Ana Sayfa > Araşdırma > Hamımız yandıq, 14-ümüz ölü! - suçlu kim...

Hamımız yandıq, 14-ümüz ölü! - suçlu kim...


20-05-2015, 09:31. Yazar: admin
Hamımız yandıq, 14-ümüz ölü! - suçlu kim...
Mayın 19-da Bakı, ümumilikdə ölkəmiz ağır bir faciə yaşayıb. Təxminən saat 11 radələrində Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 289 saylı binanın penoplast üzlüyündə başlayan dəhşətli yanğın tezliklə bütün 16 mərtəbəni əhatə edib. Yanğının yaratdığı dəhşətli tüstü şəhərin böyük bir hissəsinə yayılıb. Məlumatlara görə, məhz çoxsaylı insan itkisinə də penoplast üzlüyün yaratdığı zəhərli tüstü səbəb olub... Hadisədən dərhal sonra hökumətin müvafiq strukturları ayağa qaldırılsa da, nə yazıq ki, bütün çabalara rəğmən 14 nəfər (müstəqli mənbələrə görə, 17) faciəli şəkildə həlak olub. Daha bir dəhşətli fakt isə həlak olanların beşinin azyaşlı olmasıdır...

Daxili işlər naziri və baş prokuror hadisə yerində

Yanğının miqyası bəlli olduqdan sonra daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov dərhal hadisə yerinə gəliblər. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Özbəkistanda rəsmi səfərdə olduğu üçün yanğınsöndürənlərə onun müavinləri rəhbərlik edib. (Mayın 19-u axşam məlum olub ki, K.Heydərov səfərini yarımçıq qoyub ölkəyə qayıdıb). Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hadisə yerinə nədənsə, yalnız axşama yaxın baş çəkib. Orada da sakinlərlə qarşıdurma yaşanıb, merin başına yanan binadan şüşə qırıqları düşüb.

Hadisə yerində açıqlama verən baş prokuror ilkin olaraq 4 nəfərin öldüyünü bildirib.
Zakir Qaralov onu da deyib ki, yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb.

Zakir Qaralov bildirib ki, bu sahədə ixtisaslaşdırılmış kadrlar istintaqa, əməliyyat qrupuna cəlb olunub: “Yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımi keyfiyyətdə olmamasıdır. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək”.
Prezidentin köməkçisi: “Cəzalandırılacaqlar...”

Prezidentin köməkçisi Əli Həsənov yanğın davam edən saatlarda xüsusi bir sərəncam hazırlandığını anons edib: “Prezident Xətai və Binəqədi rayonlarında iki yaşayış binasında baş vermiş yanğının səbəblərinin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib. Həmçinin yanğına məruz qalmış üzlük materialların istehsalına uyğunluq sertifikatının verilməsi, onlardan yaşayış binalarında üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq, pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaq. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək”.

Əli Həsənov deyib ki, prezident yanğın nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, həmçinin onların dəfninin və yas mərasimlərinin dövlət hesabına təşkili məsələsini Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıb.

Hər dəqiqə artan itkilər...

Yanğının söndürülməsi üçün hətta helikopterlər cəlb edilsə də, dəqiqələr keçdikcə yanğında ölənlərin statistikası az qala hər dəqiqə artmağa başlayıb. 4, 5, 8, 12, 14... səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev “Trend”ə bildirib ki, həlak olanların 14-nün meyiti gətirilib. Həlak olanların ilkin siyahısı belədir: Məhərrəmova Fərəh Elnur qızı (3 yaş), Bağırov Sahib Rəhim oğlu (49 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Şirinova Zülfiyyə Yavər qızı (43 yaş), Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş), Eyvazov Davud Hamir oğlu (16 yaş), Eyvazova Ülkər Hamir qızı (21 yaş), Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş).

Ölənlərdən Bağırova Firəngiz Rəhim qızı ilə Bağırov Sahib Rəhim oğlu, Eyvazov Davud Hamir oğlu ilə Eyvazova Ülkər Hamir qızı qardaş-bacıdırlar..

Səhiyyə Nazirliyinin rəsmi məlumatında bildirilib ki, yanğınla əlaqədar 50 nəfər yaralı təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib:

“Əvvəlcədən yaralıların qəbulu üçün tam hazır vəziyyətdə olan xəstəxanalarda yaralılara ən yüksək səviyyədə bütün lazımi tibbi yardım göstərilir. Ümumilikdə xəsarət alanların sayı 50 nəfərdir. Aldıqları müxtəlif bədən xəsarətlərindən 14 nəfər dünyasını dəyişib. Yaralıların əksəriyyəti toksiki zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə, qalan hissəsi Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 6 saylı Bakı Şəhər Xəstəxanasına və Yanıq Mərkəzinə yerləşdirilib. 10 nəfərə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib. Hazırda Səhiyyə Nazirliyinin müavinləri xəstəxanalardadır, yaralıların vəziyyəti ilə şəxsən tanış olurlar və lazımi göstərişlər verirlər. Yanğın başlanan andan etibarən hadisə yerində çalışan 30 təcili və təxirəsalınmaz tibbi yardım briqadası artıq qayıtmaq üzrədir, lakin 3 briqadamız hazır vəziyyətdə hadisə yerində qalır. Xəstəxanalarda olan yaralıların həyati təhlükəsi yoxdur”.

Prezident sərəncam verdi

Axşam saatlarında isə prezidenti İlham Əliyevi yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Dövlət Komissiyası aşağıdakı tərkibdə yaradılıb:

Komissiyanın sədri: Abid Şərifov - Baş nazirinin müavini
Komissiyanın üzvləri: Ramil Usubov - daxili işlər naziri
Kəmaləddin Heydərov - fövqəladə hallar naziri
Zakir Qaralov - Baş prokuror
Eldar Mahmudov - milli təhlükəsizlik naziri
Oqtay Şirəliyev - səhiyyə naziri
Samir Şərifov - maliyyə naziri
Səlim Müslümov - əmək və əhalinin sosial müdafiəsi naziri
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Dövlət başçısının tapşırığına əsasən, Dövlət Komissiyası:

- hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirib və həyata keçirməlidir;
- baş vermiş yanğın nəticəsində zərər çəkənlərin əmlakına dəymiş ziyanın 15 gün müddətində hesablanmasını təmin etməlidir;
- hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etməlidir;
- yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etməlidir;
- yaşayış binasının istifadəyə yararlılıq vəziyyətini araşdırıb və onun sakinlərinin müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirməlidir;
- görülmüş işlər haqqında mütəmadi məlumat verməlidir.

Baş Prokurorluq isə Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.

“Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov həbs olundu

Sərəncam hazırlanan saatlarda yanğınla bağlı ilk həbs qərarı xəbəri gəlib.
Məlum olub ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılıb. Qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.

Məlumat üçün bildirək ki, adıçəkilən şirkət Bakı şəhəri, A.Gəraybəyli küçəsi, 23a ünvanında yerləşir. Bu haqda musavat.com yazıb. Sayt bildirir ki, şirkətin sosial şəbəkələrdə olan səhifələri də bağlanıb. “General Construction” 2001-ci ildə Panamada qeydiyyatdan keçmiş “Oceanstream İNC” adlı offşor şirkət tərəfindən təsis olunub. Həmin təsisçi şirkətin sahibi azərbaycanlı iş adamı Xaqani Bəşirovdur. Xəqani Bəşirov eyni zamanda Lüksemburq-Azərbaycan Mədəniyyət Cəmiyyətinin yaradıcısı və sədridir. Qurum Lüksemburqda yerləşir. Həmin cəmiyyətlə də əlaqə yaratmağımız alınmadı. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, həmin cəmiyyətlə uzun müddətdir ki, əlaqə yaratmaq mümkün deyil: “Uzun müddətdir ki, həmin cəmiyyətin sədri bizimlə əlaqə saxlamır. Çünki ya yerini, ya da telefon nömrəsini dəyişib. Bizim hazırda bu təşkilatın hansı ölkədə fəaliyyət göstərməsindən məlumatımız yoxdur. Bütövlükdə cəmiyyətin sədri və fəaliyyətindən xəbərsizik”.

Bina sakinləri öz əcəllərinə etiraz ediblərmiş...

Bina sakinlərindən aldığımız məlumata görə, onlar binanın fasadı penoplastla bəzədilən zaman etiraz ediblər, amma faydası olmayıb: “Burada ”təmir" işləri aparanda biz səsimi qaldırdıq. Etiraz etdik. Amma faydası olmadı. Yenə də bu bəzəmə işlərinə davam etdilər. Bütün bina sakinləri buna etiraz etsəydilər, indi belə olmazdı. Qısa müddət ərzində bina demək olar ki, təmiz yandı".

Yanğın baş vermiş binanın sakinlərindən biri deyir: “Mən 4-cü mərtəbədə yaşayıram. Evdən çıxıb, iş dalınca getdim. Qayıdanda gördüm binamız yanır. Evdən çıxmağımla qayıtmağımın arası cəmisi 20 dəqiqə çəkdi. Amma bina artıq od tutub yanırdı. İçəri girməyə çalışdım, amma girmədim. Bizim ailə artıq bayıra çıxmışdı. Bizim mənzil çox da yanmayıb. Amma digər mənzillərdə heç bir əşya salamat qalmadı. Ölənlər də qonşularımızdı. Onların çoxu ikinci blokda yaşayanlardır”.

Abutalıbovun telefonuna qadın cavab verib

“Binada baş verən yanğınla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət edin, bizə yox...”

Bu sözləri modern.az saytına açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun şəxsi telefonuna cavab verən köməkçi xanım bildirdi. “Baş verənlərdə Bakı Şəhər İcra Hakimiyyətini, Hacıbla Abutalıbovu günahlandırırlar” fikirlərinə cavab olaraq xanım belə deyib: “Bu məsələ Hacıbala müəllimlik deyil”.

Xanım bir daha “müvafiq qurumlara müraciət edin” deyərək telefonu söndürüb.
Binəqədi Rayon İcra Hakimiyyəti: “Məsuliyyət onların üzərinə düşür”

Binəqədi İcra Hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbov azvision.az-a bildirib ki, yanğınla bağlı bütün məsuliyyət binada təmir işləri aparan şirkətin üzərinə düşür: “Təmir işlərini ”Global Construction" şirkəti həyata keçirib. Odur ki, bütün məsuliyyət onların üzərinə düşür".

Telekanallar çal-çağıra... sərəncamdan sonra ara verdi

Musavat.com faciə baş verən saatlarda milli kanallarda kiçicik bir monitorinq keçirib.
Xəzər TV, Space TV ekranlarında ısl çal-çağır əhvalı olub. Space TV-nin “Günaydın” verilişində isə müğənni Ağadadaş Ağayev qol götürüb oynayıb. ATV-nin efirində yayımlanan “Düzünü desək” verilişində isə xalq artisti Niyaməddin Musayev yaradıcılığından, planlarından, səhnə macəralarından danışıb. Yalnız prezidentin sərəncamından sonra televiziyalar əyləncəli proqramlarını dayandırıblar.

Penoplast üzlüklərin sökülməsi əmri verildi

Bakıda penoplast üzlüklü binaların fasadlarının sökülməsi əmri verilib.
Bakıxanov qəsəbəsində və Xətai rayonunun Zığ şossesində yerləşən binaların sakinlərinin musavat.com-un müxbirinə verdikləri məlumata görə, söküntü işlərinə texnika və çoxlu sayda işçi qüvvəsi cəlb olunub.

Sakinlərin sözlərinə görə, işçilərə tez bir zamanda binaların fasadının tamamilə sökülməsi tapşırılıb.

Geri dön