Ana Sayfa > Araşdırma > Rusiya Ermənistan qoşunlarını Qarabağdan çıxartmağa hazırlaşır?

Rusiya Ermənistan qoşunlarını Qarabağdan çıxartmağa hazırlaşır?


26-05-2015, 09:42. Yazar: admin
 Rusiya Ermənistan qoşunlarını Qarabağdan çıxartmağa hazırlaşır?
Avropa İttifaqının Şərq Tərəfdaşlığına üzv ölkələrinin Riqa sammitindən dərhal sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya səfər etməsi birmənalı qarşılanmayıb. Xəbər verildiyi kimi, nazir rusiyalı həmkarı Sergey Lavrovla bağlı qapılar arxasında danışıqlar aparıb.

Keçirilən görüşün detalları tam açıqlanmasa da, jurnalistlər üçün brifinqdə səslənən fikirlər Qarabağ mövzusunun aparıcı olduğu təsəvvürünü yaradır. “Mən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın paylaşdığı optimist fikirləri bölüşürəm” - Məmmədyarov bildirib. “Dağlıq Qarabağ münaqişəsi problemini həll etmək lazımdır”,- deyə nazir qeyd edib və deyib ki, həll üçün artıq zaman yetişib. (modern.az)

XİN başçısının sözlərinə görə, iki gün ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əhəmiyyətli müzakirələr aparılıb. “Biz həll prosesi üçün bütün imkanlı detalları nəzərdən keçirmişik”. Virtualaz.org isə Rusiya rəsmi KİV-lərinə istinadən xəbər verir ki, nazirlər danışıqların yekunlarına dair bir sıra sənədlər imzalayıb. Onlardan birincisi Rusiya və Azərbaycan xarici işlər nazirlikləri arasında 2015-2016-cı illər üçün məsləhətləşmə planıdır.

Görüşün mətbuata açıq hissəsində nazirlər iki ölkə arasında fəal siyasi dialoqdan danışıblar, bildiriblər ki, bu dialoq ikitərəfli əməkdaşlığa dair istisnasız olaraq bütün məsələlərin müzakirəsinə imkan verir.

“Sizi Moskvada salamlamaqdan şadam. Bakıda insan həyatına son qoyan yanğınla bağlı başsağlığı çatdırmaq istəyirəm. Rəsmi səfəriniz zamanı danışıqlar aparmaq imkanını qiymətləndiririk. Bizim qarşımızda rəhbərlik tərəfindən qoyulmuş dəqiq vəzifələr var. Rusiya və Azərbaycan prezidentləri müntəzəm olaraq görüşürlər, onların arasında konstruktiv dialoq var və bu dialoq istisnasız olaraq bütün məsələlərin həlli üçün şərait yaradır” - Lavrov bildirib. Öz növbəsində E.Məmmədyarov bildirib ki, danışıqlar zamanı ikitərəfli əməkdaşlığın bütün aspektlərini müzakirə edəcəklər.

***

Azərbaycan tərəfinin Riqa sammitinin nəticələrindən narazı qalması fonunda Moskvanın isti jestlərlə davranması diqqət çəkir. Qeyd edək ki, dünən rəsmi Bakı sammitdə onu narazı salan məqamlarla bağlı mövqeyini də açıqlayıb. XİN-in “Şərq Tərəfdaşlığı” Proqramının Riqada keçirilən zirvə toplantısının yekun bəyanatı ilə əlaqədar açıqladığı xüsusi rəydə Qarabağ məsələsində Avropa Birliyindən aydın və birmənalı mövqe istənilir. “Bu münaqişənin həllinin əsasını Azərbaycanın ərazi bütövlüyü və suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən və Azərbaycanın bütün işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853(1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri təşkil edir. Azərbaycan Respublikası Avropa İttifaqı tərəfindən bu qətnamələrə ciddi şəkildə riayət edilməsi və onların həyata keçirilməsinin təmin edilməsi istiqamətində birmənalı və qəti addımların atılmasını gözləyir” - rəydə qeyd olunur.

***
Bir sıra müşahidəçilər hesab edir ki, Rusiya Riqa sammitində Azərbaycanın haqlı iradlarını həm də özünün maraqları baxımından - Qərblə konfrontasiya şəraitində olması ilə əlaqədar - tamamilə qəbul etdiyi üçün bu fürsətdən yararlanmaq istəyir. Üstəlik, Kreml özünün forpostu olan Ermənistanın ikili oyun oynamasından heç də məmnun deyil. Bu nüans da bir sıra müşahidəçilərin diqqətindən qaçmayıb.

Qeyd edək ki, işğalçı ölkə Riqa sammitində Azərbaycandan fərqli olaraq prezident səviyyəsində təmsil olundu. Ancaq son nəticədə iştirakçı dövlətlərin qəbul etdiyi bəyanatla “Şərq tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyü və suverenliyinə münasibətdə öhdəlik götürülməsini bir daha ifadə edən sənədi imzaladı. Hesab edilir ki, faktiki olaraq bununla İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqləmiş oldu.

Riqa sammitinin yekun bəyanatında Azərbaycanın maraqlarına cavab verən əsas məqamları isə ermənilər öz bildikləri kimi yozur. Əslində Avropa İttifaqı və "Şərq tərəfdaşlığı" ölkələrinin 21-22 may 2015-ci il tarixində Latviyada keçirilmiş iclasında qəbul edilmiş Riqa bəyannaməsində Sərkisyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi qənaətinə də gəlmək olar.

Riqa bəyannaməsinin 3-cü maddəsində qeyd olunur: a) “Avropa İttifaqı bütün tərəfdaş dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyinə münasibətdə öhdəliyinə sadiqdir”. Yəni Avropa İttifaqının tərəfdaş dövlətlərdən biri kimi Azərbaycanın da ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edir. Eyni zamanda bəyanatın 3-cü bəndində 1975-ci il Helsinki Yekun Aktı və 1990-cı il ATƏT-in Paris xartiyası, eləcə də BMT nizamnaməsinin prinsip və müddəalarına tam sadiqlik ifadə olunur. 1975-ci il Helsinki Yekun Aktı, Paris xartiyası və BMT nizamnaməsi dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüzü, güc tətbiq edərək ərazilərin əldə edilməsini qəbuledilməz hesab edir və ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını təsbit edir.

b) Riqa bəyannaməsinin 5-ci maddəsində regionda olan münaqişələrin ən tez zamanda beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi vurğulanır. ATƏT-in Minsk Qrupunun, eləcə də prezidentlər səviyyəsində olan səylərinə və 2009-cu ildən qəbul olunmuş qətnamələrinə tam dəstək ifadə olunur. 2009-cu ildən etibarən ATƏT-in Minsk Qrupu tərəfindən qəbul edilmiş qətnamələrdə isə əsasən mövcud status kvonun qəbuledilməzliyi vurğulanır. Mövcud status kvonun əsasını isə işğal və təcavüz təşkil edir. Onun dəyişdirilməsi üçün ilk növbədə işğal və təcavüz aradan qaldırılmalıdır.

Düzdür, erməni tərəfi həyasızcasına iddia edir ki, “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkib hissəsi olmayıb”. Ancaq bunun nə dərəcədə sərsəm iddia olduğunu anlamaq üçün beynəlxalq səviyyədə qəbul olunan sənədlərə baxmaq sadəcə vaxt itkisidir, əcnəbilər də bunu yaxşı anlayır. Hesab olunur ki, Sərkisyan hakimiyyəti Riqadakı uğursuzluğunu bu əcaib yanaşma ilə ört-basdır etmək istəyir və bəyanat da sadəcə daxili auditoriyaya hesablanıb. Belə yanaşma da var ki, Ermənistanın Riqa sammitinə prezident səviyyəsində qatılması və xüsusi canfəşanlıq etməsi həm də ondan irəli gəlir ki, Sərkisyan Rusiyanın təzyiqini açıq hiss edir və ona görə də ikili oyunu sürətləndirir.

Diplomatik mənbələrdən aldığımız məlumata görə, Ermənistan Riqa sammitinin yekun sənədini imzalamaya bilərdi. Ancaq Rusiyanın təzyiqi ilə İrəvan məhz Avropa İttifaqının Riqa sammitinin yekununda qəbul edilmiş sənəddə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə etməyə vadar olub.

“Rusiya bununla yalnız Sərkisyan iqtidarını çıxılmaz durumla üz-üzə qoymaq istəməyib, üstəlik, Moskvanın Qarabağla bağlı əlavə planları var. Bu da ona dəlalət edir ki, Rusiya artıq Ermənistanı öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa hazırlayır” - deyə, diplomatik qaynağımız israrla bildirdi.

Elə buradaca xatırlatmaq istərdik ki, bir müddət öncə Rusiya XİN başçısı Lavrov Qarabağ münaqişəsinin həllinin artıq yetişdiyini demişdi. Ona görə də hesab olunur ki, Azərbaycan XİN başçısının bu ərəfədə, sammitdən dərhal sonra Rusiyaya səfər etməsi heç də təsadüfi deyil. “Nazirlərin Moskva görüşündə də Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxartması məsələsinin geniş müzakirə obyekti olduğu şübhə doğurmur” - mənbə qeyd edir.

***
Lakin səslənən nikbin fikirlərlə yanaşı, ötən illərin praktikasından çıxış edərək Rusiyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbət addımlarına şübhə edənlər də az deyil. Politoloq Arzu Nağıyev Məmmədyarovun Rusiya səfərinin Qarabağ məsələsinin həllində müsbət dəyişikliklərlə nəticələnəcəyini inandırıcı saymır: “Ola bilsin ki, xarici diplomatiya sahəsində nəsə bir irəliləmə olsun, Avropa Oyunları ilə əlaqədar müəyyən protokol qaydaları müzakirə edilsin. Riqa sammitinin ərazi bütövlüyü ilə bağlı məsələlər və daha doğrusu, narazılıqlar da Ukrayna məsələsinə bir, Azərbaycana başqa cür yanaşmasından irəli gəldi. Bundan başqa, Roqozin və Narışkinlə də görüşlər planlaşdırıldığını nəzərə alsaq, yəqin ki, əsas məsələlərin siyasi və ordu quruculuğu ilə bağlı olduğunu düşünmək olar...”

***
Riqa sammitində Azərbaycanı narazı salan digər bir məqamla bağlı da məlumatlar əldə etmişik. Əslində burada ikinci bir oyunun oynanıldığını da demək mümkündür. Burada söhbət Qarabağ münaqişəsinin tənzimlənməsində əsas rol oynamalı olan Qərb ölkələrinin birindən - Fransadan gedir. Bir daha diplomatik mənbələrdəki qaynaqlarımıza istinad edək. “Sammitin yekun bəyannaməsində əslində 2008-ci ildə V.Putinin iştirakı ilə Azərbaycan-Ermənistan prezidentlərinin qəbul etdikləri Mayindorf bəyannaməsinə istinad olunmalı idi. Həmin bəyannamədə isə münaqişənin həlli ilə əlaqədar təkcə Minsk Qrupunun sənədlərinə deyil, digər beynəlxalq təşkilatların da sənədlərinə istinad olunur. Fransızlar isə məhz Mayindorf sənədinə istinada imkan vermədilər və elə narazılığın bir səbəbi də bu idi. Digər sənədlər dedikdə, ilk növbədə BMT qətnamələri nəzərdə tutulurdu. Bu da ona dəlalət edir ki, fransızlar həm də Rusiyanın müəllifi olduğu sənədin dilinin burda əks olunmasına imkan vermədilər” - mənbə bildirir.

***

Məhz bu ərəfədə Xəzərdə Rusiya və Azərbaycanın ilk dəfə genişmiqyaslı hərbi təlimlərə başlaması, Rusiya prezidentinin Avropa Oyunlarının açılışında iştirak qərarı verməsi, Azərbaycanın Moskvadakı elçisi Polad Bülbüloğlunun təltif edilməsi də Bakı ilə Moskvanın münasibətlərinin yeni mərhələyə adladığı görüntüsünü yaradır. Ümid edək ki, bu görüntü ötəri olmayacaq və Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması istiqamətində ilk ciddi addımlar müşahidə olunacaq.

Geri dön