Ana Sayfa > Araşdırma > Zəngəzur və Laçın dəhlizinin hüquqi rejimi və ya Bakı ermənilərə “status” vermir - İNCƏLƏMƏ...

Zəngəzur və Laçın dəhlizinin hüquqi rejimi və ya Bakı ermənilərə “status” vermir - İNCƏLƏMƏ...


20-12-2021, 08:21. Yazar: admin
Zəngəzur və Laçın dəhlizinin hüquqi rejimi və ya Bakı ermənilərə “status” vermir - İNCƏLƏMƏ...

Zəngəzur dəhlizinin hüquqi rejimi məsələsi gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqlə Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı zamanı "Azad Avropa" radiosunun müxbiri Rikard Jozviakın sualını cavablandırarkən deyib ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır: “Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir".

İ.Əliyev xatırladıb ki, bu gün Laçın dəhlizində gömrük yoxdur: "Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması".

DİA.AZ xəbər verir ki, Prezidentin dəhlizlə bağlı rəsmi İrəvana mesajı barədə AYNA-ya danışan siyasi icmalçı Asif Nərimanlı deyib ki, Prezident Zəngəzur və Laçın dəhlizlərinin iş rejiminin eyni olmasını vurğuladı ki, əslində bu detal eyniləşdirməkdən uzaqdır, söhbət hər iki dəhlizin işləmək prinsipindən gedir: “Belə fikirlər var ki, Laçın dəhlizini Zəngəzur dəhlizi ilə eyniləşdirmək Qarabağda ermənilərin ayrı idarəçiliyə malik olduğunu qəbul etmək deməkdir. Halbuki rəsmi Bakının Qarabağla bağlı mövqeyi bəllidir. Fikrimcə, bu siyasi manevr idi və nəzəri də olsa nəticəsi oldu. Əliyev anlayır ki, Rusiya hər iki dəhlizə tərəflərin özlərinin nəzarət etməsini istəmir, o cümlədən, Ermənistan Zəngəzur dəhlizində nəzarət-buraxılış məntəqəsi qurmaq istəyir. Soçi görüşündə bu məsələ üzərində razılığın əldə olunduğu görünürdü, lakin İşçi Qrupunun iclasında Ermənistan imtina etdi”.

“Paşinyan Brüssel görüşünə ümid edirdi və bu görüşə qədər Putin-Mişel arasında telefon zəngi o ehtimalı önə çıxarır ki, Rusiya və Avropa İttifaqı bu məsələdə anlaşıblar, yaxud anlaşma perspektivi var. Burada Moskvanın Qərb cəbhəsini Minsk Qrupundan Avropa İttifaqına dəyişdirməsi siyasəti də görünür və bu, Bakının da marağındadır”, - deyə analitik qeyd edib.

A.Nərimanlı vurğulayıb ki, əslində Prezident Əliyevin Brüsseldə strateji addımlarından biri də məhz Aİ-ni oyuna daxil etmək idi: “Təbii ki, bunun qarşılığında Brüsselə də nəsə verilməli idi və fikrimcə, Ermənistanın dəhliz məsələsində istədiyini məhz Avropa masasında əldə etməsi Bakı tərəfindən idarəolunan proses idi. İlham Əliyev də prosesi gördüyü üçün görüş başlamamışdan öncə şərtini açıqladı. Bu mürəkkəb oyuna bənzəyir: Brüssel razılaşması praktiki mərhələdə işləsə, Azərbaycan Laçın dəhlizinə post qurmaq imkanı əldə edir. Bu torpaqlar bizimdir, təbii ki, istədiyimi edə bilərik, amma siyasi reallıqlar başqadır və ictimai rəydə nə qədər tələb olsa da, heç bir səbəb olmadan dəhlizə post qurmağımız hələki mümkün deyil. Bunun üçün səbəb lazım idi və Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi bizə bu əsası yaradır”.

“Biz Laçın dəhlizinə post qura bilsək, fikrimcə, müharibədən sonra ən ciddi nəticələrdən birini əldə etmiş olarıq: Qarabağa nəzarət və oradakı ermənilər üzərində idarəçilik imkanımızı artıra bilərik”, - Nərimanlı əlavə edib.

Siyasi icmalçının fikrincə, Laçın və Zəngəzur dəhlizinin eyniləşdirilməsinin Qarabağı ayrı ərazi kimi göstərmək məntiqi doğru deyil: “Birincisi, reallıqda bu əraziyə hələki nəzarət edə bilməsək də, beynəlxalq hüquqda bu ərazilər bizimdir və müharibədən sonra bu istiqamətdə böyük ölçüdə irəliləmişik. Yəni bir dəhliz müqayisəsinə görə Bakı ermənilərə “status” vermir. Ermənistanın gələcəkdə “dəhliz məntiqi” il çıxış edərək, “Qarabağ ayrı ərazidir” deməsi də sözdən başqa bir şey olmayacaq, onsuz da eyni sözü indi də deyirlər. İkincisi, Laçın dəhlizinə post qura bilsək, əslində Qarabağa idarəçiliyi böyük ölçüdə qazanmış olarıq və rus sülhməramlılarının təsir imkanlarını azaldarıq. Bu baxımdan, Əliyevin dəhlizi müqayisə etməsini siyasi manevr olduğunu düşünürəm”.

“Brüssel görüşü praktiki mərhələdə işləməsə və Naxçıvana gedən yol dəhliz məntiqi ilə açılsa, Laçın dəhlizi də dəhliz olaraq qalarsa, yenə qazanan tərəf Azərbaycandır. Biz Laçından dəhliz vermişik, əvəzində Ermənistandan dəhliz qazanırıq. Ermənistan Zəngəzur dəhlizinə gələcəkdə maneə yarada bilməyəcək, çünki burada təkcə bizim yox, region və dünya ölkələrinin də marağı var. Amma biz Laçın dəhlizinin nəzarət edə bilmək perspektivimiz var. Bakının Xankəndi və ermənilərin yaşadığı digər ərazilərlə bağlı planları da bunu deməyə əsas verir”, - analitik bildirib.

“Əliyev bu çıxışı ilə əslində Moskvaya mesaj verirdi. Yəni bizim üçün fərqi yoxdur, Zəngəzurdan dəhliz olmayacaqsa, Laçından da olmayacaq. Bununla məsələni Rusiya-Ermənistan müstəvisinə daşıyır və çıxacaq hər iki nəticədən biz yenə qazanırıq. Burada çox incə məqam Qarabağdakı ermənilərə də ünvanlanan mesajdır”, - siyasi şərhçi əlavə edib.

A.Nərimanlı vurğulayıb ki, Azərbaycan Prezidentinin çıxışından sonra Qarabağdakı ermənilər ciddi şəkildə narahatdırlar: “Rəsmi Bakı bununla ermənilərə göstərir ki, ümid etdiyiniz İrəvan bir dəhliz məsələsində sizi özündən uzaqlaşdırır və sizin yeganə çıxış yolunuz Azərbaycan bayrağının altından keçməkdir. Fikrimcə, Brüssel görüşünün praktiki nəticəsi olmasa belə, Əliyevin bu çıxışının Qarabağdakı ermənilər üzərində nəticəsi olacaq”.

“Son olaraq, indi əsas məsələ Brüssel görüşünün praktiki mərhələyə keçib-keçməyəcəyidir. Görüşün ümumi nəticələri Bakını da qane edir, bölgədə əsas “hakim” kimi çıxış edən Moskvanı da. Lakin dəhliz məsələsi açıq olaraq qalır. Rusiya hələki susur, amma dəhliz məsələsinə razı olacağı inandırıcı görünmür. Bundan sonrakı mərhələdə Moskva-İrəvan xəttində baş verənlərə baxmaq lazımdır, məsələlər artıq orada aydınlaşacaq. Bakı öz gedişini etdi və indi kənarda dayanıb nəticəni gözləyəcək”, - deyə analitik fikrini tamamlayıb.
Geri dön