Ana Sayfa > Araşdırma > Şəhid anasından arayışa görə rüşvət istədilər

Şəhid anasından arayışa görə rüşvət istədilər


24-06-2015, 11:11. Yazar: admin
Şəhid anasından arayışa görə rüşvət istədilər
Yasamal Rayon 43 saylı Mənzil İstismar Sahəsində şəhid anası Rüxsarə Məmmədovadan arayışa görə 30 manat rüşvət istəyiblər.

Bu barədə Vertikal.az-a daxil olan məlumatda deyilir.

Məlumatda bildirilir ki, Rüxsarə Məmmədova arayış almaq üçün 43 saylı MİS-ə müraciət edib, amma MİS-də ondan 30 manat pul tələb olunub. Bunu verə bilmədiyini deyəndə isə ona arayış verməkdən imtina ediblər: "Həmin arayış Şəhid Ailələri Cəmiyyətinə təqdim ediləcəkdi. Hazırda kirayələrdə yaşayan şəhid anası Prezidentin sərəncamı ilə şəhid ailələri üçün tikilmiş evlərdən mənzil almaq üçün arayış istəyir. Ancaq 43 saylı MİS-in rəhbərliyinin pula hərisliyi buna mane olub. Bir arayış vermək üçün şəhid anasından 30 manat pul tələb olunub. Qəti olaraq bildiriblər ki, bizi kiminsə şəhid anası olmaq maraqlandırmır. Pulunu ver, arayışını verək, verməsən arayış ala bilməyəcəksən. Get kimə istəyirsən de".

Şikayət məktubunda bildirilir ki, 43 saylı MİS-in rəisi Yusif Əhmədov pulyığma əməliyyatını mühasibi Ayişə Cəfərovaya həvalə edib: "Yusif Əhmədov səhər saatlarında iş yerinə dəyib ərazi adı ilə yoxa çıxır. Bütün işləri isə Ayişə Cəfərova həyata keçirir. Şəhid anasından pul tələb etməsinə "aydınlıq” gətirən Ayişə Cəfərova qışqıra-qışqıra deyir ki, bəs biz burda niyə oturmuşuq? Necə dolanaq? Acından ölməliyik? Sonra isə sözünü dəyişərək deyir ki, onun 30 manat ev pulu borcu var. Mühasibə deyəndə ki, axı, sizin 30 manat tələb etdiyiniz şəhid anası mülkiyyət sahibi deyil. O, sadəcə olaraq həmin evdə qeydiyyatdadır. Bir də ki, mülkiyyət hüququnu təsdiqləyən sənədi olan mənzil sahibi MİS-ə hansı əsaslarla kirayə haqqı verməlidir? Mühasibə dərk etdirmək istəyirdik ki, şəhid ailələri xüsusi statusa malikdir. Dövlət onlar üçün hər cür şərait yaradır ki, heç olmasa, az da Vətən yolunda şəhid olmuş övlad itkisini unuda bilsinlər. Mühasib isə öz sözünün üstündə durmuşdu. Dedi ki, bu rəisin tapşırığıdır".

Müraciətdə vurğulanır ki, MİS rəisi Yusif Əhmədov və mühasib Ayişə Cəfərova hər gün işə gələrkən 150 saylı məktəbin qarşısında şəhid anası Rüxsarə Məmmədovanın şəhid oğlu Faiq Rzayevin büstü önündən keçirlər: "Görəsən, bu iki şəxsin vicdalarının səsi onları şəhidin anasından rüşvət istədiklərinə görə, heçmi narahat eləmir. Axı onların pul istədiyi şəhid anası hələ də kirayələrdə yaşayır? Bəs Yasamal Rayon İcra Hakimiyyəti necə, bu müraciətə necə münasibət bildirəcək?".

Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Geri dön