Ana Sayfa > Araşdırma > Alimlər kainatda mövcud olan ulduzların ümumi sayını təyin ediblər

Alimlər kainatda mövcud olan ulduzların ümumi sayını təyin ediblər


7-02-2022, 09:09. Yazar: admin
Alimlər kainatda mövcud olan ulduzların ümumi sayını təyin ediblər

İnsan təmiz gecə səmasında 6000-ə yaxın ulduz görə bilər. Lakin bu, mövcud olan bütün ulduzların ümumi sayının çox kiçik bir hissəsidir. “Ulduzların çoxu elə uzaq məsafədə yerləşirlər ki, biz onları görə bilmirik. Buna baxmayaraq alimlər kainatda mövcud olan ulduzların ümumi sayının təyin olunması üçün üsul tapıblar” - deyə mütəxəssislər qeyd ediblər. Kainatda ulduz qruplarından, planetlərdən, qazdan və tozdan ibarət qalaktikalar mövcuddu. Yer kürəsi spiral formasında olan Süd Yolu qalaktikasında yerləşir. Kainatda fərqli formaya sahib qalaktikalar da mövcuddur. Məsələn onlar elliptik formaya sahib ola bilərlər. Kainatda mövcud olan ulduzların ümumi sayını təyin etmək üçün ilk öncə mövcud qalaktikaların ümumi sayını təyin etmək lazımdır. Məlumata əsasən astronomlar səmanın böyük olmayan hissələrinin detallı fotolarını çəkirlər və həmin fotolarda əks olunmuş qalaktikaların saylarını təyin edirlər.

Əldə edilmiş ümumi say bütün səmanı əks etdirmək üçün lazım olan fotoların ümumi sayına vurulur. Hesablamalara əsasən kainatda 2 trilyon qalaktika mövcuddur. Lakin alimlər mövcud olan 2 trilyon qalaktikada hansı sayda ulduzun olduğunu bilmirlər. Həmin ulduzların çox hissəsi o qədər uzaq məsafədə yerləşir ki, onları müşahidə etmək qeyri-mümkündür. Lakin alimlər Süd Yolu qalaktikasında olan ulduzların ümumi sayını təqribi olaraq təyin edə bilərlər. Süd Yolu qalaktikasındakı ulduzlar müxtəlif ölçülərə və rənglərə sahibdirlər. Məsələn bizim Günəş ağ rəngə, orta kütləyə və orta ölçüyə sahibdir və onun temperaturu 15 milyon dərəcə Selsi təşkil edir. Yüksək kütləyə və temperatura sahib olan ulduzların əksəriyyəti mavi rəngdə olur.

Buna misal olaraq Lira bürcündəki Veqa ulduzunu gətirmək olar. Kiçik kütləyə və temperatura sahib ulduzlar adətən qırmızı rəngdə olurlar. Buna misal olaraq Proksima Sentavr ulduzunu gətirmək olar. Qırmızı, ağ və mavi ulduzlar müxtəlif sayda işıq şüalandırırlar. Şüalanan işığı, onun parlaqlığını və rəngini ölçməklə alimlər Süd Yolu qalaktikasında hansı sayda ulduzun mövcud olduğunu təyin edə bilərlər. Bu üsul ilə alimlər təyin ediblər ki, Süd Yolu qalaktikasında təqribi olaraq 100 milyard ulduz mövcuddur. Süd Yolu qalaktikasını model rolunda istifadə edərək biz, orta statistik qalaktikada mövcud olan ulduzların ümumi sayını (100 milyard ulduz) kainatdakı qalaktikaların ümumi sayına vura bilərik. Beləliklə məlum olur ki, kainatda 200 sekstilyon (200 000 000 000 000 000 000 000) ulduz mövcuddur.

Technote.az
Geri dön