Ana Sayfa > Araşdırma > “Olimp” MTK-dan yenə şikayətlər var
“Olimp” MTK-dan yenə şikayətlər var7-07-2015, 10:28. Yazar: admin |
“Olimp” MTK sakinlərinin Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə görüşündən 2 ay keçsə də, problemlərin həlli ilə bağlı verilən vədə əməl edilməyib. BŞİH nümayəndələri sakinlərlə görüş zamanı bildirmişdilər ki, kommunal xidmətlər üzrə ödənişlər bina tam təhvil verildikdən sonra həyata keçirilməyə başlanmalıdır. Bina təhvil verildikdən sonra mənzil istismar sahəsi yaradılmalı və sakinlər yaşayış sahəsi üzrə komendant seçməlidirlər. Kommunal xidmətlər üzrə ödənişlərin məbləği də komendantla sakinlərin qarşılıqlı razılaşması əsasında təyin edilməlidir. “Həyətimiz zəbt olunub, təhlükəsizlik yoxdur, muhafizəçi gecələr otağında yatır, burada isə narkomanlar yığışır, heç bir xidmət göstərilmədiyi halda bizdən pul yığırlar. İndi nə haqla, hansı əsasla bizdən kommunal xidmət haqqı tələb edirlər” deyə, sakinlərin müraciətində qeyd olunur. Sakinlərin sözlərinə görə, kompleksdəki texniki mərtəbələr və qaraj üçün nəzərdə tutulmuş ərazilər qanunsuz şəkildə satılıb. Sakinlərin avtomobillərini saxlamaq üçün nəzərdə tutulmuş binanın altındakı qaraj ərazisinin yarısı bağlanıb və orada hazırda tikinti gedir. Üstəlik, sakinlər satılmış qarajların hansı məqsədlə istifadə olunacağını da bilmirlər. “MTK-nın əməkdaşları bizə deyirlər ki, bu qarajın yerində restoran tikiləcək. Bizim yaşayış binamız MTK rəhbərinin istirahət məkanına çevrilir: idman zalı, sauna... Neçə ildir burada yaşamağımıza baxmayaraq, biz bu günə kimi ”Olimp" MTK-nın direktorunun kim olduğunu bilmirik. Həmin işi icra edən şəxs iki gündən bir dəyişir" deyə, sakinlər öz məktublarında qeyd edirlər. Sakinlərin sözlərinə görə, hazırda Vergilər Nazirliyinə və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etməyi planlaşdırırlar. Bu günə kimi 420 payçının “Olimp” MTK ilə imzalanmış müqavilə əsasında aldığı mənzillərin qanuni sahibinə çevrilə bilməməsi də sakinləri narahat edən əsas məsələlərdən biridir. Qeyd edək ki, “Olimp” MTK sakinləri bu il mayın 24-də BŞİH nümayəndələri ilə görüşdə halal mənzillərinin reyestrdən çıxarışını ala bilmədiklərindən də şikayətlənmişdilər. Sakinlər buna səbəb kimi binanın dövlət komissiyasından keçmədiyini göstərmişdilər. Sakin Vüqar Səfərovun sözlərinə görə, uzun müddətdir ki, “Olimp” MTK bütün günahların BŞİH-də olduğunu bəyan edir. Guya binanın bütün sənədləri toplanılıb və meriyaya təhvil verilib. “MTK-nın əməkdaşları neçə vaxtdır ki, məni və digər sakinləri Bakı şəhər meri Hacıbala Abutalıbovdan şikayət yazmağa səsləyirdi. Guya bizim bu günə kimi çıxarış ala bilməməyimizin səbəbkarı odur. Hətta bir müddət əvvəl bizə meri məhkəməyə verməyi tövsiyə etmişdilər. Biz isə qətiyyətlə buna etiraz etdik, heç bir sənədə qol çəkmədik. Hamımız ali təhsil almış insanlarıq. Dərk edirik ki, tikilinin başa çatdırılıb təhvil verilməsini MTK rəhbərindən tələb etməliyik. Bu məsələyə görə məsuliyyət daşıyan yeganə şəxs odur” deyə, V. Səfərov qeyd edib. Həmin görüşdə iştirak edənlərdən biri də Rizvan Osmanov adlı şəxs olub. Onun sözlərinə görə, qəbul zamanı BŞİH əməkdaşları həmin bina ilə bağlı ciddi problemlərin mövcud olduğunu söyləyib: “Bakı Şəhər İcra Hakimiyyətindən bizə bildirdilər ki, ”Olimp" MTK indiyə kimi onlara heç bir sənəd təhvil verməyib. Həqiqəti üzə çıxarmaqdan ötrü BŞİH-in əməkdaşları hətta kompleksin nümayəndəsi Fazil Məmmədovu ora dəvət etdilər. Söhbət zamanı bəlli oldu ki, “Olimp” MTK tərəfindən meriyaya həqiqətən heç bir sənəd təqdim olunmayıb. Belə çıxır ki, MTK rəhbərliyi bizi aldadır. 420 ailəni bu günə kimi ələ salıb?!" Xatırladaq ki, həmin kompleksdə bir neçə xalq artisti, əməkdar idman ustası, Qarabağ müharibəsi veteranı və əlillər yaşayır. musavat.com Geri dön |