekt tikdim. Obyektin yuxarısı yaşayış evidir, aşağısı market. Obyekt istifadəyə verilən gündən icra hakimiyyəti tərəfindən təzyiqlər səngimir. Məni hər gün polis bölməsinə çağırırlar, məhkəməyə verirlər. Buna səbəb bizim işlətdiyimiz marketlə üzbəüz icra hakimiyyətində yüksək vəzifədə işləyən bir xanımın “24 saat supermarket”inin olmasıdır. Mənə dəfələrlə xəbər yollayıblar ki, marketdən başqa nə işlə məşğul olursansa ol. Çünki mənim obyektimin yaxınlığında İcra hakimiyyətinin yüksək vəzifəlisinin iri marketi var. Nə qanun sayırlar, nə də vətəndaşların hüququnu tanıyırlar. Məni şantaj edirlər ki, istəsək obyektindən top-tapança da çıxara bilərik. Mənə o qədər təzyiq olunur ki, daha yaşamaqdan da bezmişəm".

Göründüyü kimi, prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək çağırışları fonunda Abşeron icra hakimiyyətinin başçısı Zakir Fərəcovun davranışı əsl sobatajdır. İcra başçısının prezidentin siyasətinə qarşı bu aşkar etirazı isə ona heç də xoş gələcək vəd etmir.

Geri dön