Ana Sayfa > Araşdırma > Meymunçiçəyinin müalicə üsulu və dərmanı açıqlandı

Meymunçiçəyinin müalicə üsulu və dərmanı açıqlandı


1-07-2022, 22:27. Yazar: admin
Meymunçiçəyinin müalicə üsulu və dərmanı açıqlandı

Axşam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə hazırladığı klinik protokolda bildirilib.

Protokolda qeyd edilib ki, xəstəliyi ağır keçirən və ağırlaşma riski yüksək olan pasiyentlər stasionar şəraitdə müalicə olunmalıdırlar. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün simptomatik müalicə kifayət edir. Lakin, xəstəliyi ağır keçirən və ağırlaşma riski yüksək olan xəstələr (məsələn, immunçatışmazlığı olan xəstələr, 8 yaşdan balaca uşaqlar, hamilə və ya süd verən qadınlar, septik ağırlaşması olan xəstələr) üçün antiviral müalicənin başlanılması məqsədəuyğundur.

Səpkilər tipik yerlərdə olmayan (məsələn, ağız, gözlər, genital bölgə) xəstələrdə də meymunçiçəyi infeksiyasına qarşı antiviral müalicə nəzərdən keçirilə bilər. Meymunçiçəyi xəstəliyinin müalicəsi üçün hazırda tekovirimat ən faydalı hesab olunur. Tekovirimat ABŞ-da 2018-ci ildə meymunçiçəyi xəstəliyinin müalicəsi üçün təsdiq edilib. Oral və venadaxili preparatları mövcuddur.

Böyüklər üçün

Venadaxili (v/d):
35 - 120 kq arası xəstələr üçün: hər 12 saatdan bir 200 mq
≥120 kq xəstələr üçün: hər 12 saatdan bir 300 mq
Oral:
40 - 120 kq arası xəstələr üçün: hər 12 saatdan bir 600 mq
≥120 kq xəstələr üçün: hər 8 saatdan bir 600 mq



Müalicə müddəti 14 gündür. Böyrək çatışmazlığında oral forma üçün dozanın dəyişdirilməsi tələb olunmur. V/d formalarda kreatinin klirensi 30 mL/dəq-nin üzərində olarsa dozanın dəyişdirilməsi tələb olunmur. Kreatinin klirensi 30 mL/dəq-nin altında olarsa istifadəsi tövsiyə olunmur.

Tecovirimat kapsullarını qəbul etdikdən sonra 30 dəqiqə ərzində qusma baş verərsə, daha bir doza dərhal təyin edilə bilər.

Tecovirimat qəbul etdikdən sonra 30 dəqiqədən çox vaxt keçdikdən sonra qusma baş verərsə əlavə doza verilməməlidir və dərman qəbulu 12 saatdan sonra davam etdirilməlidir. Tecovirimat kapsulları orta və ya yüksək yağ tərkibli qida qəbulundan sonra 30 dəqiqə ərzində qəbul edilməlidir. Tecovirimat kapsullarını udmaq mümkün olmayan xəstələr üçün kapsullar açıla bilər, tərkibi təxminən 30 mL maye (məsələn, süd) və ya yumşaq qida (məsələn, qatıq) ilə qarışdırıla bilər və yeməkdən sonra 30 dəqiqə ərzində qəbul edilir.
Ən çox bildirilən yan təsirlər baş ağrısı, ürəkbulanma və qarın ağrısıdır. Yerli virusəleyhinə preparatlar buynuz qişanın zədələnməsi zamanı istifadə olunur. Triftortimidin yerli olaraq inəkçiçəyi virusunun göz forması zamanı istifadə olunur, meymunçiçəyi zamanı buynuz qişanın zədələnmələrində tətbiq edilə bilər.

Trifluridin göz damcısı (zədələnmiş gözə 9 damcı, hər gün).

Xəstələrin əksəriyyəti xəstəliyi yüngül formada keçirdiyi üçün hər hansı tibbi müdaxilə olmadan sağalırlar. Ürəkbulanma, qusma, disfagiya kimi şikayətlər olarsa, xəstəxanaya yatırılaraq maye balansının qorunması üçün infuzion müalicə aparıla bilər.

Qızdırma və ağrı: ilkin xətt terapiyası parasetamoldur (500-1000 mq oral, zəruri hallarda gündə 4-6 dəfə, maksimal doza 4000 mq/gün). İltihab əleyhinə qeyri-steroid preparatların (o cümlədən aspirinin) istifadəsindən yüksək qanaxma riski olan xəstələrdə və potensial nefrotoksiklik səbəbindən nefropatiyalı xəstlərdə çəkinmək lazımdır.
Ürəkbulanma və qusma zamanı oral və ya venadaxili qusmaəleyhinə vasitələr tövsiyə olunur.

Qeyd edək ki, prokolda xəstəliyin ağır gedişatına görə risk faktorları da açıqlanıb. Qeyd edilib ki, ağır hallar daha çox uşaqlar arasında rast gəlir, virus yükü, pasiyentin ümumi sağlamlıq vəziyyəti və ağırlaşmaların xarakteri ilə əlaqədardır. Dərin immunçatışmazlıq daha ciddi nəticələrə səbəb ola bilər. Həmçinin, hamilə qadınlar, atopik dermatit, ekzema və digər dəri xəstəlikləri olanlar daha yüksək ağırlaşma və ölüm riski altında ola bilərlər. Tibb işçiləri də virusla daha uzun müddət təmas etdiklərinə görə daha yüksək risk altındadırlar.

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxmasına qarşı müəyyən qədər qorunma ehtimalı var. Eyni zamanda dünya üzrə təbii çiçək xəstəliyinə qarşı peyvəndləmənin 40 ildən artıqdır ki, dayandırılması bu yaşdan cavan olan insanların meymunçiçəyi xəstəliyinə həssas olmalarını əsaslandırır.

Yoluxmanın risk qrupuna immunçatışmazlığı olan insanlar və yoluxmuş insanlara qulluq edən şəxslər daxildir.

Ağırlaşmalar ikincil infeksiyalar, bronxopnevmoniya, sepsis, ensefalit, görmənin pozulması (buynuz qişasının zədələnməsi) ola bilər.

Xəstə gözdə ağrı və ya bulanma, təngnəfəslik, sinə ağrısı, nəfəs almaqda çətinlik, huşun pozulması, dezoriyentasiya, yuxululuq, qıcolmalar, sidik ifrazının azalması, qida qəbulunun əhəmiyyətli azalması, uzun müddət davam edən qızdırma, arterial hipotenziya simptomlarından hər hansı birinin olduğu təqdirdə yaxından izlənilməlidir

Yuxarıda qeyd olunan əlamətlərdən hər hansı biri olarsa, gecikmədən həkimə müraciət olunmalıdır.
Geri dön