Ana Sayfa > Araşdırma > Zəngəzur dəhlizi və ya regiona sülh gətirəcək yol - TƏHLİL

Zəngəzur dəhlizi və ya regiona sülh gətirəcək yol - TƏHLİL


8-05-2021, 10:13. Yazar: admin
Zəngəzur dəhlizi və ya regiona sülh gətirəcək yol - TƏHLİL



Bir çox beynəlxalq siyasi şərhçiyə görə, dünyada həlli mümkün görsənməyən üç münaqişə var idi. Buna “3K” (Karabakh, Kashmir, Krym) - Qarabağ, Kəşmir və Krım münaqişələri də deyirdilər. Çünki hər üç münaqişədə dəfələrlə təkrarlanan danışıqlar nəticəsiz qalırdı.
Digərləri ilə müqayisədə Qarabağ münaqişəsi olduqca mürəkkəb danışıqlar keçmişi olan açılmaz düyün idi. Hətta ermənilər əmin olmağa başlamışdılar ki, işğal etdikləri Azərbaycan torpaqları artıq onlara qalacaq. Lakin, bu belə olmadı...

Azərbaycan tərəfi real geosiyasi vəziyyəti düzgün oxudu, düzgün təhlil etdi və bu da möhtəşəm nəticəyə gətirib çıxardı. Bu, elə bir nəticədir ki, regionda marağı olan hər kəs Azərbaycanın yaratdığı yeni reallıqla razılaşmaq məcburiyyətində qaldı.

...Qafqaz regionu tarix boyu tez-tez böyük istilalara və müharibələrə şahidlik etmiş coğrafiya olub. Həmçinin, tarixdə elə məqamlar var ki, onlara qırılma nöqtəsi deyilir. Yəni, bir dövrün bağlanıb yeni bir dövrün açılmasına rəvac verir. İkinci Qarabağ müharibəsi də tarixin qırılma nöqtələrindən sonuncusudur. Çünki, bu müharibədən bütün dünya üçün çıxarılacaq nəticələr var. Həm hərbi baxımdan, həm siyasi-iqtisadi baxımdan, həm də humanitar baxımdan Azərbaycan yeni reallıqlar yaradıb. Bu, o qırılma nöqtəsidir ki, regionda terrora ümid bəsləyən, terrordan qidalanan dövlət və qruplaşmaların xəyalını puç etdi.

İkinci Qarabağ müharibəsinin nəticəsi region üçün böyük şanslar vəd edir. Tarixdə ilk dəfə regionun böyük intibah dövrünün yaşanmasına zəmin yaranıb. Azərbaycan tərəfinin yaratdığı reallıq regionu əməkdaşlığa, inkişafa və sülhə səsləyir. Azərbaycan artıq regionda münaqişə və yenidən müharibə istəmir. Ölkəmiz dünyada “Qafqaz” adının müharibə ilə deyil, inkişaf, sülh və imkanlar regionu kimi hallanmasına çalışır.

Bunun üçün ilk növbədə kommunikasiya xətlərinin açılması vacibdir. Ölkə başçımızın təkidi ilə 10 noyabr 2020-ci il tarixli bəyanata əlavə olunan (Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir.) bənd tarixi uğurdur və regionu terrorun, münaqişələrin məngənəsindən xilas etmək üçün böyük sığortadır.

Sözügedən nəqliyyat dəhlizi sadəcə Naxçıvanı blokadadan çıxarmır, eyni zamanda, tarixi ipək yolunu bərpa edir. Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün əhəmiyyət kəsb etmir. Bu yol həm də Pekindən Londona qədər nəhəng nəqliyyat dəhlizini özündə birləşdirir.

Düzdür, Ermənistan müxalifətindəki revanşist qüvvələr Azərbaycanın təklif etdiyi nəqliyyat dəhlizini Türk dünyasının qopmuş əlaqəsini bərpa edəcəyi barədə təbliğat aparmaqdadır. Lakin, bu qüvvələrin istər erməni xalqından, istərsə beynəlxalq ictimaiyyətdən ciddi dəstək alacağı gözlənilmir. Onsuz da Ermənistanın iqtisadi vəziyyəti göz qabağındadır və xalq bu kimi populist çıxışlara dəstək vermək istəmir. Erməni xalqı artıq reallığı anlaşamağa başlayıb. Onlar revanşist ideyaların ölkəni uçuruma aparacağının fərqindədilər. Bu mənada Zəngəzur layihəsi Ermənistanın xilas yolu ola bilər.

Bundan əlavə, əksər analitiklər sözügedən nəqliyyat dəhlizinin, digər adıyla Zəngəzur dəhlizinin regiona böyük iqtisadi güc qatacağını proqnozlaşdırır.

Bildiyimiz kimi, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında maraqlıdır. Zəngəzur dəhlizi açılacağı təqdirdə Şərq-Qərb nəqliyyat dəhlizi layihəsi reallaşmış olacaq. Bu da ölkəmizi regionun nəqliyyat qovşağı mərkəzinə çevirəcək. Ən əsası isə, Şərqdən Qərbə daşınacaq bütün yüklər üçün ən qısa marşrut məhz Zəngəzur dəhlizi olacaq. Həmçinin, Rusiyadan Orta Şərqə və Türkiyəyə, eyni zamanda, Türkiyədən Rusiyaya və Orta Asiyaya daşınacaq yüklər məhz Zəngəzur dəhlizi vasitəsilə çatdırılacaq.

Bundan əlavə, Zəngəzur dəhlizi təkcə iqtisadi baxımdan önəm daşımır. Qısa müddət ərzində beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək Zəngəzur həm də region üçün “sülh yolu” rolunu oynayacaq. Yəni, Zəngəzur yolu və ya Zəngəzur dəhlizi regionun sivilləşməsi, iqtisadi inkişafa yönəlməsi və eyni zamanda, terror meyllərindən aradan qaldırılması baxımından qaçırılmaz fürsətdir. Bu məsələdə yalnız Azərbaycan tərəfi deyil, Ermənistan da maraqlı olmalıdır. Çünki, bu dəhlizin açılması Ermənistanın iqtisadi blokadadan çıxması üçün əlavə imkanlar yaradacaq.

Bütün bunlarla yanaşı, Ermənistan xarici havadarlarının yönləndirmələri ilə Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkib, Bakı və Ankara ilə əməkdaşlığa yönələrsə qazanclı çıxacaq. Türkiyə artıq qlobal gücdür və regionda əsas söz sahibi dövlətlərdən biridir. Bu mənada Ermənistan tərəfi 44 günlük müharibədən sonra yaranmış yeni reallıqları anlayıb, buna inteqrasiya olacağı təqdirdə düşdüyü acınacaqlı vəziyyətdən xilas ola biləcək. Əks təqdirdə tarixi fürsəti əldən qaçırmış olacaq. Bu isə Ermənistan üçün yaxşı heç nə vəd etmir.

Vurğun Həsənli
Azvision.az

Geri dön