Ana Sayfa > Araşdırma > Turizm bölgələrində iki nəfər üçün Yeni il keyfi neçə manatdır? - ARAŞDIRMA

Turizm bölgələrində iki nəfər üçün Yeni il keyfi neçə manatdır? - ARAŞDIRMA


23-12-2021, 11:53. Yazar: admin
Turizm bölgələrində iki nəfər üçün Yeni il keyfi neçə manatdır? - ARAŞDIRMA
Yeni il bayramında ölkəmizdə beş gün qeyri-iş gününün olması insanlara qış turizminin zövq oxşadığı bölgələrdə dincəlmək, bayramı ürəklərincə qeyd etmək fürsəti verir. Bəs görəsən, Yeni il ərəfəsi hotellərdə qiymətlər necə, bayram günlərində dincəlməyə imkan yaradacaqmı?
DİA.AZ xəbər verir ki, Sputnik Azərbaycan Yeni il ərəfəsi turizm bölgələrimizdə fəaliyyət göstərən hotellərdə rezervasiya qiymətlərini araşdırıb.
5 ulduzlu hotellərdə bayram günlərinə rezervasiya mümkün deyil
Qəbələ rayonunda yerləşən, Qafqaz Hotellər Qrupundan Sputnik Azərbaycan-a bildirilib ki, 31-dən 3-dək qrupa daxil olan “Qafqaz Resort Hotel” və “Qafqaz Tufandag Hotel”də boş yer qalmayıb. Yalnız “Qafqaz Riverside Hotel”də dekabrın 31-nə boş yer qalıb ki, iki nəfər üçün qiymət Yeni il gecəsi konsert və şam yeməyi daxil olmaqla 960 manatdır. Ancaq səhər yeməyi daxil isə iki nəfərin həmin gün hoteldə istirahət xərci 768 manat təşkil edir. Hoteldən bildirdilər ki, yanvarın 4-dən sonra iki nəfərə istirahət üçün 400 manata otaq tapmaq mümkün ola bilər.
“Quba Şahdağ Hotel”də isə dekabrın 31-nə bir nəfərin səhər yeməyi daxil istirahəti 75 manat, iki nəfər üçün 85 manatdır. Amma Yeni il gecəsi şou proqramda iştirak etmək üçün müştəri əlavə 100 manat ödəməlidir. Bu xərcə şam yeməyi də daxildir.
Qusar Şahdağ Turizm Mərkəzindən bildirdilər ki, “Shahdag Hotel & Spa” və “Zirve Hotel”-də dekabrın 30-dan başlayaraq yanvarın 1-nə kimi ümumiyyətlə boş otaq tapmaq mümkün deyil. Buradan bildirdilər ki, biletlərin qiyməti 850-950 manatdan satılaraq qurtarıb. Qiymət məbləği isə otaqların panoramasına görə dəyişib.
Abşeron Hotellər Qrupa daxil olan “Qusar Pik Palace”-da dekabrın 31-i gecəsinə boş otaq qalmayıb. Buradakı digər “Park Chalet Hotel”də də dekabrın 30-dan 3-nə qədər boş yer tapmaq mümkün deyil. Onu da öyrəndik ki, 3 günlük iki nəfər üçün qala gecə və səhər yeməyi daxil otaqlar noyabrın son həftəsindən 2500 manatdan rezervasiya edilib. Qeyd etdilər ki, yanvarın 3-dən 9-na qədər bu hotellərdə günlük boş otaq rezervasiya qiymətləri 400-600 manat, 9-dan sonra 250-180 manata düşəcək.
Qiymətlər min manatdan yuxarıdır
“Lankaran Springs Wellness Resort”-da isə Yeni il gecəsi üçün dekabrın 31-dən yanvarın 2-dək iki nəfər üçün otaq qiyməti 1170 manatdır. Buraya gündəlik 3 dəfə qidalanma daxildir. Gələn ilin yanvar ayının 2-dən sonra iki nəfər üçün bu qiymət gündəlik 175- 245 manata enəcək.
Şəkidə “Marxal Resort & Spa”-da yanvarın 31-nə yalnız bir boş otaq qalıb. Bu balkonsuz lüks otağı 31-dekabr-1 yanvar tarixinə rezervasiya etmək 1190 manatdır. Bura səhər yeməyi və qala gecə daxildir. Yanvarın 2-dən bu hoteldə iki nəfər üçün standart nömrə 760 manat olacaq. Buraya Yeni il əyləncə proqramları, üç dəfə qidalanma daxildir.
“İsmayıllı Resort Hotel”də isə iki gecə, iki nəfər üçün Yeni il şənliyi və gecələmək 435 manatdır. “Ismayilli Guest House”da bu qiymət iki gecə iki nəfər üçün 1190 manatdır.
“Quba Palace Hotel”-də yeni il gecəsi daxil iki gün üçün dağ mənzərəli deluxe otaq 1550 manatdır. Göl mənzərəli deluxe otaq qiymətləri həmin tarixə iki nəfər üçün 1650, Manna Villası üçün 1850 manat təşkil edir.
Şəkidə “Narın Qala Resort”-da isə dekabrın 31-dən yanvarın 4-nə qədər ümumiyyətlə boş yer yoxdur.
“Shamakhi Palace Sharadil”də - 31-1-2 tarixlərinə iki nəfər üçün qala gecə daxil istirahət 1280 manatdır.
Kotec və kənd evləri də qiyməti bayrama görə bahalaşdırıb
Apardığımız araşdırma zamanı məlum oldu ki, bayram günlərində turizm bölgələrində koteclərdə qiymətlər də bahalaşıb. Qiymətlər bayram günləri üçün 210 manatdan başlayaraq 400 manatadək dəyişir. “Gabala Boutique House”-da bir gecə üçün qiymət 299 manatdır. “Deluxe Gabala”-da bu qiymət 171 manat, “Qafqaz White Villa”-da bir gecə üçün 450 manatdır.
Kənd evlərində qonaqlama qiymətləri isə bir gecə üçün 80 manatdan aşağı deyil. Qusarda isə bu qiymət 200-560 manat arasında dəyişir.
Məlum oldu ki, bayram günlərində istirahət üçün vaxt baxımından fürsət yaransa da, turizm bölgələrində qiymətlər çoxlarına bu fürsəti dəyərləndirməyə imkan verməyəcək.
Azulduzlu hotellər tikilməsə
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bayram günləri üçün hotellərdə qiymətlər dəfələrlə şişirdilib. Onun sözlərinə görə, bir hoteldə iki nəfərin qalma xərci hazırki qiymətlərlə üç dəfə bahalaşdırılıb: "Sözsüz ki, qiymətlər süni şəkildə şişirdilib. Regionlardakı hotellər qışda işləmədiyindən onun əvəzini bayram günlərindən çıxmaq istəyirlər. İki-üç gecə üçün qonaq qiyməti adambaşına ən azı üç dəfə bahalaşdırılıb. Ona görə ki, turizm bölgələrində hotellərin çoxu 5 və çoxulduzludur. Turizm bölgələrində azulduzlu hotellər inşa olunmalıdır ki, rəqabət mühiti yaransın. Az ulduzlu hotellərin inşası söhbəti 10-15 ildir ki, aparılsa da, hələ ki, nəticə yoxdur. Regionlarda iki-üç ulduzlu hotellər inşa edilməyənədək qiymətlər bu həddə qalacaq".
Ekspert deyir ki, azulduzlu hotellərin inşası stimullaşdırılmalıdır. Onun sözlərinə görə, regionlarda inşa olunacaq hotellər ən azı üç il vergidən azad edilməlidir ki, onların tikintisinə maraq yaransın.
Pandemiya bu işi də yubadıb
Dövlət Turizm Agentliyinin müşaviri Kənan Quluzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, turizm bölgələrində, ümumiyyətlə regionlarda az ulduzlu hotellərin inşası üçün dövlət öz üzərinə düşən işi görür: "Bizim işimiz təklifin həcminin artırılmasıdır. Bakı, Abşeron və Sumqayıtdan əlavə başqa regionlarda üç və daha az ulduzlu hotellərin inşasına güzəştlər edilir. Çox təəssüf ki, pandemiya dövründə turizm investisiyalarında azalma olub".
K.Quluzadə qeyd edib ki, digər istiqamət qonaq evləri ilə bağlıdır ki, bu da daha ucuz seqment sayılır: "Qonaq evləri ilə bağlı xüsusi proqram var. Qonaq evlərinə dövlət dəstəyi göstərilir. Amma bir məsələni nəzərə almaq lazımdır ki, turizm sektorunda qiyməti bazar formalaşdırır. Dövlət bu sahədə şərait yaradır və təşviq edir".
Geri dön