Ana Sayfa > Araşdırma > Bəs Qarabağı bizə kim hədiyyə edəcək: ABŞ, yoxsa Rusiya?
Bəs Qarabağı bizə kim hədiyyə edəcək: ABŞ, yoxsa Rusiya?15-05-2015, 09:45. Yazar: admin |
ABŞ dövlət katibi Con Kerrinin Rusiya xarici işlər naziri Sergey Lavrovla mayın 12-də Soçidəki son görüşü dünya KİV-nin diqqət mərkəzində olan məsələlərdəndir. Hər iki siyasi fiqur iki nəhəng dünya dövlətinin xarici siyasət idarələrinin rəhbərləri kimi Azərbaycan üçün də xüsusi önəm daşıyır. Bizi maraqlandıran ABŞ və Rusiyanın baş diplomatlarının əsasən Qarabağ məsələsinə münasibəti olsa da, C.Kerrinin Bakı-2015 I Avropa Oyunlarına qarşı qara piar kampaniyasında adının hallanması da diqqəti cəlb edir. Biri erməni mənşəli, o biri isə həm ermənipərəst, həm də satanist… Əslində hər iki dövlətin siyasətində ermənipərəstliyə meyillilik onların təmsilçilərinin mövqeyində də özünü büruzə verir. Hətta Sergey Lavrovun erməni mənşəli olması haqda da kifayət qədər etibarlı məlumatlar var. “Həftə içi”ndə ötən il dərc etdiyimiz araşdırmalardan birində, Rusiya xarici siyasət rəhbərinin atasının Kələntərov soyadlı bir Tiflis ermənisi olması və S.Lavrovun İrəvan Slavyan Universitetindəki çıxışında bununla fəxr etməsini söyləməsi haqda ətraflı yazmışdıq. C.Kerrinin erməni lobbisi ilə yaxınlığı və bu baxımdan da Bakı-2015-ə qarşı erməni təbliğatına da dəstək verməsi barədə isə mətbuatda kifayət qədər məlumatlar səsləndirilib. ABŞ dövlət katibinin bütövlükdə dünya, o cümlədən, Azərbaycan üçün daha təhlükəli bağlantılarından biri isə onun “Kəllə və sümük” adlı gizli satanist təşkilatın üzvü olmasıdır. Bu fakt əsasən 2004-cü ildə C.Kerrinin prezidentliyə namizəd olduğu dönəmdə üzə çıxdı. Maraqlıdır ki, ona alternativ olan eks-prezident Buş(oğul) da atası Buşla birgə nəsilikcə həmin ordenin üzvüdürlər. Kerrinin “çörəyi” kartof və pomidordan yox, “Kəllə və sümük”dən çıxır… 1832-ci ildə ABŞ-ın Yel universitetində tiryək alveri ilə zənginləşmiş bir ailənin şıltaq oğlu Uilyam Rassel tərəfindən əsası qoyulmuş “Kəllə və sümük” I və II Cahan savaşlarında tərəflərin maliyyələşdirilməsində, yönləndirilməsində önəmli rol oynayıb və II Cahan savaşının əsl maliyyə qalibi məhz bu gizli qurum hesab edilir. Odur ki, Rokfeller, Rotşild və Buşların da daxil olduğu bu klub XX əsrin sonlarından bəri Yeni Dünya Düzəninin aparıcı qüvvələrindəndir. Ordenin “cəngavərləri” bəşəriyyəti idarəetmənin "asan yolu"nu tapıblar - dünyanı hərbi konfliktlər vasitəsilə kontrol altında saxlamaq lazımdır. “Kəllə və sümük”ün planlaşdırdığı məxfi hərbi əməliyyatları MPRİ kampaniyası həyata keçirir, bu kampaniya Pentaqondan sifariş alır, kampaniyanın yüz milyonlarla dollardan artıq maliyyə büdcəsinin böyük bir qismi ordenə məxsus banklardan köçürülür. Qarabağ, Çeçenistan, İraq, Əfqanıstan, Suriya, “ərəb baharı”, Ukrayna, Yəmən və s. regionlardakı qanlı olaylar məhz bu planların nəticəsidir. Göründüyü kimi, C.Kerri kimi “Kəllə və sümük” üzvü olanların “çörəyi” özləri tərəfindən qondarılan münaqişə və müharibələrdən çıxır. Odur ki, bu saat konkret olaraq ABŞ dövət katibliyindən Qarabağın azad edilməsi istiqamətindəki addımlara dəstək gözləmək gülüncdür… Hazırda əsas diqqət ABŞ-Rusiya münasibətlərinin üzdə və pərdəarxasındakı perspektivlərinə yönəlib. Bu mənada hər iki hegemon dövlətin baş diplomatlarının görüşləri xüsusi rola malikdir. Kerri və Lavrovun son Soçi görüşünün ən maraqlı məqamı tərəflərin bir-birinə verdiyi hədiyyələrdir... Qədimdən gələn əşya diplomatiyası... Qədim dövrlərdə insanlar arasında ilk əlaqə vasitələrindən biri kimi əşyavi yazı formalarından istifadə edilərdi. Ölkə hökmdarları da bir-birinə olan münasibətlərini məhz müxtəlif əşyalar vasitəsilə aydınlaşdırıblar. Məsələn, İran hökmdarı Dara qədim türk tayfaları olan iskitlərin üstünə hücum edərkən onlardan belə bir “məktub” alır: bir qabda (“zərfdə”) canlı quş, siçan, qurbağa və beş dənə ox. Farslar bu “məktub”u “oxuya” biliblər: “Ey farslar, siz quş kimi göydə, siçan kimi yerdə, qurbağa kimi suda gizlənə bilmirsinizsə, bu oxlardan da gizlənə, canınızı qurtara bilməyəcəksiniz”. Belə yazılardan bizim nağıllarımızda da tez-tez istifadə olunur. Məsələn, “Qara vəzir” nağılında hind padşahı Mələk xanıma bir qarpız və bir bıçaq göndərir. Qarpızın kənarına kiçik bir nişan qoyulmuşdu. Mələk xanım bu “məktub”u belə oxuyur: “Bütün dünya mənim əlimdədir. Sənin dövlətin bu qarpızın (yəni dünyanın) üstündəki o kiçik nişan kimi bir şeydir. İstədiyim vaxt səni məhv edərəm”... Son dövrdə də ölkə başçılarının və yaxud digər rəsmilərin qarşılıqlı hədiyyələri beynəlxalq siyasətdə müəyyən əhəmiyyət kəsb etməkdədir. XX əsrin sonundan bəriki zaman kəsiyində hədiyyə diplomatiyasının qəribə, çox vaxt anlaşılmaz məqamları ilə rastlaşırıq. Məsələn, ata Corc Buş 1990-cı ildə İndoneziya hökumətindən qeyri-adi hədiyyə alır. Ona kərtənkələkimilər sinfinə aid ən böyük heyvan növü olan Komod çöl kərtənkələsi bəxş olunur. 2010-cu ildə isə Rusiya prezidenti Vladimir Putin Bolqarıstanın baş naziri Boyko Borisovdan “Yelou” ləqəbli 10 həftəlik bolqar “ovçarkası” (çoban iti) hədiyyə alıb. Bu hədiyyəni qeyri-adi edən çoban itinin qısa zamanda Putinin və dünya jurnalistlərinin sevimlisinə çevrilməsi idi. Təsadüfi deyil ki, buna görə Boyko Borisovun Putinə etdiyi hədiyyəni “diplomatiya tarixinin ən xoş hədiyyəsi” adlandırırlar... Lavrov Kerri ilə görüşə niyə “Pobeda” ilə gəlmişdi? Nəhayət, gələk 2015-ci il mayın 12-də ABŞ və Rusiya dövlət rəsmilərinin qarşılıqlı hədiyyələşməsinə... Politoloq-amerikanist Sergey Sudakov hesab edir ki, Rusiya xarici işlər nazirinin danışıqlara ağ “Pobeda” markalı avtomobildə gəlməsi və nahar zamanı ABŞ dövlət katibinə Krasnodar sortundan olan kartof, pomidor, eləcə də üzərində antihitler koalisiyasının faşizm üzərində qələbəsinin rəmzləri olan köynək bağışlaması təsadüfi deyil. Bunların hər birinin öz mənası var. Ekspertin sözlərinə görə, S.Lavrovun ağ “Pobeda” da gəlməsi II Cahan savaşında 27 milyondan çox insanını itirmiş SSRİ-nin varisi kimi Rusiyanın 1945-ci il qələbəsindəki lider roluna işarədir. Moskva bununla bir daha göstərmək istəyir ki, biz heç kəsə tarixi başqa cür yazmağa imkan vermərik. Rusiya ABŞ-a “sizi kartof-pomidorla basdırarıq” dedi? Kartof və pomidorların səbətlərdə hədiyyə edilməsi ilə isə Lavrov Kerriyə bunları başa saldı: “Sizin Ukraynaya görə bizə tətbiq etdiyiniz sanksiyalar heç bir nəticə vermədi. Prezident Obama iddia edir ki, Rusiya xarabalıqlar içində batır, acından ölür. Amma gördüyünüz kimi, biz sağ-salamatıq, hər şeyimiz var, hətta öz bəhrəmizlə sizi də yedizdirməyə hazırıq”. Xatırladaq ki, 2014-cü ilin yanvarında Paris görüşündə Kerri özü rusiyalı həmkarına Aydaxo ştatından genetik modifikasiyaya məruz qalmış iki uzun, əcaib kartof toxumu bağışlamışdı. Lavrov yarızarafat-yarıgerçək bu hədiyyəni belə dəyərləndirmişdi: “Conun mənə hədiyyə etdiyi kartof yerkökü kimi uzundur və onu “qamçı və kökə” ifadəsinin ingilis ekvivalentində (“qamçı və yerkökü”) yerkökü yerində işlətmək mümkündür. Odur ki, bu kartofdan müxtəlif məqsədlərlə yararlanmaq olar”. Cavabında ABŞ rəsmisi bildirmişdi ki, həmin kartof heç bir gizli məna daşımır. Amerika kartofu Rusiya torpağında əmələ gəlmədi... O da maraqlıdır ki, Kerrinin bağışladığı həmin kartof toxumları Krasnodarda - Rusiya torpağında yetişdirmək mümkün olmayıb. Yəqin öz kartof hədiyyəsi ilə Lavrov həm də amerikanlara demək istəyib ki, bizə sizin geni dəyişdirilmiş kartofunuz lazım deyil, özümüzünkü bəs edər. Bu, həm də “ABŞ-ın Rusiyadakı planları baş tutmaz” anlamına da gələ bilər... Hillari Klinton Lavrova nə hədiyyə etmişdi? 2014-cü ildə amerikanların kartof hədiyyəsinə cavab olaraq Rusiya xarici işlər naziri Dövlət Departamentinin rəsmisi Djenifer Psakiyə alın hissəsində oraq çəkicli ulduz olan qulaqlı rus əsgər papağı bağışlamışdı. Bu isə “donmusuz – sizi qızışdıra bilərik”, “münasibətləri istiləşdirmək lazımdır” kimi anlaşıla bilər. Lavrov sabiq dövlət katibi Hillari Klintonla da hədiyyələşirdi. Məsələn, 2009-cu ildə H.Klintonun Rusiya xarici işlər nazirinə üzərində ingiliscə “reset” (“söndürüb yenidən yandırmaq”) yazılmış qırmızı düymə bağışlaması Rusiya ilə ABŞ arasında gərginliyin aradan qaldırılması ilə müşayiət olunacaq yeni münasibətlər erasının başlanması ümidinə işarə idi... ABŞ İŞİD-lə mübarizədə Rusiyadan dəstək umur... Ümumiyyətlə, əksər ekspertlər belə düşünür ki, ABŞ bu dəfə də Rusiyaya dava yox, sülh məqsədilə gəlib. Guya hazırda Ağ Evə İŞİD-lə mübarizədə dəstək gərəkdir. Bunun üçün isə ölkənin ehtiyatları kifayət etmir. Dövlət katibi C.Kerrinin moskvalı həmkarı S.Lavrova bağışladığı portfel də buna işarədir. Portfel diplomatiyada qarşı tərəfi qəbul etmə və etibar rəmzi hesab edilir. Rusiya kimi ABŞ-a da bu gün dünyada etibar qazanmaq çox gərəkdir. Maraqlıdır ki, rusiyalı ekspertlər son vaxtlar Amerika ilə barışığa vurğu edirlər: “Bizim ölkələrə normal münasibətlər saxlamaq və aranı pozmamaq lazımdır...”. Amerikanist S.Sudakov isə hesab edir ki, Kerri artıq Obamaya yox, Rusiyaya əl uzadacaq gələcək ABŞ prezidentinə işləyir... Bəs Qarabağı bizə kim hədiyyə edəcək: ABŞ, yoxsa Rusiya? Göründüyü kimi, Rusiya-ABŞ diplomatlarının zahirən çox mehriban, hətta zarafatlaşma, hədiyyələşmə şəraitində keçən görüşlərinin –“kartof” diplomatiyasının fonunda mənasız qırğınlara məruz qalan, qaçqın düşən, ac-susuz qalan, başqa min cür əziyyətlər çəkən digər ölkələrin, əsasən də müsəlman, türk ölkələrinin sadə nümayəndələridir. Və heç bir hədiyyə, heç bir görüş bu zülmləri dayandırmır... Yoxsa bu teatrallaşmış siyasətin son məqsədi elə budur? Bəlkə üzdə dolanmayan ABŞ və Rusiya elə “İŞİD-lə birgə mübarizə” adı altında müsəlman-türk dünyasını birgə hədəfləri seçiblər? İndiki zamanda siyasi suallara birmənalı cavab vermək çox çətindir. Heç politoloqlar da qəti cavab verə bilmirlər. Çünki onların da çoxu özləri bilərəkdən, ya bilməyərəkdən super güclər tərəfindən yönləndirilən siyasətin manipulyasiya, kütlələri çaşdırma vasitəsinə çevriliblər. Amma konkret bəhs etdiyimiz Kerri-Lavrov hədiyyələşməsi fonunda Azərbaycana baxanda bir suala qəti cavab vermək olar: istər ABŞ, istərsə də Rusiya bir-birilərinə çox şeylər hədiyyə edə bilərlər, çox məsələlərdə razılığa gələ bilərlər, amma heç biri Azərbaycana Qarabağı hədiyyə edən deyil... Geri dön |